Azərbaycan-Tacikistan əlaqələri yeni mərhələyə qədəm qoyur

 

Əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkədə möhkəm siyasi iradə var

 

Son illərdə Azərbaycanla əlaqələri sürətlə inkişaf edən ölkələrdən biri Tacikistandır. Uzun illər sovetlərin tərkibində olmalarına, xüsusən, coğrafi yaxınlıq, mədəni və mənəvi tellərlə bir-birinə bağlılıqlarına baxmayaraq, müstəqillik illərində Azərbaycan və Tacikistan arasında əlaqələrin inkişafı lazımi səviyyədə olmayıb. Lakin 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin yeni səhifəsini açdı.

O zaman aparılan müzakirələr, imzalanan sazişlər göstərdi ki, iki ölkə arasında bir çox istiqamətlər üzrə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Azərbaycan və tacik xalqlarının münasibətlərinin tarixində mühüm mərhələ kimi qiymətləndirilən  həmin səfərlər zamanı dövlət başçıları xüsusilə qeyd etmişdilər ki, əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var. Əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək üçün imzalanan sənədlər isə münasibətlərin inkişaf etdirilməsi üçün hüquqi bazanı daha da gücləndirmişdi.

Bunun nəticəsi olaraq aradan ötən 5 il ərzində Azərbaycanla Tacikistanın qarşılıqlı əlaqələri dinamik inkişaf edib, iki ölkə arasında dostluq və tərəfdaşlıq daha da güclənib. Bu dövrdə iki ölkə beynəlxalq müstəvidə də uğurla əməkdaşlıq edib, bütün məsələlərə eyni mövqedən yanaşıblar. Nəhayət, ötən il BMT Təhlükəsizlik Şurasının üzvlüyünə keçirilən seçkilərdə Tacikistan Azərbaycanın namizədliyini birmənalı şəkildə dəstəkləməklə ölkəmizin yaxın dostu və tərəfdaşı olduğunu nümayiş etdirdi.

Bu günlərdə Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə etdiyi rəsmi səfər isə çoxəsrlik dostluq telləri və ümumi mədəni dəyərlərlə, qədim ənənələrə malik mehriban münasibətlərlə bir-birinə bağlı olan iki dövlətin, tacik və Azərbaycan xalqlarının qarşılıqlı münasibətlərinin inkişafında daha bir addımdır. Ən əsası bu səfər  iki dövlətin başçısının Azərbaycan və Tacikistan respublikaları və onların xalqları arasında münasibətlərin inkişafına yeni təkan verməyə qarşılıqlı surətdə səy göstərmələrinin əyani təcəssümüdür. Prezident İlham Əliyev bu barədə deyib: "Xalqlarımız arasında tarixən çox yaxın qardaşlıq münasibətləri vardır. Bu münasibətlər dövlətlərimizin qarşılıqlı maraqları ilə möhkəmlənir. Biz beynəlxalq məsələlərdə, beynəlxalq qurumlarda da fəal əməkdaşlıq edirik. Bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Əlbəttə ki, Sizin ölkəni özümüzə dostqardaş hesab edirik. Bütün istiqamətlər üzrə fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvarıq. Buna görə də Sizin səfəriniz bizim münasibətlər üçün xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər əlaqələrimizin inkişafına yeni təkan verəcək və gələcəkdə ölkələrimizin və xalqlarımızın rifahı naminə iki dost, qardaş dövlət kimi fəal qarşılıqlı əlaqə saxlayacağıq".

Prezidentlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşlərində bir çox məsələlər ətrafında danışıqlar aparıldı. Bu görüşlərdə konkret iqtisadi əməkdaşlıq layihələri də müzakirə edildiiqtisadi əlaqələrin fəallaşdırılmasına dair yeni təşəbbüsləri və təklifləri qısa müddətdə hazırlamaq üçün nümayəndə heyətlərinin üzvlərinə tapşırıqlar verildi. Bunlar energetika, iqtisadiyyat, sənaye, habelə investisiya məsələlərinə aiddir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  görülən tədbirlər nəticəsində ölkələrimiz arasında əmtəə dövriyyəsini qısa müddətdə xeyli, ola bilsin ki, dəfələrlə artırmağa nail olacağıq.

Bu səfər zamanı imzalanan  "Azərbaycan Respublikası PrezidentininTacikistan Respublikası Prezidentinin Birgə Bəyanatı", "Bakı Dövlət UniversitetiTacikistan Milli Universiteti arasında əməkdaşlıq haqqında Müqavilə", "Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Tacikistan Respublikası Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikası Kənd Təsərrüfatı NazirliyiTacikistan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Xarici İşlər NazirliyiTacikistan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol", "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında gənclərlə idman sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında təhsil sənədlərinin, elmi dərəcələrin və elmi adların qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq üzrə Proqram" hər iki ölkənin əlaqələrin bütün istiqamətlərdə inkişaf etdirilməsində maraqlı olmasından xəbər verir.

Qeyd edək ki, Xəzər və Qafqaz regionunda Azərbaycan, Mərkəzi Asiyada isə Tacikistan regional məsələlərdə mühüm rol oynayır. Elə buna görə də iki ölkənin öz səylərini birləşdirməklə, xüsusən, iqtisadi-ticari və nəqliyyat-tranzit sahələrində əməkdaşlığında böyük uğurlar qazanacaqları şübhəsizdir. Ən azından, bunun üçün iki ölkənin möhkəm siyasi iradəsi var. Bu mənada Prezident Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ölkəmizlə Tacikistan arasında səmərəli və dinamik əməkdaşlığın, qarşılıqlı əlaqələrin kompleks inkişafına impuls verəcək, yeni keyfiyyət mərhələsinə qalxmasına səbəb olacaq.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 2.