Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasında icmaların rolunun gücləndirilməsi ilə bağlı seminar keçirilmişdir

 

Avqustun 3-də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda (MKSİF) məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasında icmaların rolunun gücləndirilməsi ilə bağlı seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, seminarı açan fondun direktoru Ayaz Orucov rəhbərlik etdiyi qurum ilə Dünya Bankı arasında imzalanmış müqavilənin əhəmiyyətindən danışmışdır. Vurğulanmışdır ki, özündə üç komponenti birləşdirən müqavilənin əsas məqsədi ictimai yaşayış yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsidir. İki il ərzində məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda həll edilməsi daha vacib olan problemlər araşdırılmış, onların aradan qaldırılması üçün bir sıra işlər görülmüşdür.

A.Orucov qeyd etmişdir ki, yataqxanalarda həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, yeni yaşayış massivləri də tikilməkdədir. Növbəti üç-dörd il ərzində Bakıdakı yataqxanalarda məskunlaşmış bütün məcburi köçkün ailələri yeni, müasir tələblərə cavab verən mənzillərə köçürüləcəkdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışmışdır. Bildirilmişdir ki, 2001-ci ilədək Bakıda məskunlaşmış əksər məcburi köçkün ailələri ya yataqxanalarda, ya da tikintisi yarımçıq qalmış binalarda çətin vəziyyətdə yaşamağa məcbur olmuşlar. Sonrakı illərdə Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu baxımdan ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Prezident İlham Əliyev də məcburi köçkünlərə, onların sosial problemlərinin həllinə daim diqqət göstərir.

G.Fərhadov vurğulamışdır ki, məcburi köçkünlərin daim dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu sübut edən ən mühüm göstəricilərdən biri də "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunun qəbul edilməsidir. Azərbaycan artıq bu sahədə öz uğurlu strategiyasını həyata keçirməkdədir.

Komitənin sədr müavininin sözlərinə görə, qarşıya qoyulan əsas məqsədlərdən biridaha ağır şəraitdə yaşayan məcburi köçkünlərin mərhələli şəkildə məskunlaşdırılmasıdır. İndiyədək 21 mindən çox məcburi köçkün yeni istifadəyə verilmiş 71 qəsəbədə məskunlaşdırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla şöbəsinin müdir müavini Məhəmməd Məhərrəmov və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankı) infrastruktur üzrə mütəxəssisi Nicat Vəliyev məcburi köçkünlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışlar. Bildirilmişdir ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra MKSIF-in fəaliyyəti ilə bağlı film nümayiş olunmuşdur.

MKSİF-in icma səfərbərliyi üzrə meneceri Nərmin Osmanlı "İcma səfərbərliyi anlayışı və əsas prinsipləri" mövzusunda təqdimatla çıxış etmişdir.

Sonda "İcma komitəsinin idarə edilməsi", "İcma fonduicma sərmayə payı" və "İcma səfərbərliyi: çətinliklər və imkanlar" mövzuları işçi qrupların müzakirəsinə çıxarılmışdır.

 

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 3.