Afərin, pəhləvanlar!

 

Güləşçilərimiz ölkəmizə bir gündə iki qızıl medal qazandırdılar

 

 Bu uğuru çox gözlədik, intizarla dolu günlər yaşadıq. Heç inana da bilmirdik ki,  Olimpiya Oyunları bizim üçün elə bu məcrada davam edəcək. İnana bilmirdik ki, 7 medalda qalıb, necə deyərlər, yerimizdə sayacağıq. Həm də bu medalların içərisində qızıl olmayacaq. Axı dörd il əvvəl keçirilmiş Pekin Olimpiadasında da medallarımızın sayı bu qədər idi, halbuki idmançılarımız budəfəki Olimpiya Oyunlarına rekord sayda - 53 lisenziya qazanmışdılar. Ona görə haqlı olaraq olimpiyaçılarımızdan qızıl medal da daxil olmaqla daha çox medal gözləyirdik. Özü də təmsilçilərimiz indiyədək Olimpiadadan Olimpiadaya medalların sayını artırmışdılar.

Nəhayət, intizarımızın sonu gəldi, ümidlərimiz gerçəkləşdi. Həm də Oyunların başa çatmasına bir gün qalmış. Elə bil ki, olimpiyaçılarımız bütün qüvvələrini axıra saxlamışdılar. Şübhəsiz, 2012-cı il avqustun 11-i Olimpiya tariximizə qızıl hərflərlə yazıldı. İlk dəfə olaraq olimpiyaçılarımız bir gündə iki qızıl medal qazanaraq medalların ümumi sayını 9-a çatdırdılar. Bax belə - rekord sayda lisenziya ilə rekord sayda medal! Dünənki günün qəhrəmanları isə sərbəst güləşçilər, qitə çempionu Toğrul Əsgərov (60 kq) və dünya çempionu Şərif Şərifov (84 kq) idi.

Toğrul ilk mərhələdən azad idi. Təmsilçimiz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşdı. Görüş həmyerlimiz üçün yaxşı başladı. O, birinci hissədə 2:0 hesabı ilə qalib gəldi.  Növbəti 2 dəqiqə də pəhləvanımız üçün uğurlu oldu. Toğrul bu dəfə rəqibini 7:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldi.

Onun bu mərhələdə rəqibi yaponiyalı Keniçi Yumoto oldu. Toğrul Asiya təmsilçisinə də gücünü göstərdi. İki  hissənin nəticələrinə (1:0, 2:2) görə yapon pəhləvanından  üstün olan güləşçimiz yarımfinala vəsiqə qazandı.

Finala gedən yolda həmyerlimiz ABŞ idmançısı Koleman Skottla üz-üzə gəldi. Toğrul bu görüşdən də qalib (1:0 və 4:0) ayrılaraq adını finala yazdırdı.

Həlledici görüşdə pəhləvanımızı rusiyalı güləşçi, 26 yaşlı Besik Kuduxov gözləyirdi. Qarşılaşmanın asan olmayacağı əvvəlcədən məlum idi. Axı rəqib məşhur pəhləvan, dördqat dünya çempionu, Avropa çempionu, Pekin Olimpiadasının bürünc mükafatçısıdır! 20 yaşı hələ tamam olmamış Toğrulun isə nə bu qədər təcrübəsi, nə də bu qədər titulu var.

Nəhayət, həyəcanlı məqam gəlib çatdı. Toğrul xalça üstündədir. Döyüş başladı. Hər iki pəhləvan ilk hissədə fəal idi. Toğrul bu hissədən cüzi üstünlüklə - 1:0 hesablı qələbə ilə ayrıldı. Doğrusu, gözləyirdik ki, ikinci hissədə vəziyyət gərgin olacaq, rəqib təcrübəsindən yararlanaraq revanş alacaq. Heç demə, narahatlıq üçün əsas yoxmuş. Toğrul xalçaya qayıdan kimi rəqibə əməlli-başlı "divan tutdu" - 5:0! Bu isə möhtəşəm qələbə, qızıl medal deməkdir! Londonda Azərbaycanın ilk qızıl medalı! Bayrağımız qaldırılır, himnimiz səslənir. Sevincimizin həddi-hüdudu yoxdur,  ürəyimiz dağa dönür. Halal olsun, Toğrul! Xalqına bu sevinci yaşatdığına görə çox sağ ol!

İndisə növbə Şərifindir. Güləşçimiz yarışa 1/8 finaldan qatılmışdı. İlk qarşılaşmasında türkiyəli İbrahim Bölükbaşını mübarizədən kənarlaşdırdı.  Görüşün birinci hissəsi təmsilçimizin xeyrinə başa çatdı - 3:1. İkinci hissədə türkiyəli idmançı görüşdə tarazlıq yaratmaq istəsə də, buna nail ola bilmədi. Bu dəfə də 5:3 hesabı ilə qələbə qazanan  idmançımız növbəti mərhələyə yüksəldi.

1/4 finalda Şərif ABŞ güləşçisi Ceyk Herberti ilə görüşdü. İdmançımız ilk iki  döyüşündən fərqli olaraq, bu dəfə daha yaxşı güləşirdi. Birinci hissədə 4:1 hesabı ilə qələbə qazanan təmsilçimiz ikinci hissədə 6 xal öndə olduğu üçün vaxtından əvvəl qalib elan edildi. Amerikalı güləşçinin məşqçisi çığır-bağır saldı, videoçəkilişə təkrar-təkrar baxıldı. Amma əbəs yerə. Qələbəyə heç bir şübhə yox idi!

İdmançımızın yarımfinalda rəqibi iranlı Nasir Ləşgəri oldu.  Kifayət qədər çətin keçmiş görüşün birinci hissəsi Şərifin  1:0 hesablı qələbəsi ilə bitsə də, növbəti iki  dəqiqədə rəqib 2:0 hesabı ilə qalib gəldi  və status-kvonu bərpa etdi. Sonuncu hissədə isə Şərif qələbəyə layiq olduğunu sübut etdi - 2:1.

Bu da final. Qızıl medalın taleyi həll olunur. Şərifin rəqibi Puerto-Rika nümayəndəsi  Yusept  Espinaldır. Təmsilçimiz çempionluq məsələsini elə ilk hissədə həll etdi - 5:1! İkinci hissə bir növ formal xarakter daşıdı. Şərif üstünlüyünü nümayiş etdirir, rəqibdən elə bir müqavimət görmürdü. Nəhayət, ikinci hissə də pəhləvanımızın qələbəsi (2:0) ilə başa çatır və qızıl medal! Azərbaycanın ikinci qızıl medalı! Bir gündə iki qızıl medal! Misilsiz qələbədir! Milli bayrağımıza bürünən Olimpiya çempionumuzu - Şərifi görürük, yenidən sevincə qərq oluruq! Bu qələbənin sahibini ürəkdən alqışlayırıq! Bir gündə ikinci dəfə dövlətimizin himni səslənir!

Bəli, olimpiyaçılarımız Londonda tarix yazdılar! Belə bir qələbəni çoxdan gözləyirdik. Afərin!

 

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2012.- 12 avqust.- S. 1.