O, orkestrin ürəyi idi

 

Ölkə Prezidenti İlham Əliyevin 2010-cu ilin may ayında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış dirijor və bəstəkar Niyazinin (Niyazi Zülfuqar oğlu Tağızadə-Hacıbəyov) 2012-ci ilin avqustunda keçiriləcək 100 illiyi ilə bağlı imzaladığı sərəncamda deyilir: "Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifəsini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr vermişdir".

Ötən əsrin 30-cu illərindən bəstəkarlıq və dirijorluq fəaliyyətinə başlayan Niyazi Tağızadə-Hacıbəyov Azərbaycan ifaçılıq sənətinin inkişafında və təbliğində böyük rol oynamışdır. Musiqi xadimlərimiz arasında elə bir sənətkar tapmaq çətindir ki, Niyazi qədər müxtəlif mükafatlar, ad-san, şöhrət və xidmət sahibi olsun. Fikir verin, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, respublika Dövlət mükafatı laureatı, Beynəlxalq Cəvahirləl Nehru mükafatı laueratı, Bolqarıstan Xalq Respublikasının "Kirill və Mefodi" ordeni, Macarıstan Xalq Respublikasının xüsusi adlı medalı ilə təltif olunmuşdur. Niyazi keçmiş SSRİ-nin ən yüksək təltifi sayılan "Lenin" ordeninə iki dəfə layiq görülmüşdü. "Qırmızı Əmək Bayrağı", "Şərəf" nişanı ordenlərini almışdı. Biz bütün təltifləri, mükafatları, orden və medalları, fəxri fərmanları, diplomları sıralasaq, çox uzun bir siyahı alınar.

Orijinal ifaçılıq üslubuna malik Niyazi Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak edib. Uzun illər - fasilələrlə bu musiqi kollektivinin bədii rəhbəri və dirijoru olub. Respublikamızda dirijorluq məktəbinin formalaşması və inkişafı məhz maestronun adı ilə bağlıdır. Onun traktovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən dahi Üzeyir Hacıbəylinin "Koroğlu" operası sovet musiqisinin qızıl fonduna daxildir. Unudulmaz bəstəkar Üzeyir Hacıbəylinin sağlığında Niyazi onun arzularını həyata keçirən, milli musiqimizin inkişafında zəhmət çəkən layiqli bir davamçısı kimi fəaliyyət göstərirdi. O, 1935-ci ildə "Rast" və "Şur" muğamlarımızı nota saldırdı. Niyazi "Xosrov və Şirin" operasını yaradanda cəmi 30 yaşı vardı. O, "Zaqatala" süitası, "Qaytağı", "Konsert valsı", "Ləzgihəngi" kimi əsərləri lap gənc yaşlarında milli musiqimizə töhfə etmişdi.

Azərbaycanda ilk simfonik əsərlərin müəlliflərindən sayılan unudulmaz Niyazinin musiqimizdə bu janrın inkişaf etməsində misilsiz xidmətləri olmuşdu. Onun məşhur "Rast" simfonik muğamı zəngin melodiyası, güclü emosional təsiri, şirin ahəngi və qeyri-adi səslənişi ilə seçilirdi. Təsadüfi deyildir ki, bu əsər dünyanın demək olar ki, bir çox ölkəsində səslənmişdi. Hələ sovet dövründə Azərbaycan bəstəkarı, məşhur dirijor olan Niyazinin "Rast" simfonik muğamı ABŞ-ın "Rikordi" musiqi şirkəti tərəfindən qrammofon valına yazılmışdı.

Böyük dirijorun həyat fəaliyyəti ilə bağlı müəyyən axtarışlar apardıqda üzləşdiyim bəzi faktlar məni həm sevindirdi, həm də heyrətləndirdi. Niyazi keçmiş sovet məkanında dünyanın tanıdığı, sevdiyi, qiymətləndirdiyi, habelə müxtəlif ali mükafatlara layiq görüldüyü çox qüdrətli və qeyri-adi istedada malik musiqi xadimidir.

Niyazinin əsas ifaçılıq fəaliyyəti Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə sıx bağlı olmuşdu. Onun bioqrafiyasından məlum olur ki, dahi bəstəkar bu teatrda müxtəlif vəzifələrdə - dirijor, direktor, bədii rəhbər və baş dirijor kimi çalışmışdı. Maestronun böyük şövq və məhəbbətlə bu möhtəşəm teatrımızda tamaşaya hazırladığı "Nərgiz" (M.Maqomayev), "Vətən" (Q.Qarayev və C.Hacıyev), "Sevil" (F.Əmirov), "Qaratoxmaq qadın" (P.Çaykovski), "Knyaz İqor" (A.Borodin), "Karmen" (J.Bize)... operaları, "Gülşən" (S.Hacıbəyov), "Yeddi gözəl", "İldırımlı yollarla" (Q.Qarayev)... baletləri incəsənət tariximizin yaddaqalan səhifələridir. Azərbaycanın başqa bir azman bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti 40 ildən çoxdur ki, dünyanın musiqi salonlarında göstərilir. Bu əsər insanları heyrətə gətirməklə bərabər, Azərbaycan musiqisinin qüdrətindən xəbər verir. Həmin baleti ilk dəfə 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında tamaşaya məhz Niyazi hazırlamışdı. Niyazini yaxından tanıyanlar təsdiqləyirlər ki, onda çox böyük istedad və qəribə məharət var idi. Keçmiş SSRİ-nin məşhur bəstəkarları çalışırdılar ki, onların əsərlərinə məhz Niyazi quruluş versin.

O, Avropanın möhtəşəm teatrlarında özünü dəfələrlə təsdiqləmişdi. Parisin, Londonun teatr səhnələrində göstərilən müxtəlif opera və baletlərə dirijorluq etmişdi. Sovet dövründə bizim Türkiyə ilə əlaqələrimizin demək olar ki, olmadığı bir vaxtda Niyazi Ankaradan, İstanbuldan dəvətlər alırdı. Onu müxtəlif operalarda dirijorluğa dəvət edirdilər. Böyük sənətin, qeyri-adi istedadın, bənzərsiz musiqi qabiliyyətinin qarşısında hədlər və sədlər çox zəif görünürdü. Niyazi İstanbulda türk bəstəkarı Ə.Sayçunun "Koroğlu" operasının ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdi.

Bu faktı dəfələrlə təkrar etməkdən qürur duyuruq ki, Niyazi bütün qitələrdə sevilirdi. Bütün varlığı ilə millətinə bağlı olan, onun mədəniyyət tarixinin zənginləşməsində öz yaradıcılıq töhfələrini əsirgəməyən Niyazi həm də böyük mənada beynəlmiləlçi idi. Onu bəşəri ideyalar, duyğular, bütövlükdə insan düşündürürdü. Bu mənada o, 1961-ci ildə məşhur hind yazıçısı Rabindranat Taqorun "Çitranqoda" fəlsəfi dramının motivləri əsasında "Çitra" baletini yazdı. Bu balet Hindistanda da böyük maraqla qarşılandı.

Musiqimizin hansı tərəfindən Niyaziyə müraciət etsək, onu zirvədə görürük. İstedad öz yerində, vaxt baxımından da heyrətlənirsən ki, o, bütün bunları necə çatdırırmış? Qətiyyətlə deyə bilərik ki, Niyazinin Azərbaycan kinosunun inkişafında da xüsusi yeri vardır. Məsələn, "Almaz", "Kəndlilər", "Fətəli xan", "Mahnı belə yaranır"... kimi filmlərin musiqisinin müəllifi Niyazidir. Məşhur dirijor həm də gözəl mahnı bəstəkarı idi. O, təkcə fortepiano və orkestr üçün əsərlər yazmırdı. "Vətən haqqında mahnı", "Təbrizim", "Arzu", "Dağlar qızı"... adlı nəğmələri Niyazinin bizə bəxş etdiyi ən gözəl şərqilərdən sayılır. "Kəklik", "Qaragilə", "Xumar oldum", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s. Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləmişdi.

O, bir tərəfdən orijinal əsərlər üzərində düşünür, yaradır, o biri tərəfdən mahnı bəstələyir, tamaşalar, kinofilmlər üçün musiqi yazır, axşam konsert salonlarında möhtəşəm opera və baletlərə, oratoriyalara dirijorluq edir, musiqimizin problemləri ilə məşğul olur və Dövlət Filarmoniyasının rəhbəri vəzifəsini aparırdı. Hamısını da çox ustalıqla, böyük məharətlə, məsuliyyətlə yerinə yetirirdi. Niyazi bütövlükdə heyrətin, təəccübün, məhəbbət və ehtiramın mücəssəməsi idi. O, dirijor pultu arxasında görünəndə bütün salonun diqqətini özünə çəkirdi. Niyazi bütün varlığı ilə orkestrin mayası, canı, qanı, ürəyi idi. O, 1979-cu ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdı.

1970-ci illərin sonu, 80-ci illərin əvvəllərində üç ildən bir respublikamızda məktəblilərin mahnı və rəqs bayramı keçirələrdi. O musiqili bayramın təntənəli günlərini indiki kimi xatırlayıram. Respublika stadionunda maestro Niyazi dirijor pultunda görünən kimi ətrafı gurultulu alqış sədaları bürüyürdü. Uşaqlar Niyazinin dirijorluğu ilə qabiliyyətlərini məharətlə nümayiş etdirərdilər.

O xoşbəxt günlərin birində dünya şöhrətli dirijorumuzla görüşüb söhbət etmək mənim də qismətimə düşdü. Vədələşdiyimiz kimi, Dövlət Filarmoniyamızda görüşməli idik. Vaxtından qabaq gəldiyimdən salona daxil oldum. Maestro məşq edirdi. Onu görənlər gözəl bilirlər ki, əllərində dirijor çubuğu ilə orkestrin ürəyinə çevrilmiş Niyazi tamaşaçı üçün başdan-ayağa sirr və möcüzə idi. Özümü çox xoşbəxt sanırdım ki, salonda bir mən idim, bir də o möcüzənin doğurduğu qeyri-adi musiqi. İnsanın bütün varlığı təlatümə gəlirdi. Çalğıdan çox Niyazinin sifətindəki cizgilər, əllərinin çevik hərəkətləri, müxtəlif səmtlərə fırlatdığı dirijor çubuğu qəribə təsir bağışlayırdı. Nə yaxşı ki, mən bunları yaxından görmüşəm.

...Maestro ilə söhbətimiz çox şirin keçdi. Həmin müsahibədən bəzi məqamları bu yazımda da xatırlatmağa lüzum duydum. Çünki Niyazi elə məsələlərə, elə mövzulara toxunurdu ki, bu gün də aktual və vacibdir. O deyirdi: "Qılınc kəsməyəni sözlə kəsiblər. Güc açmayan qapını sözlə açıblar. Yəqin ki, Qobustan qayalıqlarındakı rəsmlərə fikir vermisiniz. Orada bizim milli rəqsimiz olan "Yallı"nın ilk formaları öz əksini tapmışdır. Yeridir, elə burada bir məsələni xatırladım. Bir də görürsən, məktəb rəqs qruplarının konsertlərində elan edilir: "Yallı" oynayırlar. Düz deyil. "Yallı"nı gedərlər, oynamazlar. "Yallı" qoçaqlıq, igidlik, cəsurluq rəmzi kimi qüvvət, güc dəstəsi kimi yaradılıb. "Yallı"nı gedən rəqs qrupları içərisində məni ən çox sevindirən Naxçıvan və Qarabağ məktəbliləridir".

Mən o vaxtlar pedaqoji mətbuatda çalışdığımdan böyük Niyazi bir arzusunu da bildirdi ki, kaş bütün məktəblərimizdə xor kollektivləri təşkil olunaydı. Xorla oxunan nəğmələr hər şeydən əvvəl, həyata, dövrə münasibəti əks etdirir. Həm də çoxsəsli kollektivin artırılması mədəniyyətin inkişafı üçün vacibdir. Maestro arzulayırdı ki, məktəblərə görüşə gedən bəstəkarlar, müxtəlif sənət adamları həmin təhsil ocağını hamiliyə götürsün. Onlara incəsənət, ədəbiyyat sahəsində lazımi kömək etsin. Niyazi qətiyyətlə deyirdi: "Bəstəkar məktəblə il boyu öz əlaqəsini davam etdirməlidir. Mənim arzum odur ki, bütün müəllimlərimiz Üzeyir bəyə oxşasınlar. Çünki bizim dahi Üzeyir, Müslüm Maqomayev, ilk dirijorumuz olan Əbdürrəhim bəy Haqverdiyev Qori seminariyasını bitirmişdilər. Onlar əslində müəllim idilər. Amma fikir verirsinizmi, daxili istək, həvəs, əsl vətənpərvərlik onları hansı zirvəyə yüksəltdi. Müəllim hər şeyə qadir güclü bir insan deməkdir. Təkcə hərfləri öyrətmək azdır. Biz gərək 32 hərfin daxilindəki musiqini, nəğməni uşaqlara çatdırmağı bacaraq".

Təəssüf ki, bir ildən sonra böyük bəstəkar və dirijor dünyasını dəyişdi. İndi bizə ondan xoş xatirələr, əzəmətli musiqi və həmişəyaşar əsərlər qalıb.

...Yenə də o unudulmaz insan böyük bir orkestri öz sehirli çubuğu ilə idarə edir. Salonun bütün diqqəti ancaq Niyazidədir. Sifətinin cizgilərində "Koroğlu" uvertürasının bənzərsiz melodiyaları oxunur. Əllərinin hərəkətində igidlərin Vətən, torpaq uğrunda yürüşü duyulur. Gözlərinin dərinliyində bir ölməzlik işarəsi parıldayır. Allah, Allah, musiqi sona yetdi. Baxdığımız lent yazısı imiş.

Allah sənə rəhmət eləsin, böyük ustad! Sən həmişə bizimləsən! Biz də gəldi-gedərik. Sən isə gələcəyə gedirsən!

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 18 avqust.- S. 5.