Əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində tədbirlər davam edir

 

Ölkə Prezidenti İlham Əliyev tərəfindən dövlət strukturları qarşısında qoyulmuş tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyi tərəfindən əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir.

Son zamanlar işəgötürənlər tərəfindən yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində aparılan təsirli tədbirlər nəticəsində işəgötürənlər arasında sosial məsuliyyətin güclənməsinə baxmayaraq, bəzi işəgötürənlər tərəfindən qanunla müəyyən edilmiş vergi və ödənişlərdən yayınmaq məqsədilə qanunvericiliyin tələblərinin pozulması halları hələ də davam etdirilir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, işəgötürənlər işçilərlə əmək müqavilələri bağlamadan yerlərini rəsmiləşdirmədən vətəndaşları müxtəlif işlərin görülməsinə cəlb edir, nəticə etibarilə qeyri-qanuni məşğulluğu təmin etməklə vergilərdən yayınmağa çalışırlar.

Vergilər Nazirliyi əmək münasibətlərinə nəzarət sahəsində həyata keçirilən tədbirlər çərçivəsində işçilərlə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin (kontraktının) bağlanılmaması meyarı üzrə daha bir riskli vergi ödəyicisi - "Səfalı Ticarət Mərkəzi" ASC-nin fəaliyyət sahəsi üzrə müvafiq vergi nəzarəti tədbirləri keçirmişdir.

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binası inşa edən "Səfalı Ticarət Mərkəzi" ASC-də keçirilmiş kompleks tədbirlər nəticəsində ASC-nin rəhbərliyi tərəfindən 43 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, bununla da onların gəlirlərinin gizlədildiyi aşkarlanmışdır. Əmək müqaviləsi bağlanılmayan işçilərdən və ASC-nin rəhbərliyindən alınmış izahatlardan aydın olmuşdur ki, həmin fəhlələrin əksəriyyətinin tikinti sahəsində bir neçə ay ərzində çalışdığına baxmayaraq, onların heç biri ilə əmək müqavilələri (kontraktları) bağlanılmamış və sənədləşdirmə işləri aparılmamışdır. "Səfalı Ticarət Mərkəzi" ASC-nin vergi orqanlarına təqdim etdiyi muzdlu işlə əlaqədar vergi bəyannamələrində isə cəmi bir neçə nəfər işçinin müxtəlif işlərə cəlb edildiyi bəyan edilmişdir.

Nəzarət tədbirləri zamanı həmçinin tikinti işlərinə cəlb edilmiş işçilərin hüquqlarını pozaraq onların əmək təhlükəsizliyi qaydalarına riayət edilmədən, müvafiq qoruyucu geyim və ayaqqabılarla təmin edilmədən işlədildiyi aşkarlanmışdır.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 8.