Sonuncu gün - 10-cu medal

 

London Olimpiadasının sonuncu günü də ölkəmiz üçün uğurlu oldu. Mötəbər idman yarışlarında qazandıqları qələbələrlə Azərbaycanın adını uca tutan pəhləvanlarımız Londonda da bu uğuru təkrarladılar. Belə ki, sərbəst güləş üzrə 96 kq çəki dərəcəsində Xetaq Qazyumov bürünc medal  qazanmaqla xalqımızı sevindirdi. Ümumiyyətlə, olimpiyaçılarımızın əldə etdiyi 10 medaldan 7-si güləşçilərimizin payına düşür. Bunlardan 3-nü  (2 qızıl, 1 bürünc) isə sərbəst güləşçilərimiz qazanmışlar.

Dörd il əvvəl Pekin Olimpiadasından bürünc medalla qayıtmış Xetaq Qazyumov budəfəki oyunlarda ən azı son uğuru təkrarlamaq istəyirdi.

Xetaq mübarizəyə 1/8 final mərhələsindən başladı və  Belarus təmsilçisi Ruslan Şeyxovla qarşılaşdı. Görüşün açıq-aşkar favoriti olan pəhləvanımız qalib gəlməkdə çətinlik çəkmədi. Birinci hissədə güləşçilərin heç biri xal qazanmadığından püşk atıldı. Püşk isə rəqibin xeyrinə çıxdı. Lakin daha təcrübəli olan həmyerlimiz Şeyxovun hücum üstünlüyünü öz xeyrinə başa vurdu - 1:0. İkinci hissədə də rəqibi eyni hesabla məğlub edən Xetaq dörddəbir finala yüksəldi.

Bu mərhələdə təmsilçimiz  ukraynalı Valeri Andritsyev ilə qarşılaşdı. İlk hissəni qələbə (1:0) ilə başa vuran idmançımız ikinci hissədə püşklə uduzdu. Həlledici hissədə  isə ilk xalı Xetaq qazansa da, davamını gətirə bilmədi və ukraynalı güləşçi 4:1 hesabı ilə qalib gəldi.

Bundan sonra təmsilçimiz çempionluq şansını itirdi. Amma Valeri Andritsyev finala çıxdığından Xetaq təsəlliverici görüşlərdə mübarizəni davam etdirdi. Güləşçimiz əvvəlcə tacikistanlı Rüstəm İsgəndəri ilə "haqq-hesab çəkdi". Burada mübarizənin taleyini təcrübə həll etdi. Xetaq  20 yaşlı rəqibini ilk hissədə 3:1, ardınca isə 3:0 hesabı ilə məğlub etdi. Təmsilçimiz bürünc medal uğrunda görüşə hazır olsa da, döşəyə çıxmadan qalib elan olundu. Belə ki, Xetaqın növbəti rəqibi, İran pəhləvanı Əli Yəzdani Andritsyevlə qarşılaşmanın ilk hissəsində zədələnərək Olimpiadada iştirakını dayandırmışdı. Bu səbəbdən üçüncü yer uğrunda görüş keçirilmədi və Olimpiadanın bürünc medalı Azərbaycan pəhləvanına verildi.

Beləliklə, qazanılmış medal Xetaqın Olimpiya Oyunlarında sayca 2-ci, yığmamızın isə Londonda 6-cı bürünc medalı oldu.

Xetaq Qazyumov uşaq yaşlarından idmana böyük maraq göstərmişdir. 7 yaşında valideynləri  onu güləş  məktəbinə yazdırmışlar. Xetaqın gələcək vəd edən idmançı olduğunu görən məşqçilər bir müddət keçdikdən sonra onu beynəlxalq yarışlara yollamışlar. Burada isə yeniyetmə idmançı  müəllimlərinin ümidlərini boşa çıxartmamışdır. Sonrakı illərdə qatıldığı yarışlarda qazandığı nəticələrlə idman ictimaiyyətinin diqqətini cəlb etmişdir.

Güləşçimizin karyerası çox zəngindir.  O, 2008-ci il Pekin Olimpiadasında yığmamızın aktivinə bürünc medal yazdırmışdır. 2009-cu ildə Danimarkanın Herninq şəhərində  gümüş, 2010-cu ildə Rusiyanın Sankt-Peterburq və 2011-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş dünya çempionatlarının qızıl medallarına layiq görülmüşdür. Bununla yanaşı, o dünya kubokunun sahibi (2009-cu il),  üçqat Avropa çempionudur (2009-cu, 2010-cu və  2011-ci illər).  Və 2012-ci il London Olimpiadasının bürünc mükafatçısı...

Xetaqın qazandığı uğurlarda məşqçilər korpusunun əməyi danılmazdır. Hazırda Bakının "Atasport" klubunun şərəfini qoruyan pəhləvanın əldə etdiyi nailiyyətlərdə məşqçiləri Aslan TsoqoyevMarik Tedeyevin payı böyükdür.

İnanırıq ki, London Olimpiadasında ölkəmizə bürünc medal qazandırmış pəhləvan dörd il sonra Braziliyada keçiriləcək Olimpiya Oyunlarında hamımızı qızıl mükafatla sevindirəcək.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 14 avqust.- S. 1.