Bu gün formalaşmış Azərbaycan diasporu böyük inkişaf yolu keçmişdir

 

 Avqustun 5-7-də Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda forum keçirilmişdir. Forumda Azərbaycanın dövlət, hökumət və parlament nümayəndələri, Rusiya və Türkiyə rəsmiləri iştirak etmişlər. Foruma 26 ölkədən 172  diaspor təşkilatının 200 nəfər nümayəndəsi qatılmışdır və onların 157 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olublar.

Bu forumun əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti ilə bağlı məsələləri bir daha müzakirə etmək idi. Forumda əsasən problemlərə, diaspor təşkilatlarının səmərəli fəaliyyətinə maneə yaradan amillərə diqqət ayrılıb və təkliflər irəli sürülmüşdür. Bildirilmişdir ki, ötən müddət ərzində Azərbaycan diasporu  çox böyük inkişaf yolu keçmişdir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş diaspor quruculuğu siyasəti dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirməyə imkan yaradır. Azərbaycan Prezidenti İlham Əliyev də ümummilli liderin siyasətini davam etdirərək xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına, həmvətənlərimiz arasında birlik və həmrəyliyin gücləndirilməsinə xidmət edən bir sıra tarixi qərarlara imza atmışdır. Məhz dövlət başçısının davamlı dəstəyi sayəsində Azərbaycan qısa vaxt ərzində formalaşmış, müəyyən potensiala sahib olan diasporun yaradılmasına nail olmuşdur. Ötən il Dünya azərbaycanlılarının III qurultayı ərəfəsində Azərbaycan diasporunun 50-dən çox nümayəndəsinin fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi, bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat vəsaitin ayrılması və komitənin əməkdaşlarının bir qrupunun təltif edilməsi bir daha dövlət başçısının diaspor quruculuğu işinə xüsusi önəm verdiyinin əyani təsdiqidir.

Forum çərçivəsində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin diaspor təşkilatları rəhbərləri ilə görüşləri də keçirilmişdir. Bu görüşlərdə ayrı-ayrı regionlarda, ölkələrdə Azərbaycan diasporunun problemləri birgə müzakirə edilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumda çıxış edərək dövlətimizin diasporlobbi quruculuğu sahəsində siyasətinin əsas aspektlərini, istiqamət və prioritetlərini təhlil etmiş, qarşıda duran vəzifələr haqqında fikirlərini söyləmişdir. Əli Həsənov bildirmişdir ki, Azərbaycan diasporunun hər bir nümayəndəsi xarici ölkədə öz vətənini, öz xalqını təmsil edir. Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev Dünya azərbaycanlılarının I qurultayında xaricdə yaşayan azərbaycanlıların fəaliyyət fəlsəfəsini ehtiva edən bir prinsip müəyyənləşdirmişdir: hər bir azərbaycanlı yaşadığı ölkənin dəyərli vətəndaşı olmalıdır. Əli Həsənov diasporun fəaliyyətinin ikinci mühüm şərti olaraq ümummilli lider Heydər Əliyevin "Xaricdə yaşayan hər bir soydaşımız azərbaycanlı olduğunu unutmamalıdır" prinsipini xatırlatmışdır. O, qeyd etmişdir ki, azərbaycanlılar haqqında elə obraz formalaşdırılmalıdır ki, hər bir soydaşımız öz milli mənsubiyyəti ilə fəxr edə bilsin.

Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir və onun özünün siyasi, geostrateji, iqtisadi, hərbi və digər maraqları vardır. Bu maraqların təmin olunmasında Azərbaycan diasporunun nümayəndələri də fəal iştirak etməlidirlər. Bunun ən vacib şərtlərindən biri ondan ibarətdir ki, azərbaycanlılar məskunlaşdığı ölkənin dəyərli vətəndaşı olmalı, o ölkənin inkişafında mühüm yer tutmağı bacarmalıdırlar.

Azərbaycan diaspor quruculuğu işinə başqa ölkələrlə müqayisədə bir qədər gec başladığını qeyd edən Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin son 10 ildə bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirmişdir. O, qeyd etmişdir ki, Prezident İlham Əliyev dünyanın hər hansı ölkəsində yaşayan hər bir azərbaycanlının hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirmişdir ki, dünyanın bir çox ölkəsində güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Lakin diasporun gücünü, potensialını təsdiq edən əsas amillərdən biri onun ictimai-siyasi həyata təsir imkanlarının olmasıdır. Bu baxımdan soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatına daha fəal inteqrasiya etməlidirlər.

Forum zamanı Azərbaycan gənclərinin xarici ölkələrdəki diaspor quruculuğu işlərində gördükləri işlərdən də danışılmış və qeyd olunmuşdur ki, son illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan tələbələr xüsusi fəallıq göstərirlər. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan cəmiyyətləri fəaliyyət göstərdiyi ölkələrin parlamentlərinə inteqrasiya olunmalı, seçki proseslərinə qoşulmalı, bələdiyyələrlə əlaqələr qurmalıdırlar. Bundan başqa, diaspor təşkilatlarının nəzdində inteqrasiya komitələri yaradılmalı, KİV-lərlə əlaqələr qurulmalı, soydaşlarımız ictimai təşkilatlara qoşulmalı, mədəniyyət layihələrinin sayı artırılmalıdır. Bununla yanaşı qeyd olunmuşdur ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin prioritet istiqamətlərindən biri də soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsidir və hazırda dünyanın bir sıra ölkələrində azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan mərkəzlər fəaliyyət göstərir.

Forumun yekun toplantısında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aparılan müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirmişdir. O, xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor təşkilatları ilə fəal əməkdaşlıq etmələrinin vacibliyiniqeyd etmişdir. Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşdüyünü deyən Prezident Administrasiyasının rəsmisi Azərbaycan dövlətinin də xaricdə yaşayan soydaşlarımızın mənafelərini hər zaman nəzərə aldığını vurğulamışdır. Əli Həsənov demişdir: "Biz heç bir diaspor təşkilatına göstəriş verə, onların fəaliyyəti ilə bağlı qərar qəbul edə bilmərik. Biz yalnız sizə müəyyən tövsiyələr verə, qəbul etdiyiniz qərarların icrasında dəstək göstərə bilərik. Bizim istədiyimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır, diasporun daha güclü, daha mütəşəkkil qüvvəyə çevrilməsidir".

Forumda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Müraciətdə forum iştirakçılarının Azərbaycan diasporuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığı öz əksini tapmışdır. Sənəddə qeyd olunmuşdur ki, diaspor təşkilatları bundan sonra da ölkəmizin milli maraqlarının qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səylərini əsirgəməyəcəklər.

Tədbirin sonunda isə müzakirələrdə irəli sürülmüş təkliflər əsasında hazırlanmış forumun yekun sənədi - "Azərbaycan diaspor təşkilatları rəhbərlərinin "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda forum iştirakçılarının birgə bəyanatı"nın layihəsi səsə qoyularaq qəbul edilmişdir. 25 bənddən ibarət olan sənəddə gənclərin və qadınların diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb olunması, lobbi quruculuğu sahəsində fəaliyyətin genişləndirilməsi, Türkiyədə yaşayan azərbaycanlı ziyalıların forumunun, Orta Asiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə toplantısının, Ukrayna azərbaycanlıları qurultayının və Skandinaviya ölkələri azərbaycanlılarının konqresinin təşkili ilə bağlı müddəalar əksini tapmışdır. Bundan başqa, bəyanatda soydaşlarımızın yığcam yaşadığı regionlarda şəbəkələrə malik "Azərbaycan diasporu informasiya mərkəzi"nin yaradılması, "Xocalıya ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyasına dəstəyin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflərin verilməsi də qərara alınmışdır.

Beləliklə, Türkiyədə keçirilən bu forum bir daha təsdiq etdi ki, Azərbaycan dövləti hər bir azərbaycanlının arxasındadır, ona dayaqdır. İndi bir çox ölkədə Azərbaycan diaspor təşkilatlarının potensialı ictimai-siyasi proseslərə fəal şəkildə qoşulmağa imkan verir. Azərbaycanlıların təşkilatlanması, ictimai-siyasi fəallığının yüksəldilməsi bizim üçün prioritet məsələlərdir. Bu sahədə müəyyən işlər görülmüşdür və qısa vaxtda böyük nailiyyətlər əldə edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 18 avqust.- S. 3.