Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilmişdir

 

İyulun 31-də Daxili İşlər Nazirliyində (DİN) kollegiya iclası keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov iclası açaraq demişdir  ki, cinayətlərin qarşısının alınması və açılması, ictimai asayişin təmini sahəsində fəaliyyət davam etdirilmiş, insan hüquq və azadlıqlarının qorunması işi daha da yaxşılaşmış, kriminogen durum nəzarətdə saxlanılmışdır.

Nazir müavini polis general-leytenantı Vilayət Eyvazov geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, hesabat dövründə vətəndaşların 77 min müraciəti üzrə qanuni tədbirlər görülmüş, 4 min hüquqazidd əməlin qarşısı alınmış, 7 mindən çox vətəndaşa hüquqi yardım göstərilmişdir. "Təhlükəsiz Şəhər" sisteminin imkanlarından daha səmərəli istifadə edilmiş, nəticədə 3473 yol-nəqliyyat hadisəsi, 258 ictimai asayişin pozulması, 79 avtoxuliqanlıq, 41 yanğın, axtarışda olan 61 avtomobilsair müəyyən edilmiş, 28 cinayətin üstü açılmışdır. Qanunsuz saxlanılan 582 odlu silah, 26 mindən çox sursat götürülmüşdür.

Cinayətlərin açılması 3,8 faiz yaxşılaşaraq 87,2 faizə yüksəlmiş, açılmış cinayətlərin sayı 10 faiz çox olmuşdur.

Yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 47 təqsirləndirilən şəxs tutulmuş, İnterpolun  Milli Mərkəzi Bürosu tərəfindən 48 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyənləşdirilmişdir.

Narkotraffikə və insan alverinə qarşı mübarizədə görülən işlər də davamlı olmuşdur. Qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılmış, 63 nəfərdən ibarət 26 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, 27 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. "Xaşxaş" əməliyyat-profilaktik tədbirləri çərçivəsində ümumi çəkisi 236 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında həyata keçirilən tədbirlərlə 65 fakt aşkarlanmış, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Əməliyyat tədbirləri ilə 7 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanmış və qeyri-leqal dövriyyədən ümumi məbləği 22 min manat təşkil edən 2167 ədəd əskinas çıxarılmışdır.

Yol hərəkətinə nəzarət prosesində 10,2 faiz çoxya 450 minə yaxın qayda pozuntusu müəyyən edilmiş, 1013 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.

Məruzədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunların da ictimai asayişin keşiyində ayıq-sayıq dayandığı, qarşıya qoyulmuş məsul tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyi qeyd olunmuşdur.

Məruzə ətrafındakı müzakirələrdə çıxış edənlər görülmüş işlər və fəaliyyətdə yol verilmiş nöqsanlar, eləcə də, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə danışmışlar.

Kollegiya iclasına general-polkovnik Ramil Usubov yekun vurmuşdur.

 

 

Azərbaycan.- 2012.- 1 avqust.- S. 4.