Talan olunmuş sərvətlər

 

Ötən əsrin əvvəllərində olduğu kimi, sonlarında da ermənilərin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində bu yerlərdəki milli-mənəvi və maddi-mədəniyyət abidələri yerlə-yeksan edildi. Təəssüf ki, bu işğalçılıq və terrorçuluğa dünya hələ də dözür, təcavüzkar Ermənistan isə havadarlarının köməyi ilə çirkin siyasətini davam etdirməkdə, beynəlxalq hüquq və normaları pozmaqdadır.

Tarixi, dini və mədəni abidələri, milli-memarlıq nümunələri ilə zəngin Cəbrayıl rayonu da 19 il öncə vandalizm siyasətinin qurbanına çevrildi. Daşnakların məqsədi qonşu torpaqlarını yalnız zəbt etmək deyil, işğala məruz qoyduqları ərazilərdəki abidələri - tarixin yadigarlarını yer üzündən silərək guya onların ermənilərə məxsus olduğunu sübuta yetirməkdir. Cəbrayıl rayonu ərazisində də belə sərvətlər - maddi-mədəniyyət abidələri az olmayıb. Təəssüf ki, bu gün onların əlimizdə olanı yalnız adları və göz dağına çevrilən şəkilləridir. Ümumiyyətlə isə erməni təcavüzkarları Azərbaycanın mədəni irsi olan mədəniyyət obyektlərini xüsusi qəddarlıqla talan etmişlər. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduğu ziyanın dəyərini dəqiqləşdirmək o qədər də asan deyil. Çünki elə maddi-mənəvi sərvətlərimiz talan edilib ki, onarı heç bir meyarla qiymətləndirmək mümkün deyil. Dağıdılmış sərvətlər nəinki Azərbaycanın, həm də sivilizasiyalı bəşəriyyətin əvəzolunmaz mədəniyyət nümunələri idi.

Milli-mənəvi dəyərlərimizin, tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrini qoynunda minilliklər boyu saxlayan, 82 kəndi, 74 məktəbi, 12 mədəniyyət evi, 32 klubu olan Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixdə erməni vandalizminin qurbanına çevrildi. Rayonun münbit və məhsuldar torpaqları kəhrizlərdən başqa Həkəri və Araz çaylarından qidalanırdı. Xatırladaq ki, Ermənistanın təcavüzkarlığı daha da genişlənərək intensiv xarakter alanda rayonun müdafiəsinə qalxanlar az deyildi. Təkcə Cəbrayıl şəhərinin işğalı günü 50 nəfər canını torpağa qurban verib.

Tarixin qanlı-qadalı səhifələrini vərəqlədikcə düşmənin məkrli siyasəti ilə yanaşı, xalqımızın torpağa, Vətənə məhəbbətini, bu yolda ölümün gözünə dik baxdığını, qorxmazlığını və cəsarətini də görürük. Belə olan təqdirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarətində qalmasına imkan verməyəcəyik. Qarabağın qara günlərinə səbəb olan düşmənin bugünkü vəziyyəti də təsdiqləyir ki, özgə torpağında açılan göz çaş, imək tutan diz taqətsiz olur.

Tarixi-memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamamını, Xudayarlı kəndindəki Dairəvi və səkkizguşəli türbələri (XIX əsr), Şıxlardakı Dairəvi türbəni (XIV əsr), Xudafərin körpülərini (erkən orta əsrlər), Diri Dağındakı Qız qalasını, Dağtumasdakı Başıkəsik günbəzi, Gordubaba dağındakı məzarı misal göstərmək olar. Dini abidələr də burada az olmayıb: "Hacı Qaraman", "Cəbrayıl ata", "Dül-dül", "Mazannənə" ziyarətgahları və s. Dağtumasdakı "Tumas ata", "Divlər sarayı", Mahmudludakı "Canqulu" və "Qumtəpə" kurqanları, Tatardakı Siklop tikililər, Cəbrayıl şəhəri yaxınlığındakı "Ağoğlan" qədim arxeoloji abidələr siyahısına daxildir.

Cəbrayıl ata kəndin şimalındakı ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun olaraq, ona məxsus torpaqların yuxarı başında, Alpaşa dağının hündür və tamaşalı yerində, ayrıca dəfn edilmişbura müqəddəs ziyarətgaha çevrilmişdir.

Cəbrayıl şəhərinin mərkəzindəki "Qara daş" səmadan gələn hesab olunduğu üçün əhali tərəfindən müqəddəs ziyarətgah sayılırdı.

Rayonun ərazisindəki tarixin yadigarları təkcə adları çəkilənlər deyil. Burada qədim dövrlərdən qalma "Ağoğlan" abidəsi də vardır ki, tarixi mənbələrdən alınan məlumatlarda göstərilir ki, qeyri-bərabər döyüşdə öldürülən gözəl bir oğlan burada dəfn edilmişdir. İslam dini meydana gəldikdən sonra "Ağoğlan" abidəsi müsəlmanların ziyarətgahına çevrilmişdir. "Ağoğlan" kimi, pir tək qəbul edilən yerlərə Cəbrayıl rayonu ərazisində çox rast gəlinir. Məsələn, "Qurbantəpə" adlanan pir Qafqaz Albaniyası dövründə əhalinin hələ Günəşə, Aya sitayiş etdikləri ilk Tunc dövrünün son nişanələrindəndir. Əhali hər yeni il gəlsin, məhsul bol olsun deyə, bu təpədə qurbanlar kəsir, bişirdiyi xörəyin suyundan gündoğan tərəfə səpir, sonra yeyir və Günəşə sitayişi kütləvi halda şadlıq edirdilər. XIX əsrin ortalarından başlayaraq Cəbrayıl qəzasının başqa yerlərindən köçüb gedən Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşmış, onların saldıqları kənd isə Qurbantəpə adlandırılmışdı.

Mazannənə, Mərmərnənə ziyarətgahları da Cəbrayıl rayonundadır. Professor Mirəli Seyidovun tarixi mənbələrə istinadən verdiyi məlumata görə, Nənə qədim türkdilli tayfalarda Allahın anasının adı olmuşdur. Professor Z.İ.Yampolskinin Mazannənə abidəsi barədə yazdıqlarında isə deyilir ki, o, Madərşahlıq zamanının yadigarıdır və sonralar islam dininə uyğunlaşdırılaraq "Ocaq" hesab edilmişdir. Həmin abidənin yaxınlığında nişanələri qalan köhnə yaşayış məskəni də məhz buna görə Mazannənə kəndi adlandırılmışdır. Bu kəndin ətrafındakı qədim qəbiristanlıqdakı məzarların birinin sinə daşı üstündə yazılıb: "Əziz ibn Seyid Əl-Məhəmməd". Digər qəbirlərin üstündə hicri 750, 760 və 809-cu illər yazılması da təsdiq edir ki, bu yerlərin ən qədim sakinləri azərbaycanlılar olmuşlar. Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadının yerli əhali tərəfindən Mazannənə hesab edilməsi də maraqlıdır.

Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı Tumasata abidəsi bütpərəstlik dövrünün yadigarıdır. Kəndin sakinləri Tumasatanı öz əcdadları sayır və müqəddəs ocaq kimi sitayiş edirdilər.

Rayonun ərazisində erməni vandalları tərəfindən məhv edilmiş tarixi, maddi-mədəniyyət abidələri çoxdur. Onlar düşmənlər tərəfindən darmadağın olunsalar da, gələcək nəsillər bilməlidir ki, adlarını çəkdiyimiz bu tarixi yadigarlar xalqımızın mənəvi sərvətləri sırasındadır: 11 tağlı Xudafərin körpüsü (XI-XII əsrlər), 15 tağlı Xudafərin körpüsü

(XIII əsr), Niftalı kurqanları (Tunc dövrü, Xudayarlı kəndi), Ağoğlan nekropolu (ilk orta əsrlər), Karxulu kurqanları və yaşayış yeri (Tunc dövrü), Canqulu kurqanı (Tunc dövrü), Qustəpə kurqanı (Tunc dövrü), İmanqazan təpələri (Tunc dövrü, Şıxlar kəndi), Şıxlar mağarası (Daş dövrü), Şıxlı kurqanları (Son Tunc dövrü), İmanqazantəpə kurqanları (Son Tunc dövrü), Qaladağ qalaçası və yaşayış yeri (ilk orta əsrlər), Məscidtəpə kurqanı (Tunc dövrü), Naftalı kurqanları (Son Tuncilk Dəmir dövrü) və s.

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbaslı bildirir ki, Cəbrayıl rayonu olduqca qədim, zəngin tarixə və mədəniyyətə malik bir ərazidir: "Buradakı zəngin memarlıq və arxeoloji abidələr, xalqın minillik qan yaddaşından xəbər verən ayrı-ayrı yaşayış məntəqələri, mühüm tarixi əhəmiyyət daşıyan bu torpaqlar qədim türk-oğuz yurdu olduğundan soraq verir. Rayonun ərazisi başdan-başa tarixi memarlıq abidələri ilə zəngindir. Araz çayı üzərindəki çoxtağlı Xudafərin körpüləri, Xubyarlı və Şıxlardakı səkkizguşəli və dairəvi türbələr, Dağtumasdakı Başıkəsik günbəz, Sirikdəki Qala, Çələbilərdəki məscid-mədrəsə kompleksis. dediklərimizə sübutdur. İşğalla bağlı artıq onların taleyindən xəbərimiz yoxdur".

Son iki yüz ildə Azərbaycan ərazilərinə göz dikmiş daşnaklar və onların havadarları ilk növbədə bu sərvətimizin bir hissəsini ələ keçirib saxtalaşdıraraq milli varlığımıza qənim kəsildilər. Qarabağdaonun ətrafında yerləşən, zəngin sərvətlər məskəni olan ərazilərimizi işğala məruz qoyan erməni vandalları qənimət kimi ələ keçirdikləri bütün maddi-mədəniyyət nümunələrini məhv etməyi qarşılarına birmənalı şəkildə məqsəd qoymuşdular. 1992-93-cü illərdə bu talançılıq özünün ən acınacaqlı həddinə çatmışdır. Ermənilər Xocalıdan sonra Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanın işğalı zamanı torpaqların zəbt olunması ilə yanaşı, həmin rayonlarda fəaliyyət göstərən infrastrukturla bərabər mədəniyyət müəssisələri sırasına daxil olan tarix-diyarşünaslıq muzeylərini də qarət edib dağıtdılar.

Təəssüf ki, tarixən bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən sığortalanmayıbdır. Hər dövrün özü ilə gətirdiyi "səmum yeli" onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Erməni işğalçılarının talan etdiyi abidələr də Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə yer üzündən silinmişya erməniləşdirilmişdir. Təsadüfi deyil ki, dağıdılmış, məhv edilmiş maddi-mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin ərazilərində muzeylərində qorunub saxlanan zəngin sərvətlər də talan edilərək Ermənistana daşınmışdır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 23 avqust.- S. 4.