Bodrumda Azərbaycan diaspor təşkilatlarının forumu başa çatmışdır

 

Avqustun 7-də Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda forumun IV panel iclası keçirilmişdir.

"Azərbaycan diaspor təşkilatlarının insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla əməkdaşlığı" mövzusunda keçirilən iclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edərək bildirmişdir ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin prioritet istiqamətlərindən biri də soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsidir. Bu sahədə ötən müddət ərzində müəyyən işlərin görüldüyünü deyən N.İbrahimov dünyanın bir sıra ölkələrində azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan mərkəzlərin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. Bir çox ölkələrdə soydaşlarımızın hüquqlarının pozulması hallarının olduğunu qeyd edən komitə sədri azərbaycanlıların hüquqi maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyini vurğulamışdır. O, xüsusilə Gürcüstanda son illərdə azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirmişdir.

Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional təşkilatının sədri İlqar Hacıyev çıxışında qurumun hüquq-müdafiə mərkəzlərinin fəaliyyəti haqqında məlumat vermişdir. O, azərbaycanlıların hüquqlarının qorunması, soydaşlarımıza hüquqi yardımların göstərilməsi sahəsində görülən işlər, təşkilatın Rusiyanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələri barədə də danışmışdır. İ.Hacıyev soydaşlarımızın bir çox hallarda öz hüquqlarını bilmədiklərinə görə də problemlərlə qarşılaşdıqlarını vurğulamışdır.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov soydaşlarımızın Avropa ölkələrində hüquqlarının qorunması sahəsində görülmüş işlər haqqında məlumat vermişdir. S.Qasımov hər bir ölkədə azərbaycanlı icmanın etnik qrup statusu əldə etməsinin həm azərbaycanlıların hüquqlarının müdafiəsi, həm də onların cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, eyni zamanda, xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor quruculuğu işində daha fəal iştirak etmələrinin vacibliyini vurğulamışdır.

Çukurova Universitetinin professoru, Azərbaycanın əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı problemlərdən danışmışdır. C.Novruzov xarici ölkələrdə, xüsusilə də Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin mənfi təsirlərə məruz qalmalarının qarşısının alınması üçün Azərbaycan dövlətinin ayırdığı maliyyə vəsaiti hesabına yataqxanaların açılmasını təklif etmişdir.

Gürcüstanda Etnik Azərbaycanlıların İctimai Maraqlarının Müdafiəsi Koalisiyasının rəhbəri Zaira Musayeva Gürcüstanda yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində mövcud vəziyyət haqqında məlumat vermişdir. Z.Musayeva bu sahədə müəyyən işlər görüldüyünü, lakin qarşıda hələ kifayət qədər vəzifələrin dayandığını bildirmişdir.

Panel iclası başa çatdıqdan sonra forumun yekun toplantısı keçirilmişdir. Nazim İbrahimov müzakirələrdə fəal iştirak etdiklərinə görə forumun bütün iştirakçılarına təşəkkür etmişdir. Komitə sədri forum çərçivəsində keçirilən panellərdə və görüşlərdə aparılan müzakirələrin kifayət qədər səmərəli olduğunu, maraqlı təkliflərin irəli sürüldüyünü vurğulamışdır.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumda aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirmişdir. İrəli sürülən təkliflərin hər birinin araşdırılacağını bildirən Əli Həsənov xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor təşkilatları ilə fəal əməkdaşlıq etmələrinin vacibliyini qeyd etmişdir.

Əli Həsənov Cahangir Novruzovun azərbaycanlı tələbələrin kənar mənfi təsirlərə məruz qalması ilə bağlı narahatlığını da bölüşdüyünü, bu sahədə müvafiq tədbirlərin görülməsi ilə bağlı təklifləri dəstəklədiyini diqqətə çatdırmışdır. Mürəkkəb qlobal siyasiiqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşdüyünü deyən Prezident Administrasiyasının rəsmisi Azərbaycan dövlətinin də xaricdə yaşayan soydaşlarımızın mənafelərini hər zaman nəzərə aldığını vurğulamışdır. Qeyd edilmişdir ki, bu cür tədbirlərin məqsədi xaricdə yaşayan azərbaycanlılar arasında əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaq, soydaşlarımızın problem və qayğılarını öyrənmək, bu problemlərin həlli yollarını tapmaqdan ibarətdir. Bu forum bir daha təsdiq edir ki, Azərbaycan dövləti hər bir azərbaycanlının arxasındadır, ona dayaqdır.

Şöbə müdiri aparılan müzakirələrin, qəbul olunmuş qərarların Azərbaycan diasporunu daha da gücləndirəcəyinə inandığını söyləmişdir. Əli Həsənov demişdir: "Biz heç bir diaspor təşkilatına göstəriş verə, onların fəaliyyəti ilə bağlı qərar qəbul edə bilmərik. Biz yalnız sizə müəyyən tövsiyələr verə, qəbul etdiyiniz qərarların icrasında dəstək göstərə bilərik. Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır, diasporun daha güclü, daha mütəşəkkil qüvvəyə çevrilməsidir".

Prezident Administrasiyasının rəsmisi forumun işindən razı qaldığını bildirmişdir.

Sonra forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Müraciətdə forum iştirakçılarının Azərbaycan diasporuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığı öz əksini tapmışdır. Sənəddə qeyd olunmuşdur ki, diaspor təşkilatları bundan sonra da ölkəmizin milli maraqlarının qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səylərini əsirgəməyəcəklər.

Tədbirin sonunda müzakirələrdə irəli sürülmüş təkliflər əsasında hazırlanmış forumun yekun sənədi - "Azərbaycan diaspor təşkilatları rəhbərlərinin "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda forum iştirakçılarının birgə bəyanatı"nın layihəsi səsə qoyularaq qəbul edilmişdir. İyirmi beş bənddən ibarət olan sənəddə gənclərin və qadınların diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb olunması, lobbi quruculuğu sahəsində fəaliyyətin genişləndirilməsi, Türkiyədə yaşayan azərbaycanlı ziyalıların forumunun, Orta Asiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə toplantısının, Ukrayna azərbaycanlıları qurultayının və Skandinaviya ölkələri azərbaycanlılarının konqresinin təşkili ilə bağlı müddəalar əksini tapmışdır. Bundan başqa, bəyanatda soydaşlarımızın yığcam yaşadığı regionlarda şəbəkələrə malik "Azərbaycan diasporu informasiya mərkəzi"nin yaradılması, "Xocalıya ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyasına dəstəyin gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün Azərbaycanda yay düşərgələrinin təşkili ilə əlaqədar müvafiq dövlət orqanlarına müraciət edilməsi də nəzərdə tutulmuşdur. Tədbirdə dünya azərbaycanlı elm xadimlərinin forumunun təşkil edilməsi, "Virtual həftə sonu" məktəbinin fəaliyyətinin təkmilləşdirilməsi, "Avropa İttifaqı ölkələrində azərbaycanlıların cəmiyyətə inteqrasiya prosesləri: mövcud təcrübə, problemlər və onların həlli yolları" mövzusunda forumun keçirilməsi, növbəti Rusiya-Azərbaycan iqtisadi forumunun Ulyanovsk şəhərində təşkili üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflərin verilməsi də qərara alınmışdır.

Bununla da forum işini başa çatdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 9 avqust.- S. 2.