Azərbaycan Diplomatik Akademiyasında Açıq qapı günü keçirilmişdir

 

Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Açıq qapı" günü keçirilmişdir. AzərTAc xəbər verir ki, məqsəd bu ali təhsil müəssisəsində təhsil almaq arzusunda olan tələbələrə akademiyanın bakalavrmagistr proqramları haqqında ətraflı məlumat vermək, burada çalışan pedaqoji heyətlə tanış etməkdir.

Tədbirdə bildirilmişdir ki, akademiyada Azərbaycan Dövlət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarında yüksək bal toplayan gənclərə üstünlük verilir. Bu il ADA-nın bakalavr pilləsinə 160 yer ayrılmışdır. Akademiyada azərbaycanlı və xarici tələbələrin birgə təhsil aldıqları beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, mühasibat uçotu, maliyyə, marketinq və beynəlxalq biznes ixtisasları üzrə bakalavr proqramlarında müxtəlif sahələri əhatə edən fənlər tədris edilir, təhsil haqqı ödəyən tələbələrə bir sıra güzəştlər tətbiq olunur. Həmçinin bakalavrlar İsveçrə və İngiltərə universitetlərində bir semestr müddətində tələbə-mübadilə proqramlarında iştirak edirlər. Dərslər tanınmış xarici professorlarxarici doktorantura təhsilli gənc azərbaycanlı müəllimlər tərəfindən aparılır. Qeyd olunmuşdur ki, bu ali təhsil ocağı tələbələrin işlə təmin olunmasında da onlara dəstək olur. ADA-nın vitse-rektoru Randall Beker  "Açıq qapı" günü tədbirlərinin keçirilməsinin  tələbələr üçün əhəmiyyətli olduğunu söyləmişdir. R.Beker qeyd etmişdir ki, burada təhsil Qərb və Azərbaycan modelinin sintezidir. Bu, bizim ən böyük üstünlüyümüzdür. Bu, imkan verir ki, akademiyada oxuyan tələbələr dünya miqyasında rəqabət aparsınlar. Mən bunu təqdirəlayiq addım hesab edirəm.

Tədbirdə ADA-nın yeni kampusu haqqında hazırlanan videoçarx da nümayiş etdirilmişdir.

Sonda ADA-nın bakalavr pilləsində təhsil alan tələbələr burada oxumaq arzusunda olan gənclərlə öz təcrübələrini bölüşmüşlər.

 

 

Azərbaycan.- 2012.- 14 avqust.- S. 5.