Kəlbəcərli məcburi köçkünlər dövlət qayğısından razılıq edirlər

 

 Kəlbəcərlilər cari ilin altı ayını necə yola saldılar? Bu barədə rayon toplantısında geniş söhbət getmişdir. Hesabat məruzəsi ilə çıxış edən icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin ümumən qaçqın və məcburi köçkünlərin, eləcə də Kəlbəcər rayonunun sakinlərinə göstərdiyi tükənməz qayğı və diqqətdən danışmışdır. Sonra ayrı-ayrı idarə və müəssisə nümayəndələrinin məlumatları dinlənilmişdir.

Məruzədə və çıxışlarda minnətdarlıqla qeyd olundu ki, məcburi köçkünlər hər sahədə dövlətin tükənməz qayğısından bəhrələnirlər.

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"nda və həmin proqrama sonradan edilmiş əlavələrdə Kəlbəcər rayonu ilə bağlı 33 məsələ nəzərdə tutulmuşdu. Dövlətin köməyi ilə həmin məsələlər sistemli şəkildə həll olunur.

Son bir neçə il ərzində istismar müddəti başa çatmış fin tipli evlərdə müvəqqəti məskunlaşmış 596 ailə yeni inşa edilən qəsəbəyə, Bərdə rayonu ərazisindəki çadır düşərgəsində yaşayan 149 ailə, Ağdamın "Dördyol" və Aran  qəsəbəsində məskunlaşmış 200-dən çox ailə Yevlaxda tikilən çoxmərtəbəli yaşayış evlərinə köçmüşdür. Qəbələ rayonundakı turbazada müvəqqəti yer alan 133 ailəyə həmin rayonun Zarağan qəsəbəsində, Naftalan şəhərindəki sanatoriyalarda yaşayan 283 ailəyə isə Goranboy şəhərində yeni inşa edilmiş yaşayış evlərində hər şəraiti olan mənzillər verilmişdir.

Ümumiyyətlə, dövlətin köməyi sayəsində son üç ildə iki mindən çox kəlbəcərli ailə yeni mənzillərlə təmin olunmuşdur.

Göygöl rayonu ərazisindəki məcburi köçkünlər üçün iki yerdə beş yüz ailəlik qəsəbə salınması məqsədilə 60 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı sakinlərin bir nigaranlığı da dilə gətirildi. Qeyd olundu ki,  Göygöldə təzə qəsəbənin salınması 2010-2011-ci illərdə nəzərdə tutulsa da nədənsə bu mühüm ləngiyir. Çıxış edənlər ümidvar olduqlarını bildirdilər ki, həmin qəsəbə 2013-cü ilin planına daxil ediləcək və yaxın vaxtlarda onun inşası təmin ediləcəkdir. Ümumiyyətlə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ailələrin sayı yenə də çoxdur. Belə ki, cari ilin birinci yarısında bu barədə icra hakimiyyətinə 188 ərizə gəlmişdir. Bundan əlavə yerlərdə keçirilən səyyar qəbullarda və görüşlərdə səsləndirilən 34 tələb-təklifdən 24-ü mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı olmuşdur. Toplantıda o da xüsusi vurğulandı ki, məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur. Yerlərdə təbii qaz xəttinin çəkilməsi istiqamətində ardıcıl işlər görülür. Bu il may ayının 9-da Göygöl rayonundakı "Murovdağ" məcburi köçkün qəsəbəsində qaz xəttinin açılışı 351 ailənin böyük sevincinə səbəb olmuşdur. Digər yaşayış yerlərində də mənzillərə qaz çəkilişi davam edir.

Hesabat dövründə məcburi köçkünlərin müvəqqəti yaşadıqları ictimai binaların dam örtüklərinin dəyişdirilməsi, kanalizasiya, suelektrik xətlərinin təmir olunması sahəsində də xeyli görülüb. "Azəryolservis" ASC-nin köməyi ilə Bakı və Sumqayıt şəhərlərində 350, Gəncədə 2181, Tərtərdə 256, Samuxda 42, Şəmkirdə 128 ailənin müvəqqəti yaşadıqları binaların dam örtükləri, habelə kanalizasiya, işıq və su xətləri əsaslı surətdə təmir edilmişdir.

Dövlətin köməyi hesabına məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, yeni yerlərinin açılması sahəsində də xeyli görülmüşdür. Rayon icra hakimiyyətinin səyi ilə son illərdə 1630 nəfər məcburi köçkün daimi işlə təmin olunmuşdur. Toplantıda tələb edildi ki, məşğulluq mərkəzinin və rayonun digər idarə və müəssisələrinin rəhbərləri də əhalinin məşğulluğunun təmin edilməsinə ciddi səy göstərməlidirlər.

Ötən altı ay ərzində məktəblərin maddi-texniki təminatı rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Hesabat dövründə xeyli avadanlıq alınaraq məktəblərə paylanılmışdır. Xəzər rayonunun Mərdəkan qəsəbəsində fəaliyyət göstərən 14 saylı məktəb üçün bir neçə əlavə sinif otağı inşa edilmiş, istilik, kanalizasiya və rabitə sistemləri yenilənmişdir.

Həmişə olduğu kimi, rayon mərkəzi xəstəxanasının kollektivi qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün fəal çalışmış, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətcə yaxşılaşmasına səy göstərmişdir. 30 həkim, 80 nəfər orta ixtisaslı tibb işçisi əsasən Gəncə şəhərində, Göygöl, Samux rayonlarında və bir qismi isə Goranboyun ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə xidmət göstərir.

Bundan əlavə onlar digər rayonların səhiyyə işçiləri ilə birlikdə Ağdamdakı "Dördyol" qəsəbəsində, Goranboyun Yeni qəsəbəsində, Qaraçinar, Xarxaput, Aşağı Ağcakənd kəndlərində, Yevlaxda və Malbinəsi kəndində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə də xidmət edirlər.

Altı ay ərzində rayon icra hakimiyyətinə 317 müraciət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azdır. Toplantıda qeyd olundu ki, əgər yerlərdə icra orqanları və bələdiyyələr fəal işləsələr narazılıq, narahatlıq getdikcə azalar. Lakin bəzi icra nümayəndələri və bələdiyyə işçiləri vətəndaşları narahat edən problemləri öyrənmir, onların vaxtında həllinə lazımi kömək göstərmirlər. Bu yaxınlarda ərizə və şikayətlərə baxılması vəziyyəti  şura iclasında geniş müzakirə olunmuş, işdə yol verdikləri qüsurlara görə Seyidlər, Çəpli, Şurtan, Ağdaban kəndlərindəki icra nümayəndələrinə töhmət elan edilmişdir.

Lakin faktlar göstərir ki, Seyidlər və Çəpli kəndləri üzrə nümayəndəliklərinin işçiləri yenə də tənqiddən ciddi nəticə çıxarmamışlar. Tənqid və özünütənqid şəraitində keçən toplantıda adları çəkilən işçilərə, eləcə də Zəylik, Keştək, Çaykənd, Çıraq, Milli, Lev, Zülfüqarlı, Qılınclı, Yellicə, Hacıkənd kəndlərinin icra nümayəndələrinə axırıncı xəbərdarlıq edilməklə işdə dönüş yaradılması üçün vaxt verilmişdir.

Toplantı iştirakçıları dövlət başçısı İlham Əliyevə müraciət qəbul edərək məcburi köçkünlərə göstərilən qayğı və diqqətə görə dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 1 avqust.- S. 4.