Vətəndaşların sosial müdafiəsində təkmil mexanizmlər tətbiq olunur

 

 2012-ci il Azərbaycanda iqtisadiyyatın inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Həyata keçirilən düşünülmüş sosial siyasət nəticəsində əhalinin rifahının yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət yeni uğurlara imza atıb.

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə aztəminatlı əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun tamamilə aradan qaldırılmasına xidmət edən bütün sosial müdafiə tədbirləri ardıcıllıqla həyata keçirilir.

Prezident İlham Əliyevin aztəminatlı vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə təsdiqlədiyi "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna əsasən, 2006-cı ilin iyul ayının 1-dən etibarən respublikamızda ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanılması da əhalinin aztəminatlı təbəqəsinin yaşayışında mühüm rol oynayır. Ünvanlı sosial yardım təyin edilərkən yoxsulluğun aradan qaldırılması, bu yardımın real olaraq ehtiyaca uyğun müəyyən edilməsi və subyektin dəqiq seçilməsi vacib faktor kimi nəzərdə tutulur.

Ötən illər ərzində ünvanlı yardım sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilib. Məsələn, yardımların təyinat müddəti 6 aydan 1 ilədək uzadılıb, eləcə də ünvanlı yardımın əhatə dairəsi genişləndirilib, yardım üçün təqdim olunan sənədlərin sayı azaldılıb. 2012-ci ilin 1 iyul tarixinə respublikada 634 min 491 nəfəri əhatə edən 143 minə yaxın ailəyə ünvanlı sosial yardım təyin olunub, hər ailəyə düşən yardımın orta aylıq məbləği 109 manatdan çox olub. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-cı ildəki 30 manatla müqayisədə ötən müddətdə təxminən üç dəfəyə yaxın artırılaraq cari ilin əvvəlindən 84 manata çatdırılıb. 2006-cı ildə ehtiyac meyarı yaşayış minimumuna nisbətdə 51,7 faiz təşkil edirdisə, hazırda bu nisbət 77,8 faizdir. Bu müsbət dinamika 2015-ci ilədək ehtiyac meyarının məbləğinin yaşayış minimumuna çatdırılmasına imkan verəcək.

Ünvanlı sosial yardımların verilməsi aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılmasına böyük töhfələr verir. Bu yardımın təyinatı zamanı ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsipləri ön planda yer alır. Ona görə də  ünvanlı sosial yardım proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması üçün ünvanlı sosial yardımla bağlı alternativ müraciət mexanizmləri (poçtelektron) hazırlanıbuğurla həyata keçirilməkdədir. Artıq 27 rayonda vətəndaşlar ünvanlı yardımı almaq üçün alternativ qaydada, yəni poçtelektron qaydada müraciət etmək imkanına malikdirlər.  Yardımların təyinatında şəffaflığın artırılması, məmur-vətəndaş əlaqəsinin minimuma endirilməsi üçün yaradılan alternativ müraciət mexanizmləri cari ilin sonunadək bütün ölkədə tətbiq ediləcək.

Aztəminatlı ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımlarının ödənişi sisteminin təkmilləşdirilməsində şəffaflığın artırılması əsas prioritetlərdən biridir.  Bu yaxınlarda  ünvanlı sosial yardımların təyinatına nəzarətin gücləndirilməsi, həmin yardımların ödənişi sisteminin daha da təkmilləşdirilməsi, yeni icra mexanizmlərinin sınaqdan keçirilməsi məqsədilə ödənişlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə başlanılıb. Bununla da məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə nail olunaraq ünvanlı sosial yardımların ödənişində maliyyə şəffaflığı təmin edilib.

Ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılması üçün ilkin olaraq Sabunçu, Binəqədi, Masallı, Ucar, Cəlilabad və Səbail rayonları pilot rayonlar kimi seçilib. Yaxın vaxtlarda bu sistemin ölkənin digər rayon və şəhərlərində də tətbiqi nəzərdə tutulur.

Aztəminatlı əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında, yoxsulluğun aradan qaldırılmasında ünvanlı sosial yardım sistemi ilə paralel olaraq ölkəmizdə mütərəqqi dünya təcrübəsindən irəli gələn mexanizmlərin tətbiqinə də üstünlük verilir. Bu məqsədlə hazırlanan "Özünədəstək" - birdəfəlik ünvanlı sosial yardım proqramının icrası da uğurla davam etdirilməkdədir. Proqram şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək istəyən aztəminatlı ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləğinin qabaqcadan birdəfəlik formada ödənilməsini nəzərdə tutur. Beləliklə, aztəminatlı ailələrin daimi məşğulluğunu, potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrini və beləliklə, dövlət yardımından asılı vəziyyətdən çıxmalarını özündə ehtiva edən bu proqram ilk dəfə ötən il Tovuz rayonunda sınaqdan keçirilib. Əldə olunan müsbət təcrübə əsas götürülməklə 2012-ci ilin ilk rübündə Füzuli rayonunda da bu proqramın icrasına başlanılıb. Ötən müddətdə isə Masallı, Xaçmaz, İsmayıllı, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Bakının Nizami rayonlarında və Sumqayıt şəhərində icra olunub.

Son olaraq iyulun 25-də Ağcabədi rayonunda 60, Ağdam, Füzuli və Beyləqan rayonlarının hər birində 15 ailə olmaqla, ümumilikdə 105 ailənin bu proqrama cəlb olunması üçün sosial müqavilələr imzalanıb və onlara müvafiq bildirişlər paylanıb. Proqram, ilk növbədə, mərhələli şəkildə bütün cəbhəyanı kəndlərdə və ümumən ölkənin hər bir rayonunda icra olunacaq.   

Respublikamızda sosial problemlərin yoluna qoyulması, o cümlədən insanların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın iqtisadi inkişafı isə belə bir fikri söyləməyə əsas  verir ki, dövlətimizin maliyyə imkanları artdıqca vətəndaşların sosial rifahı daha da yaxşılaşacaq.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 4.