Bodrumda Azərbaycan diaspor təşkilatlarının forumu çərçivəsində II və III panel iclasları keçirilmişdir

 

Avqustun 6-da Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda forum işini davam etdirmişdir.

Forumun "Xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi sahəsində qarşıda duran problemlər və onların həlli yolları" mövzusunda II panel iclasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak etmişlər.

N.İbrahimov iclası açaraq bildirmişdir ki, dünyanın bir çox ölkələrində güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Bizim diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Lakin diasporun gücünü, potensialını təsdiq edən əsas amillərdən biri onun ictimai-siyasi həyata təsir imkanlarının olmasıdır. Bu baxımdan soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatına daha fəal inteqrasiya etməlidirlər. N.İbrahimov panel iclasında soydaşlarımızın ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələrin, mövcud problemlərin müzakirə ediləcəyini bildirmişdir.

Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samirə Patzer-İsmayılova xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi həyata inteqrasiyasının milli-mənəvi dəyərlərin qorunması kontekstində reallaşdırılmasının daha düzgün yol olduğunu vurğulamışdır. Tarixi, sosial, siyasihüquqi şərtlərin inteqrasiya prosesinə ciddi təsir göstərdiyini bildirən S.Patzer-İsmayılova müxtəlif sosial təbəqələrin təmsilçilərinin cəmiyyətə inteqrasiyasının bir-birindən fərqləndiyini söyləmişdir. Rəhbərlik etdiyi təşkilatın bu sahədəki təcrübəsi haqqında məlumat verən AAK-ın prezidenti mövzu ilə bağlı təkliflərini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan cəmiyyətləri fəaliyyət göstərdiyi ölkələrin parlamentlərinə inteqrasiya olunmalı, seçki proseslərinə qoşulmalı, bələdiyyələrlə əlaqələr qurmalıdır. Bundan başqa, diaspor təşkilatlarının nəzdində inteqrasiya komitələri yaradılmalı, KİV-lərlə əlaqələr qurulmalı, soydaşlarımız ictimai təşkilatlara qoşulmalı, mədəniyyət layihələrinin sayı artırılmalıdır.

Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov azərbaycanlı gənclərin yaşadıqları ölkələrdə xalqımızı layiqincə təmsil etdiklərini bildirmişdir. Qeyd edilmişdir ki, bu gün azərbaycanlı gənclər dünyanın müxtəlif ölkələrində təhsil alırlar. Onların hər biri həm də təmsil etdiyi dövlətin, xalqın maraqlarını müdafiə edir. R.Məmmədov xarici ölkələrin KİV-ləri, ictimai-siyasi dairələri ilə əlaqələr qurulmasının vacibliyini qeyd etmişdir.

Azərbaycan İsveç Federasiyasının sədri Səttar Sevgin bildirmişdir ki, azərbaycanlılar cəmiyyətə inteqrasiya etməklə dilinimilli kimliyini də qorumalıdırlar. O, cəmiyyətə inteqrasiyanın ən vacib şərtinin yaxşı vətəndaş kimi özünü təsdiqləmək olduğunu vurğulamışdır.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri tədbirdə Baltikyanı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları adından çıxış etmişdir. O, Baltikyanı ölkələrin birində xaricdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası mövzusunda forumun keçirilməsi təklifini irəli sürmüşdür. Cəmiyyətin sədri keçiriləcək forumun formatı, müzakirə ediləcək məsələlər və qəbul ediləcək qərarlar barədə Baltikyanı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təklifləri barədə də məlumat vermişdir.

Sonra "Azərbaycan diaspor təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrin ictimai-siyasi dairələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi" mövzusunda III panel işə başlamışdır. Paneldə çıxış edən N.İbrahimov bildirmişdir ki, Dünya azərbaycanlılarının III qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrindən biri xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi həyatda fəal iştirakı ilə bağlı idi. İndi bir çox ölkələrdə Azərbaycan diaspor təşkilatlarının potensialı ictimai-siyasi proseslərə fəal şəkildə qoşulmağa imkan verir. Lakin bunun konkret mexanizmlərini müəyyənləşdirmək lazımdır. Komitə sədri azərbaycanlıların yaşadıqları ölkələrin parlamentlərində, dövlət və hökumət strukturlarında təmsil olunmalarının, KİV və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq qurmalarının zəruriliyini vurğulamış, bu  istiqamətdə qarşıda mühüm vəzifələrin durduğunu bildirmişdir. Ona görə də bu toplantı bütövlükdə Azərbaycan diasporu üçün vacib əhəmiyyətə malikdir.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Türkiyədə dövlət və hökumət orqanları ilə əlaqələrin inkişafı istiqamətində həyata keçirilən layihələrin əhəmiyyəti barədə danışmışdır.

Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru Adil Bağırov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı məlumat verərək bildirmişdir ki, ötən müddətdə təşkilat ABŞ-ın ictimai-siyasi dairələrinə, dövlət və hökumət orqanlarına, KİV və QHT-lərə 350 mindən çox məktub göndərmişdir. Təşkilatın səyləri nəticəsində ABŞ mətbuatında Azərbaycan haqqında 250-dən çox məqalə dərc olunmuşdur. 20 Yanvar faciəsi, Xocalı və 31 Mart soyqırımlarının tanınması ilə bağlı qərarların qəbul edilməsinə nail olunmuşdur. USAN-ın yeni layihə həyata keçirməyi planlaşdırdığını bildirən A.Bağırov demişdir: "Biz Qlobal Azərbaycan Şəbəkəsi yaratmağı planlaşdırırıq və bütün diaspor təşkilatlarını bu layihədə fəal iştirak etməyə dəvət edirik".

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynov ötən müddətdə təşkilatın dövlət və hökumət orqanları ilə əlaqələri, azərbaycanlıların cəmiyyətə inteqrasiyası, mədəni irsimizin təbliği sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışdır. Siyasi dairələrlə əlaqələrin qurulmasının ÜAK-ın regional təşkilatı üçün prioritet təşkil etdiyini vurğulayan İ.Hüseynov xaricdə yaşayan azərbaycanlı adamları arasında işgüzar əməkdaşlığın yaradılmasının zəruriliyini vurğulamışdır. İ.Hüseynov növbəti Rusiya-Azərbaycan iqtisadi forumunun Ulyanovskda keçirilməsi təklifi ilə də çıxış etmişdir.

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Məclis sədri Akif Gülməmmədov diaspor təşkilatlarının rəhbərliyində qadınların daha çox təmsil olunmasının zəruriliyini qeyd etmişdir. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə qeydiyyatı ilə bağlı problemlərin mövcud olduğunu bildirmişdir.

Panel iclasına yekun vuran N.İbrahimov müzakirələrin Azərbaycan diasporunun ictimai-siyasi fəallıq səviyyəsinin artırılmasına, KİV-lərlə və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.

 

* * *

 

Forum çərçivəsində bir sıra görüşlər keçirilmişdir. Avqustun 5-də forum çərçivəsində Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşmüşlər. Görüşdə Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyəti, təşkilatın gələcək planları, habelə regional bölmələr arasındakı əməkdaşlığın mövcud vəziyyətinə dair müzakirələr aparılmışdır. UAK regional təşkilatlarının rəhbərləri onları narahat edən məsələlər barədə məlumat vermiş, təşkilatın cari il iyulun 7-də keçirilmiş hesabat-seçki konfransı barədə fikirlərini bildirmişlər.

Əli Həsənov Ukrayna Azərbaycanlıları Konqresinin böyük bir təşkilat olduğunu bildirərək, qurumun bu ölkədə yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin yaradılmasında  mühüm rol oynadığını demişdir. Şöbə müdiri qeyd etmişdir ki, Ukraynada fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatlarının UAK-da təmsil olunması konqresin gücünü və təsir imkanlarını daha da artırar.

Nazim İbrahimov Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği, soydaşlarımızın cəmiyyətə inteqrasiyası sahəsində UAK-ın bir sıra uğurlu layihələr həyata keçirdiyini qeyd etmiş, təşkilatı daha da gücləndirməyə ehtiyac olduğunu vurğulamışdır. Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin UAK-ın daha güclü, nüfuzlu bir təşkilata çevrilməsi üçün zəruri dəstək verməyə hazır olduğunu diqqətə çatdırmışdır. 

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, komitə sədri Nazim İbrahimov görüşdə qaldırılan məsələlərlə bağlı diaspor təşkilatları rəhbərlərinə tövsiyələrini çatdırmışlar.

Həmin gün xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası, diasporlobbi quruculuğu sahəsində qarşılaşdıqları problemlər və onların həlli yollarının müzakirəsinə həsr olunmuş görüş keçirilmişdir.

Görüşdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov təşkilatın fəaliyyəti haqqında məlumat vermiş, təşkilat üzvlərinin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə çalışdıqlarını diqqətə çatdırmışdır. O, Ukraynada keçiriləcək parlament seçkilərində və Kiyev şəhər Sovetinə seçkilərdə iştirak edəcək azərbaycanlı gənclər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, soydaşlarımız Ukraynanın ictimaisiyasi strukturları ilə yaxından əməkdaşlıq edirlər.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) nümayəndəsi Emin Hacıyev "Xocalıya ədalət!" kampaniyası kimi önəmli layihələrə bütün diaspor təşkilatlarının qoşulmasını və bu təcrübədən yararlanaraq başqa kampaniyalara başlanmasını təklif etmişdir. O qeyd etmişdir ki, silsilə tədbirlərin təşkili bütün diaspor təşkilatlarının sıx əməkdaşlığına xidmət edərdi. 

RAGT-nin nümayəndəsi Hikmət Nağdəliyev 2013-cü ildə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə hər ölkədən iki əcnəbi gənci Azərbaycan ilə tanış etmək məqsədilə onların yay tətilinin 10 gününü ölkəmizdə keçirmələri təklifini irəli sürmüşdür. O, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olan əcnəbi gənclərin öz ölkələrində respublikamızın təbliğ olunmasında fəal rol oynaya biləcəklərini vurğulamışdır.

Müzakirələr zamanı 2013-cü ildə Dünya Azərbaycanlı Gənc Alimlərin forumunun təşkili ideyası da səslənmişdir. Növbəti il xaricdə təhsil alan aparıcı elm ocaqlarının jurnalistika fakültəsinin əcnəbi və azərbaycanlı gənc tələbələri üçün "Azərbaycanı kəşf et" şüarı altında ölkəmizə səfərlərin təşkil edilməsi təklifi irəli sürülmüşdür.

Avqustun 6-da Bodrumda forum çərçivəsində Ümumrusiya Azərbaycan Konqresi regional təşkilatları rəhbərlərinin görüşü keçirilmişdir.

ÜAK-ın baş katibi Mikayıl Hüseynov, Mərkəzi Şurasının üzvü, professor Tofiq Məlikov, Moskva regional təşkilatının sədri İlqar Hacıyev, ÜAK baş katibinin müavini Nemət Nağdəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini Rizvan Əliyev görüşdə iştirak etmişlər.

Görüşdə ÜAK-ın fəaliyyətinin gücləndirilməsi, regional təşkilatların fəaliyyətinin daha yaxşı koordinasiya olunması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Regional təşkilatların rəhbərləri onları narahat edən problemlər haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, ÜAK-ın mərkəzi ofisi ilə regional təşkilatlar arasında daha intensiv məsləhətləşmələr aparılmalı, təcrübə mübadiləsi genişləndirilməlidir.

Rusiyada yaşayan azərbaycanlı miqrantların qarşılaşdıqları problemlər haqqında məsələlərin də müzakirə olunduğu görüşdə çıxış edənlər regional təşkilatların rəhbərləri arasında operativ məsləhətləşmələrin aparılması üçün internet konfransların təşkilinin zəruriliyini vurğulamışlar. Bundan başqa, Mərkəzi Şura iclaslarının daha açıq müzakirələr şəklində keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, mədəni irsimizin təbliği, Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.

Həmin gün Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin görüşü olmuşdur. Görüşdə AAK-ın gələcək fəaliyyəti ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

AAK-a üzv təşkilatların rəhbərləri Avropa ölkələrində Azərbaycan həqiqətlərinin təbliği, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması sahəsində problemləri müzakirə etmişlər.

Görüşdə diaspor nümayəndələri Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması sahəsində vəziyyətlə bağlı öz fikirlərini bildirmişlər.

Qeyd olunmuşdur ki, ötən müddətdə Azərbaycan diaspor təşkilatları bir sıra uğurlu layihələr həyata keçirsə də, onların fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac vardır. AAK üzvləri müasir metodlar əsasında Azərbaycanın Avropada daha yaxından tanıdılmasına xidmət edən təbliğat kampaniyalarının təşkilinin məqsədəuyğun olduğunu vurğulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 8 avqust.- S. 2.