Hər iki ölkə bir çox sahələrdə əməkdaşlıq məsələlərinə önəm verəcək

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Peruya səfəri çərçivəsində bu ölkənin Konqresinin sədri Viktor İsla Rojes ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə V.Rojes E.Məmmədyarovu Peru parlamentində görməkdən məmnun olduğunu demiş və bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Peru konqresmenlərinin keçən il Azərbaycana səfərdən xoş təəssüratlarla qayıtdığını xatırladan V.Rojes nümayəndə heyəti tərəfindən Peru parlamentində Azərbaycan ilə dostluq qrupunun yaradılması barədə təklifin verildiyini demişdir.

E.Məmmədyarov səfərin əsas məqsədlərindən birinin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın qurulması imkanlarının müzakirəsi olduğunu vurğulamışdır. Nazir bu istiqamətdə parlamentlərarası əməkdaşlığın önəmli rol oynaya biləcəyinə əminliyini bildirmişdir. Peru parlamentində ölkəmiz ilə dostluq qrupunun yaradılması barədə təklifi alqışlayan E.Məmmədyarov Azərbaycanın qanunverici orqanında da Peru ilə dostluq qrupunun yaradılması barədə təkliflə çıxış edəcəyini demişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 3.