Bir nəslin hekayəti
Kərbəlayı Əli Zülalov Şuşanın tanınmış, hörmətli kişilərindən olub. Ömrünü-gününü balalarının firavan yaşamasına həsr edən atanın o zaman bəlkə də heç ağlına gəlməyib ki, ocağından pərvazlanan övladlarının, nəvə-nəticələrinin fəaliyyəti sayəsində bu nəsil Azərbaycanda çox məşhurlaşacaq, ailə üzvlərinin şöhrəti ölkəmizin hüdudlarından da kənara çıxacaq. Kərbəlayı Əli yüksək zövqə və dərin biliyə malik, yumşaq təbiətli, xeyirxah insan kimi nəinki şuşalılar arasında, külli Qarabağda ad-san qazanmışdı. Xüsusilə də islam dininin bütün məziyyətlərinə bələd idi. Yaxın Şərqə səyahətə çıxmış, Kərbəla ziyarətində olmuşdu. Böyük övladının musiqi duyumunu, səsini də əvvəlcə ata özü hiss etmişdi. Bir dəfə diqqətini çəkmişdi ki, oğlu oxuyanda bağçada cəh-cəh vuran quşlar səslərini necə kəsərək onu dinləyirlər. Bu, Azərbaycanın ilk Bülbülü olacaq Əbdülbaqi idi.
Bülbülcan
XIX əsrin sonlarında Tiflisdə böyük bir konsert oldu. Məşhur tarzən Mirzə Sadığın (Sadıqcan) müşayiəti ilə Əbdülbaqi Kərbəlayı Əli oğlu Zülalov qeyri-adi ifası ilə tamaşaçı rəğbəti qazandı. Onun adı nəinki Tiflisdə, Gürcüstanda, eləcə də Cənubi Qafqazda məşhurlaşdı. Şuşadan Tiflisə köçmüş Əbdülbaqi qısa müddət ərzində gürcü dilini də öyrənərək pərəstişkarlarına bu xalqın da mahnılarını təqdim edirdi. Əbdülbaqi elə bir şöhrət qazanmışdı ki, onu külli Qarabağda öz adı ilə yox, məhz "Bülbülcan" kimi tanıyırdılar. Əvvəlcə "Bülbül" adlandırmışdılar. Sonrakı fəaliyyətində muğam və xalq mahnılarımızı elə bənzərsiz və ustalıqla oxudu ki, "can" kəlməsi bir təxəllüs kimi ünvanına qanadlandı.
Əbdülbaqi Kərbəlayı Əli oğlu Zülalov 1841-ci ildə Şuşa şəhərində doğulmuşdu. Bir sənətkar kimi yetişməsində bu qədim şəhərin musiqi həyatı böyük rol oynadı. Hələ uşaqlıqdan əlini qulağının dibinə verərək səsi ilə ətrafa qəribə bir məlahətli avaz yayardı. Təbii ki, Şuşada səsə, sənətə qiymət verən sərraflar çox idi. Elə ilk musiqi təhsilini də Xarrat Qulunun məktəbində alan Əbdülbaqi sonralar tarzən Mirzə Sadıqla birlikdə Qarabağ, Şəki, Şirvan və Gəncənin el məclislərində, şənliklərdə iştirak etməyə başladı. Həm gözəl boy-buxuna, həm də qeyri-adi səsə malik olan Əbdülbaqini Şuşada hamı sevirdi. Xüsusilə də Xurşudbanunun təşkil etdiyi şənliklərdə Əbdülbaqi yaxından iştirak edərdi. Səsi-sorağı Təbrizdən, İrəvandan, Şamaxıdan gələrdi.
1871-ci ilin qışında Əbdülbaqi Tiflis şəhərinə köçdü. O zaman Cənubi Qafqazın mədəniyyət mərkəzi sayılan Tiflisdə ədəbi məclislər, xeyriyyə konsertləri tez-tez keçirilərdi. Hətta Avropa musiqiçiləri də bu şəhərə gələrdilər. Əbdülbaqi dəfələrlə Rusiya, İtaliya müğənniləri və musiqiçiləri ilə bir yerdə çıxış etmişdi. Tiflisdə yaşadığı 30 il ərzində bir neçə musiqi dəstəsi yaratmışdı. XIX əsrdə sazəndə qrupları üç və ya dörd nəfərdən ibarət olardı. Lakin Bülbülcanın təşkil etdiyi bu yeni ansamblda altı nəfər var idi. O, muğam üçlüyünə əlavələr etmişdi. Böyük müğənninin sazəndələr dəstəsində tar, kamança, yastıbalaban, dəf, qoşanağara birləşmişdi. Əbdülbaqi öz musiqiçiləri ilə birlikdə teatr tamaşalarında da iştirak edərdi. Fasilə zamanı onun sazəndələr dəstəsi gözəl musiqilər çalar, Bülbülcan da tamaşaçıları öz qeyri-adi səsi ilə feyziyab edərdi. Bu barədə o dövrün qəzetlərində də yazardılar. Tamaşalarda iştirak edən avropalılar da Şərqin bu qısa, lakin maraqlı konsert proqramından heyrət və məhəbbətlə söz açaraq bəyəndiklərini bildirərdilər. Bülbülcan da sənət dostu Sadıqcan kimi 1900-cü ilin mayında İran hakimi Müzəffərəddin şah tərəfindən xanəndəlik hünərinə görə - "Şiri-Xurşid" ordeni ilə təltif edilmişdi.
Şuşalı
xanəndənin repertuarı çox zəngin idi. Musiqi tədqiqatçısı
Firidun Şuşinski yazırdı: "O, təkcə Azərbaycan
dilində deyil, gürcü, erməni, kumık və fars dillərində
də oxuyardı. Onu erməni, gürcü və hətta rus
məclislərinə dəvət edərdilər". O,
bütün tamaşaçıların ürəyinə yol
tapırdı. İfaçılıq məharəti ilə
dinləyicilərin hamısını valeh edərdi. Hətta
elə zəngulələr vurardı ki, hamı yerində
donub qalardı. Ümumiyyətlə, xanəndəlik sənətində
zəngulə vurmaq əsas amillərdən sayılır. Elə
bir muğamımız yoxdur ki, orada zəngulə olmasın.
Unudulmaz Cabbar Qaryağdıoğlu "Keçmiş Azərbaycan
musiqisi haqqında xatirələrim"də yazırdı ki,
mən zəngulə vurmağı ilk dəfə Əbdülbaqidən
öyrənmişəm. Onun sənətinin
böyüklüyü də elə bu qeyri-adi zəngulələrində
idi. Açığı, onun kimi heç kim zəngulə
vura bilməzdi. Elə buna görə də
Bülbülcanın muğamları çox fərqli və təsirli
alınardı.
Sonralar
Bakıya köçən Bülbülcan məşhur tarzən
Qurban Pirimovla birlikdə çalışmağa
başladı. Onlar Azərbaycan artistlərinin təşviqat
briqadalarının tərkibində respublikanın
rayonlarına gedər, xalq qarşısında konsertlər verərdilər.
Bülbülcanın səsi Üzeyir bəyi də məftun
etmişdi. Bu səbəbdən də dahi bəstəkar
1923-cü ildə onu Azərbaycan Dövlət Türk Musiqi Məktəbinə
dəvət edib. Baxmayaraq ki, Bülbülcan artıq
yaşlaşmışdı, amma içindəki həvəs,
yaradıcılıq eşqi ona kömək edirdi. Bir müddət
də o, bu məktəbdə muğamatdan dərs dedi, gələcək
xanəndələrin yetişməsində əməyini əsirgəmədi.
Ustad xanəndələrin formalaşmasında böyük əməyi
olan Əbdülbaqinin musiqiçilər arasında dərin
hörməti vardı. Hətta Üzeyir Hacıbəyli də
məşhur musiqiçilər haqqında danışarkən
Bülbülcanın adını xüsusi ehtiramla çəkmişdi.
Xanəndə Bülbülcanla tarzən Sadıqcanın
Qafqazın hər yerində məşhur olduqlarını fəxrlə
dilə gətirmişdi.
Bülbülcandan
dərs alan və onun sənətini sevən istedadlı gənclər
sonralar Azərbaycan mədəniyyətinin məşhur
simaları oldular: Cabbar Qaryağdıoğlu, Musa
Şuşinski, Məşədi Məmməd Fərzəliyev,
Şəkili Ələsgər, Vahab bəy, Molla Abbas, Seyid
Şuşinski və onlarca başqaları.
Bülbülcanın
ailəsi Azərbaycan incəsənət tarixində əhəmiyyətli
rol oynayıb. Təsadüfi deyil ki, bu ocaq "istedadlılar
ailəsi" kimi tanınıb. Əbdülbaqinin
qızı, nəvəsi və qardaşı uşaqları
Azərbaycan musiqi mədəniyyətinin, teatrının
ilkinləri sırasında dayandılar. Onlar öz
istedadları ilə Bülbülcanın nəcib ənənələrini
layiqincə davam etdirdilər.
Səhnəmizin
ilk peşəkar aktrisası
Bu, Əzizə xanımdır.
Bülbülcan Tiflisdə yaşayarkən 1892-ci ildə bu ailədə
dünyada gələn Əzizə Əbdülbaqi qızı
uşaqlıqdan musiqiyə, sənətə bağlı olub.
İlk təhsilini atasından alıb. Hətta qarmon
çalmağı da öyrənmişdi. Çox erkən
ailə həyatı qurub. Çox az müddət Şəkidə
yaşayıb. Məmmədova familiyası da həyat
yoldaşının soyadından gəlir. Təəssüf
ki, ailə səadəti uzun sürməyib. Həyat
yoldaşının vaxtsız vəfatından sonra
balalarını da götürərək atası evinə
qayıdıb. 1919-cu ildən Bakıda yaşayıb. Elə o
vaxtdan da Bülbülcanın iştirak etdiyi məclislərə,
tədbirlərə, konsertlərə, teatra gedərdi. İncəsənətə
olan böyük marağı onu Əbilov, sonra da Əli
Bayramov adına qadın klublarına gətirdi. O, səhnə
fəaliyyətinə də elə bu klubun dram kollektivlərində
başladı. Qızı Sona ilə birlikdə səhnəyə
çıxaraq "Axşam səbri xeyir olar"
tamaşasında Gülcamal və Çimnaz rolunda
çıxış etdilər. Cəmi bir ildən sonra Əzizə
xanımın sorağı Tənqid Təbliğ Teatrından
gəldi. Bakı Türk İşçi Teatrında, Azərbaycan
Dövlət Dram Teatrında iştirak etdiyi tamaşalarda
müxtəlif səciyyəli, xarakterli səhnə
obrazları yaratdı. Mütəxəssislərin fikrincə,
Əzizə Məmmədova milli kaloritli Azərbaycan qadın
rollarının ən yaxşı ifaçısı
sayılırdı. Əzizə Məmmədova həm də
ilk azərbaycanlı kinoaktrisalardan biri idi. O, "Azərbaycanfilm"
kinostudiyasının yaradıcılıq işlərində
yaxından iştirak edərdi. "Hacı Qara",
"İsmət", "Almaz", "Yeni horizont",
"Görüş", "Səhər" və s. filmlərə
çəkilmişdi. Beləliklə, həyatını teatr
və kino sənətinə bağlayan Əzizə xanım
bir-birindən maraqlı, yaddaqalan obrazlar qalereyası
yaratdı. O, 1938-ci ildə əməkdar artist fəxri
adına layiq görülmüşdü.
"Qırmızı Əmək Bayrağı" ordeni və
s. medallarla təltif olunmuşdu.
Anadan
balaya ötən estafet
Teatr aləminə ilk dəfə qədəm qoyanlardan biri də Əzizə xanımın qızı Sona Hacıyevadır. Bu ana-bala elə bir zamanda cəsarətli addım atdılar ki, məhz onların gəlişi ilə milli teatr səhnəsində Azərbaycan qadınının nəfəsi duyuldu. Onlar elə bir zamanda səhnə fəaliyyətinə başladılar ki, bu sənətə nəinki qadınların, hətta kişilərin belə gəlməsi xoş olmayan münasibətlə qarşılanır, ağır hadisələrlə nəticələnirdi. Mədəniyyət aləminin unudulmaz simalarından sayılan Sona Hacıyeva milli səhnəmizin ən parlaq ulduzlarından biri olub. O, qorxulu və çətin zamanda teatra üz tutaraq xalqının savadlanması və maariflənməsi üçün heç nədən çəkinmədi.
Sona
Hacıyeva 1907-ci ildə Şəkidə anadan olub.
Atasının vəfatından sonra onu və
qardaşını babası Bülbülcan saxlamalı olub. Anası
Əzizə Məmmədovanın teatra
bağlılığı qızına da sirayət edib.
Yuxarıda deyildiyi kimi, ana-bala səhnəyə eyni ildə,
eyni tamaşada gəliblər. Bu barədə Sona Hacıyeva
öz xatirələrində yazırdı: "Bir gün anam
mənə dedi ki, bu axşam tamaşamız var. Gəl səni
ora aparım, oturub tamaşa edərsən. Mən çox
sevindim. Yadımdadır ki, klubda bir kişi mənə
yaxınlaşıb dedi: "Qızım, sən bizə
lazımsan. Bu gün Çimnaz olacaqsan". Onun sözlərindən
təəccüblənib dedim ki, mənim adım Çimnaz
deyil, Sonadır, özüm də Əzizə xanımın
qızıyam". Balaca Sona bir də görüb ki, ona paltar
geyindirirlər. Sonra da tapşırırlar ki,
çıxarsan səhnəyə, suflyorlar nə desələr,
təkrar edərsən. Balaca qız bu sözləri təəccüblə
qarşılasa da, anasının səhnədə
bülbül kimi ötməsi onu ürəkləndirib. Səhnəyə
daxil olanda ayaqları əsib, dili tutulub, nə edəcəyini
bilməyib. Birtəhər dili dolaşa-dolaşa suflyordan
eşitdiklərini təkrar edib. Bu, onun səhnədə ilk
rolu - 13 yaşlı Sonanın teatr aləmində
debütü idi.
Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər, kənd zəhmətkeşləri qarşısında çıxış edərdi.
1923-cü ildə Sona Hacıyeva Azərbaycan
Dövlət Dram Teatrının səhnəsində ilk rolunu
ifa edib. Sonralar Sona
Hacıyevanı Opera və Balet Teatrına da dəvət ediblər.
Sona xanım hər iki teatrda çalışmağa məcbur
idi. Çünki aktrisa tapılmırdı. Hüseynqulu
Sarabski Sona xanımın səsini o qədər bəyənmişdi
ki, daim onun istedadından istifadə etmək istəyirdi. Sona
Hacıyevanın yaratdığı Leyli, Əsli, Asiya,
Şahsənəm maraqla qarşılanırdı. Sona
Hacıyevaya qədər operada qadın rollarını ancaq
kişilər oynamışdılar. Sona xanımın həm
operada, həm də Dram Teatrının səhnələrində
müntəzəm çıxışı qeyri-adi bir
möcüzə idi. Çünki bir-birinin ardınca müxtəlif
səpkili, müxtəlif xarakterli obrazlar yaradan Sona Hacıyeva
sənət boyalarından elə ustalıqla istifadə edirdi
ki, bütün çıxışları təbii və təsirli
alınırdı. Azərbaycan səhnəsinə Sona
Hacıyeva adi bir aktrisa kimi gəlməmişdi. O, həm də
müxtəlif qadağalara, maneələrə, təzyiq və
təqiblərə məruz qalmış Azərbaycan
qadınının bağrından püskürən bir
üsyana dönmüşdü. Cəhalət və
nadanlıqla dolu aləmin iflasla nəticələnəcəyini
öz yaradıcılığı, oynadığı
rolların monoloqları ilə dilə gətirirdi. Onun
yaratdığı obrazlar Azərbaycan qadınının
ağır taleyini, düşdüyü əzabları
güclü və emosional şəkildə
tamaşaçılara çatdırırdı.
Sona
xanımı səhnədə görənlər yazırlar
ki, o, öz rollarını o qədər ürəkdən sevər,
onlara qəlbən bağlanarmış ki, səhnədə həyəcanını,
rəğbətini gizlədə bilmirmiş.
Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı olan Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafına öz töhfəsini verdi. "Bəxtiyar", "Sevimli mahnı", "Qızmar Günəş altında", "O olmasın, bu olsun", "Səhər" filmlərinə çəkilən Sona Hacıyeva milli kinonun tarixində də misilsiz xidmətlərin sahibidir. Böyük dramaturqumuz Cəfər Cabbarlı Sona Hacıyevanın sənət aləmindəki xidmətlərini yüksək qiymətləndirərək yazırdı: "Azərbaycanlı aktrisalar içərisində nəzəri cəlb edən qüvvətli simalardan biri də Sona xanımdır. Səhnədə keçən günlər bu incə, zərif qızı böyüdüb yaradıcı bir sənətkara çevirmişdi". Onun əməyi "Şərəf nişanı" ordeni və başqa medallarla təltif edilmişdir.
Şəcərə
ağacının digər budaqları
1893-cü ildə Şuşada doğulan Əli Zülalov Bülbülcanın qardaşı oğludur. Atasını erkən itirdiyindən onu beş yaşından əmisi saxlayıb. Bülbülcanla dostluq edən Üzeyir Hacıbəyli Əlinin incəsənətə olan marağını duymuşdu. Onunla söhbət zamanı gəncin gur, xarakterik səsi bəstəkarın diqqətini çəkib. Elə bu səbəbdən də onu birillik sınaq müddətində özünün rəhbərlik etdiyi opera və operetta truppasının xoruna işə götürüb. Beləliklə, Əli Zülalov səhnədə ilk addımlarını Üzeyir və Zülfüqar Hacıbəyli qardaşlarının truppasında atdı. Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından biri də Əli Zülalov olub.
Sonralar təhsilini davam etdirən Əli Zülalov Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirdi. O, həyatda da, sənətdə də Üzeyir Hacıbəylidən dərs aldı. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə nümayiş olunan "Koroğlu" operasındakı Ehsan paşa rolunu yaratdı. İkinci Dünya müharibəsi illərində Əli Zülalov Qurban Pirimovla birlikdə dəfələrlə cəbhədə döyüşçülər qarşısında konsert vermişdi. İstedadlı aktyorun opera səhnəsində yaratdığı rollar: Ehsan paşa ("Koroğlu"), Leylinin atası və Zeyd ("Leyli və Məcnun"), Keşiş ("Əsli və Kərəm"), Şahvələd ("Aşıq Qərib"), Molla Mütəllim ("Nərgiz"), Süleyman ("Arşın mal alan") və onlarla digər obrazları maraqla izlənib. Əməkdar artist fəxri adına layiq görülən Əli Zülalov opera səhnəmizin inkişafında xidməti olan mədəniyyət xadimlərindən biri idi.
Onun
kiçik qardaşı Qəmbər Zülalov da opera artisti
idi. Onu Bülbülcan
saxlayıb. Müğənni və səhnə fəaliyyətinə
1917-ci ildə Şuşada başlamışdır. Müxtəlif
el şənliklərində, konsertlərdə iştirak edərmiş.
1928-ci ildən Opera Teatrında işləmiş, eyni zamanda
konsertbüronun solisti olmuşdur. Qəmbər Zülalov
operanın inkişafında göstərdiyi xidmətlərinə
görə əməkdar artist fəxri adına layiq
görülmüşdü.
Solmaz xanım isə Əli Zülalovun qızıdır. Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bir müddət hüquq sahəsi üzrə çalışdıqdan sonra Moskvada görkəmli hüquqşünas-alim Boris Afanasyeviç Qaykinin rəhbərliyi ilə dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. O, bir müddət Ədliyyə Nazirliyinin Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunun rektoru olub. Eyni zamanda, Azərbaycan Hüquqşünaslar İttifaqının sədri vəzifəsində çalışıb.
Əli Zülalovun ikinci övladı Zemfira Zülalova isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini (1963) bitirib. Bir müddət Elmlər Akademiyasında çalışan Zemfira xanım sonradan aspiranturaya daxil olub, 1975-ci ildə müdafiə edərək fəlsəfə elmləri namizədi adını alıb.
Pedaqoji fəaliyyətlə məşğul olan Zemfira xanım müxtəlif ali məktəblərdə dərs deyib. 70-ə qədər elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifidir.
Rüstəm isə Qəmbər Zülalovun oğludur. Ali dərəcəli kinooperatordur. Əməkdar mədəniyyət işçisi Rüstəm Zülalov uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Yüzlərlə irihəcmli verilişlərin, televiziya filmlərinin çəkilişində aparıcı operator kimi iştirak edib. Hazırda "Lider" telekanalında işləyir.
XIX əsrin ortalarından başlayaraq Zülalovların Azərbaycan mədəniyyətinin inkişafındakı töhfələri çiçək açmaqda davam edib.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 14 avqust.- S. 7.