Öz yazdıqlarını yaşayan insan...

 

Hamı kimi ölməsə də, hamı kimi doğuldu - Azərbaycanda, Naxçıvanın Çərçiboğan kəndində. İlk təhsilini həmin kənddə aldı, elə ali təhsilini də orada - Naxçıvan Dövlət Universitetində başa vurdu, tarix müəllimi kimi doğulduğu kənddə fəaliyyətə başladı. Sonra həmin universitetdə hüquq təhsili alsa da, onun həyat yolu, həyat missiyası jurnalistika, qəzetçilik idi. Bunu hamıdan əvvəl özü hiss etmişdi və hələ orta məktəbdə oxuyarkən bu arzusunu, hissini dilə də gətirmişdi:

 

Jurnalist olmaqçün, inanın ki, mən

Keçərəm hər oddan, hər çətinlikdən.

Əgər bu arzuma çata bilməsəm,

Küsərəm mən yalnız öz taleyimdən.

 

Elə bu arzu ilə 1990-cı ildə "Təşviqatçı" jurnalının xüsusi müxbiri kimi Naxçıvanda jurnalistlik fəaliyyətinə başladı. Sonrakı illərdə müəllimlikdən birdəfəlik uzaqlaşaraq "Sovet kəndi", "Bərəkət", "Həyat" qəzetlərinin Naxçıvan üzrə xüsusi müxbiri vəzifələrində çalışdı. Blokada şəraitində yaşayan və müəyyən çətinliklərlə yanaşı, həm də gündən-günə inkişaf edən, gözəlləşən Naxçıvanın ictimai-siyasi həyatına, günümüzün aktual problemlərinə işıq salan, duruluq gətirən yazıları ilə hamının diqqətini cəlb edə bildi. Elə bu xidmətlərinə görə Azərbaycanın və Naxçıvanın əməkdar jurnalisti adına layiq görüldü, II, III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçildi, tarix üzrə fəlsəfə doktoru oldu. Yeddi ildən artıq böyük ənənəyə malik "Şərq qapısı" qəzetinin başında durdu və onlarla yeni, gənc jurnalistin formalaşmasında əvəzsiz rol oynadı.

Hələ 2006-cı ildə 85 illik yubileyi bütün Azərbaycanda geniş qeyd edilən "Şərq qapısı" qəzeti haqqında müxtəlif rəylər içərisində tanınmış jurnalist, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun bir fikri diqqəti daha çox cəlb edir: "Dünyaya mütəfəkkirlər bəxş etmiş qədim Naxçıvan torpağında düz 85 il öncə ilk sayı işıq üzü görən "Şərq qapısı" qəzetinin adı təkcə coğrafi məzmun kəsb etmir. Bu qəzet Şərqin ən gözəl dəyərlərinə doğru açılan bir qapıdır. Sürətlə Qərbləşərək qoca Şərqə məxsus mütərəqqi dəyərlərin, mentalitetin gözdən salınmasına cəhd göstərən müasir dünyamızda bu cür "qapılar"a böyük ehtiyacımız vardır".

Vaxtsız həyatdan gedən Məmməd Məmmədov məhz uzun illər bu böyük məsuliyyəti hər gün çiyinlərində duyaraq "Şərq qapısı" qəzetinə rəhbərlik etmişdi.

Məmməd Məmmədovun sonrakı yaradıcılıq yolu "Azərbaycan" qəzetilə bağlıdır. 1996-cı ilin yanvarından ömrünün son gününə kimi o, "Azərbaycan" qəzetində fəaliyyətini davam etdirdi.

"Son gün" isə özünü çox gözlətmədi. Həmişə yaşamağa, yaratmağa tələsən Məmməd Məmmədov o gün - 19 may 2011-ci ildə daha çox tələsdi, yaxınları ilə qəzaya düşdüöz avtomobilini həyatının bir parçası kimi ordaca, həmin yol kənarında birdəfəlik atıb getdi...

Özündən sonra böyük bir boşluq qaldı və bu boşluğu doldurmağa çalışan dostların, yaxınların səyi, köməyi ilə işıq üzü görən bir xatirə kitabı. O kitab belə də adlanır: "Mətbuatda yaşayan işıq". Naxçıvanda "Əcəmi" nəşriyyatında nəşr olunub. Bu kitabın tərtibatçıları Məmməd Məmmədovun yaxınları Vüsar Məmmədov və Elxan Yurdoğlu, ön sözünün müəllifi isə akademik İsa Həbibbəylidir. Kitab mərhum jurnalistin ölümü və 50 illik yubileyi ərəfəsində ayrı-ayrı qəzet və jurnallarda dərc olunan xatirə yazılarından, mətbuatın aktual problemlərinə həsr olunan məqalələrdən, ayrı-ayrı illərdə nəşr olunan kitabları haqqında resenziyalardan və müsahibələrdən, eləcə də uşaqlıq illərini, məktəb və universitet çağlarını, "Şərq qapısı" qəzetində çalışdığı dövrü və ailə həyatını əks etdirən fotolardan ibarətdir.

Fotolar isə rəngli, rəngsiz, ən əsası hər birində ömrün böyük bir yükü, sevinci, rahatlığı, dərdi... Əslində, bizə, hər birimizə özümüzdən sonra qalan da elə bunlardır - yoldaşların, dostların sevgisi, məhəbbəti, doğmaların, yaxınların isə heç bir kitaba, fotoya sığmayan kədəri, həsrəti...

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 8 avqust.- S. 5.