İstiqlal mübarizi

 

Gizli ölüm düşərgəsində 8 il yaşayıb sağ qayıdan doktor Cahangir Ağazadəni Bakıda güllələdilər

 

Ağazadə Cahangir Musa bəy oğlu 1894-cü ildə qədim Gəncənin köhnə Molla Cəlilli məhəlləsində bəy ailəsində anadan olub. Atası Musa kişi Gəncədə sayılıb-seçilənlərdən idi. Naxçıvanda, Vedibasarda, Göyçədə erməni silahlı birləşmələrinin nəinki Gəncəbasarda, bütün Azərbaycanda müsəlmanları qırmaq və bu torpaqları işğal etməklə yerində erməni dövləti yaratmaq istəyinə qarşı yaradılan "Difai"nin təşkilatlanmasında yaxından iştirak edib. "Müdafiə" və "Cəmiyyəti-Xeyriyyə"nin üzvü olub.

Kasıb və kimsəsizlərin müdafiəsində xeyriyyəçilik işləri ilə tanınan Musa bəy məşhur Ağazadələr nəslindəndir. Şəhərdaxili və Gəncənin yaxın ətrafına işləyən faytonların çoxu ona məxsus idi.

Elmə, maarifə müstəsna önəm verən Musa bəy uşaqlarını savadlı, ali təhsilli görmək üçün onların məktəb məsələsi ilə ciddi maraqlanırdı. Böyük qızı Yaqutu müəllimə, Cəlalı mühəndis, kiçik oğlu Cahangiri həkim görmək istəyirdi. Yaqut da, Cəlal da, Cahangir də Molla Cəlilli məhəlləsinə yaxın Asya xanım Axundzadənin rus-müsəlman məktəbini əla qiymətlərlə bitirirlər.

Gəncədə ibtidai təhsil alan Cahangiri tam orta təhsil almaq üçün atası Rusiyaya aparıb Peterburqda gimnaziyaya qoyur. Gimnaziyanı müvəffəqiyyətlə bitirən Cahangir Samara Tibb İnstitutuna daxil olur. Yaqut isə Gəncədə rus-müsəlman məktəbinin ərəb və fars dilləri sinfini bitirir. Mədrəsə və gimnaziya müəllimləri qarşısında imtahan verərək ana dili müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olur. Cəlal isə mühəndisliyə yox, müəllimliyə meyil göstərdi.

Cahangir bəy 1915-ci ildə institutu bitirib Gəncəyə gəlir, böyük həvəslə işə başlayır, az sonra şəhərdə maarifçi-pedaqoq və xeyriyyəçi kimi tanınan Asya xanımın qızı Xuraman xanım Abulova (Rəhimbəyzadə) ilə ailə həyatı qurur. Bu izdivacdan altı övladı Tahir, Məlahət, Çingiz, Əkrəm, Oqtay və Günəş dünyaya gəlmişdir.

Cahangir Agayevin "cinayət işi"indəki anket-sorğuda hansı şəhərdə, hansı ali məktəbi bitirməsi göstərilməsə də, ali təhsilli pediatr-həkim olduğu qeyd edilib. Bu barədə söz düşəndə Cahangir Ağayevin nəvəsi Sevinc xanım deyirdi: "Nənəm həmişə deyərdi ki, Cahangir Rusiyada, Peterburqda gimnaziyada, qızıl pulla oxuyub, sonra həkim olub".

Cahangir Ağayev ilk həkimlik fəaliyyətinə 1916-cı ildə başlayıb. "Cinayət işi"ndəki sorğu anketində müstəntiqin "1916-cı ildən 1920-ci ilə qədər müxtəlif təşkilatlarda işləyib" ifadəsindən sonra aydın olur ki, "1918-1919-cu illərdə 48-ci Samara diviziyasında orta tibb işçısi kimi fəaliyyət göstərib".

 

* * *

 

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılanda Cahangir Ağayev Gəncə şəhər uşaq xəstəxanasının baş həkimi vəzifəsində çalışırdı. Həyat yoldaşı Xuraman xanım orta məktəbin direktoru idi. Millətin faciəli taleyi əsl ziyalı kimi onu da sıxırdı. Cahangir fikirləşirdi ki, bolşevik silahlı birləşmələri tərəfindən qanına qəltan olunan Müsavat partiyasının Gəncədə gizli təşkilatını yaratmaqla, şura hökumətini əvvəl Gəncədən, Gəncəbasardan, sonra da bütün Azərbaycandan qova biləcəklər. Ürək qızdırıb fikrini bildirdiyi ilk adamlardan biri Cəmil Rəfibəyli olur. Onlar həmyaşıd və dost idilər, eyni məktəbdə oxumuşdular. Cəmil Gəncədə yaxşı tanınan Ələkbər bəy Rəfibəylinin qardaşı Bağır bəyin oğlu idi. Bağır bəy Gəncə üsyanının əsas təşkilatçılarından və rəhbərlərindən olmuşdu. Şəhərdə Cəmil bəyi də tanımayan az adam tapılardı. Əvvəl Müsavat, sonralar sovet ordusunda xidmət edib.

Yazıçı, alim Rafael Hüseynov "Rəfibəylilər" kitabında Cahangir Ağazadə haqqında yazır ki, günlərin birində doktor Ağayev Cəmil bəyi evinə, ad gününə dəvət edir. 5-10 nəfər gənc o məclisdə yaxından tanış olurlar. Bu yıgıncaqda Müsavat partiyasının proqramını oxuyub müzakirə edirlər. Təşkilatın yaradılmasına hazırlıq işləri tam başa çatdıqdan sonra, Gəncədə 1926-cı ilin dekabrında Cahangir Ağayevin etibarlı tərəfdaşı olan Hüseyn Sadıqovun evində təşkilatın ilk yığıncağı keçirilir. Gizli qəza komitəsinin rəhbər heyəti müəyyənləşdirilir. Səs çoxluğu ilə Cahanğir Ağayev sədr, Teymur Məmmədov katib, Cəmil Rəfibəyov xəzinədar, Ələkbər İsmayılzadə, İdris Əliyev, Hüseyn Sadıqov, Məcid Axundov komitənin üzvü seçilirlər.

Cahangir Ağayev əqidə yoldaşları ilə birlikdə Sovet hökumətinin müstəmləkəçilk və soyqırımı siyasətinə, kaloniya qanunlarına, repressiya mexanizminə qarşı gizli siyası mübarizəyə başlayır.

Bu zaman Cahangir Ağayev həm də şəhər dəmir yolu tibb məntəqəsinə rəhbərlik edir, tibb texnikumunda və axşam fəhlə fakültəsində dərs deyirdi. Ağayev harada olurdusa, istər xəstə üstünə çağrıldığı evlərdə, ailələrdə, istərsə də dərs dediyi tələbələrə və dinləyicilərə bolşeviklərin haqsızlığından, erməni silahlıları ilə əlbir olub törətdikləri qırğınlardan söhbət açırdı.

Bolşevik çekistlər də yatmırdılar, təşkilat üzvlərini günaşırı həbs edirdilər. Əqidə yoldaşlarının "xalq düşməni", "mülkədar", "əksinqilabçı" adıyla gecələr qəfildən "yoxa çıxmasından" şübhələnən doktor Ağayev öyrənir ki, içərilərində satqın var. Siyasi İdarə hər şeyi bilir, hətta onun özü Müsavatın gizli Gəncə təşkilatının sədri kimi addımbaaddım izlənilir.

1927-ci il iyunun 6-da Az.QPU əməkdaşları doktor Ağayevi, onun başçılıq etdiyi Müsavat partiyası Gəncə özəyinin digər üzvlərini, o cümlədən partiyanın maliyyə məsələlərinə baxan Cəmil Rəfibəylini bir gecənin içində həbs edirlər. Müsavatçıların bir-biri ilə əlaqə yarada bilməmələri və onlardan ailə üzvlərinin də xəbər tutmaması üçün hərəsini bir tərəfə "göndərirlər". Cahangir Ağayevi Nuxaya (Şəki) gətirirlər. O, burada Az.QPU əməkdaşlarının nəzarəti altında rayon mərkəzində - Proletarskaya küçəsi, ev 20 unvanında məskunlaşır, Nuxa şəhər poliklinikası və malyariya dispanserinə pediatr-həkim təyin olunur.

Ailəsini, uşaqlarını fəlakətdən qurtarmaq, Gəncədə tikdirdiyi mülkü müsadirə etməsinlər deyə, bəzi dairələrdən gizlin övladlarından imtina etməklə həyat yoldaşı Xuraman xanımla nikahını ləğv etdirir. Bunu yalnız Nuxada yaşadığı küçədə, kətə-qutab bişirib-satan qonşusuna bildirir, sənədləri xəlvəti ona verib, bərk-bərk tapşırır ki, işdi-şayətdir başıma bir iş gəlsə, ailəmə çatdırarsan.

Cahangir Ağayev Şəkidə də təşkilata yeni qüvvələr cəlb etmişdi. Lakin Nuxa-Gəncə əlaqələrinin də ömrü uzun olmur. İki ay sonra gecə yarısı mənzilindən birbaşa Nuxa milisinin zirzəmisinə aparılan doktor Ağayevin Gəncədəki evini Siyasi İdarənin əməkdaşlarıi elə həmin vaxt ələk-vələk edirlər, müəyyən əşyaları siyahıya alıb, ailəni mənzildən çıxarıb, qapını möhürləyirlər.

Doktor Ağayev Bakıya göndərilən gün Baş Siyasi İdarənin əməkdaşları ailəsi ilə onun görüşünü təşkil edirlər. Xuraman xanım böyük oğlu Tahir, qayını Cəlal və baldızı Yaqutla birlikdə Nuxaya - Cahangir bəyin görüşünə gəlir. Hal-əhvaldan sonra Cahangir Ağayev ailəsindən ayrılmaq haqqında ərizə yazdığını, sənədlərin onlara çatdırılacağını bildirir. Gözlənilməz xəbərdən bəy qızı Xuraman xanımın tutulduğunu və mütəəssir olduğunu görən Cahangir Ağayev ona ətrafdakıların da eşidəcəyi bir tərzdə deyir: "Vallah, bu hökumətin axırı yoxdur, belə hökumət olmaz... özünüzü qoruyun, uşaqlardan muğayat ol..." Son olaraq da bərk-bərk tapşırır ki, uşaqların təhsilinə xüsusi fikir ver və sabahdan Gəncədə möhürlənmiş evin məsələsi ilə məşğul ol!

Nuxa təcridxanasından çıxıb yolda Gəncəyə minik gözləyən Ağazadələr ailəsinə bir nəfər özünü çatdırıb, üzünü Cəlala tutub: "Ay qardaş, bayaq dükandan qutab alanda bağlamanız yadınızdan çıxıb orada qalmışdı, yaxşı ki, bildim" - deyib "bağlamanı" ona verir.

Səhərisi Xuraman xanım Gəncə Qəza Komitəsinə və Az.QPU Gəncə İdarəsinin rəhbərliyinə yazdığı ərizəyə, Nuxadan gətirdiyi sənədləri də əlavə edir. Ərizədə göstərirdi ki, nə müsadirə olunan evin, nə də onun ailəsinin doktor Ağayevlə heç bir dəxli yoxdur.

Xuraman xanım Gəncədə hörmətli pedaqoq kimi tanındığına görə tələbi nəzərə alınır, evin möhürü götürülür, ailə yenidən həmin mənzilə yığışır.

 

* * *

 

Bir ilə yaxın Bayıl və Keşlə həbsxanasında saxlanılan Cahangir Ağayevin 1928-ci ilin yayında istintaqı yekunlaşır. Ona 10 il, təşkilatın digər bir neçə üzvünə 8 il iş kəsib Sibirin şimal ucqarlarına sürgünə göndərirlər.

Cahangr Ağayev Apxangelsk vilayətinə, Şimal Buzlu okeanın Ağ dənizlə qovuşugunda yerləşən Solovki gizli sürgün düşərgəsinə çatanda 1928-ci ilin iyul ayının sonları idi. Barak yoldaşları ilə ağcaqanadın əlindən göz açmaq mümkün olmayan Sibir meşəliyinin dərinliklərində ağac kəsməyə, kötük çıxartmağa gedən Cahangiri üç aydan sonra dəstədən ayırıb 1928-ci il oktyabrın 8-də Solovki mərkəzi lazaretinin (hərbi xəstəxana) ordinator həkimi təyin edirlər.

...Solovkidə də təşkilata rəhbərliyi öz üzərində saxlayan Ağayev dözülməz iqlim şəraitini, insanın xəstəlikdən, aclıqdan, şaxtadan və olduqca ağır iş şəraitindən buradan geri qayıtmaq şansının mümkünsüzlüyünü görən Ağayev həmkarlarının gəldikləri qəti qərara əsasən aclıq aksiyasına başlayırlar, tələblərinin yerinə yetirilməyəcəyinədək aksiyanı dayandırmayacaqlarını bildirirlər. Vəziyyətdən çıxmaq üçün Xüsusi Təyinatlı Şimal Düşərgələri İnformasiya-İstintaq Şöbəsi Qafqazdan gələn müsavatçı gəncəliləri üç-üç, dörd-dörd bölüb hərəsini bir tərəfə aparırlar. Dəstə başçısı Cahangir Ağayevi həmyerlisi, müsavatçı Rza və digərləri ilə birlikdə Solovkidən xeyli aralıda yerləşən Kond adası gizli ölüm düşərgəsinə göndərirlər. Gəncəli müsavatçılar təzə ünvana çatanda görürlər ki, onlar diri-diri ölümə məhkum ediliblər.

Düşərgədə həkim və orta tibb işçisinə ehtiyac çox olduğundan Cahangir Ağayevi üç ay sonra Kond adaları lazaretinə həkim və xəstəxananın müdiri təyin edirlər. Bundan az sonra təsadüfən Gəncədən, oğlundan məktub alır. Bu, sürgün düşərgəsində görünməmiş hadisə idi. Məktubun doktor Ağayevə necə çatdırılmasını və buradakı dözülməz vəziyyəti həmin gizli ölüm düşərgəsinin rəisi xatirələrində belə yazır:

"Bir dəfə səhər-səhər dəniz kənarı ilə gedirdim. Birdən hardansa 18 yaşlı yeniyetmə Semyonov yel kimi uça-uça üstümə tərəf gəldi. "Vətəndaş rəis!" deyə kobud, adamın ürəyini parçalayan vahiməli bir səslə mənə müraciət etdi. Bütün üstü-başı, sifəti göz yaşı və qan içində idi. Biləkdən təzəcə kəsilmiş sol əli gözlərimin qarşısında titrəyirdi:

- "Vətəndaş rəis! Vallah, desyatniklər gündə yüz dəfə bizi döyürlər... Özü də heç nədən döyürlər, vətəndaş rəis... Özünüz fikirləşin, vətəndaş rəis, vur-tut beş yüz qram çörək verirlər... Bununla 25 ağac kötüyü çıxarmaq olarmı? Çıxarmayanda da döyürlər, kötüyün üstündə oturdurlar, qışqırtmağa məcbur edirlər ki, "mən tənbələm"... Yəqin ki, artıq yüz min dəfə qışqırmışam "mən tənbələm!"... Vətəndaş rəis, mən neyləyim?.."

 

(Ardı var)

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2012.- 17 avqust.- S. 5.