Avrasiya coğrafiyasında birlik sabitliyin təminatına xidmət edir

 

Azərbaycan ilə Qırğızıstan son illər münasibətlərinin yeni mərhələsinə qədəm qoyublar. Hər sahədə yaxınlaşma, əlaqələri dinamik şəkildə inkişafetdirmə meyilləri göz önündədir. Qırğızıstan Prezidenti Almazbek Atambayev Bakıda səfərdə olarkən Azərbaycan rəhbəri bu fikrin üstündə xüsusi dayanaraq bu yaxınlaşmada A.Atambayevin əməyini yüksək qiymətləndirmişdi: "Siz Qırğızıstana rəhbərlik edəndən sonra biz münasibətlərimizin inkişaf dinamikasını, bu münasibətləri inkişaf etdirmək üçün real, ciddi əzmkarlıq göstərildiyini görürük. Ən başlıcası, biz öz vədlərimizə, razılaşmalarımıza sadiqik. Bir neçə ay bundan əvvəl olmuş ilk görüşümüz münasibətlərimizin fəallaşmasına gətirib çıxarıbE Türk dünyası Prezident Atambayevin şəxsində xalqlarımızın birliyinin ümumi tarixlə, ümumi mədəniyyətlə birləşən müstəqil dövlətlərin yaxınlaşmasının çox fəal təbliğçisini və tərəfdarını qazanmışdır".

Həmin görüşlərdə münasibətlərimizin böyük gələcəyinə inanan Azərbaycan və Qırğızıstanın dövlət başçıları həm siyasi, iqtisadi, investisiyabaşqa sahələri əhatə edən inkişaf yolları müəyyənləşdirmişdilər. Həmçinin türk dünyasının bütövlüyünü daha da möhkəmləndirmək, inteqrasiya proseslərində fəal iştirak etmək, planetimizdə yaşayan türk xalqlarının yaxınlaşdırılmasına yönəldilmiş bütün təşəbbüsləri dəstəkləmək barədə razılığa gəlmişdilər.  

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İkinci Zirvə görüşünin Bişkekdə keçirilməsi və görüşdə müzakirəyə çıxarılan məsələlər bu müqavilələrin əhəmiyyətini göstərdi. Şuraya daxil olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları və digər rəsmi şəxsləri əvvəlcə quruma üzv ölkələr arasında əlaqələrin dərinləşməsi istiqamətində görülən işlərdən danışdılar.

Ötən il Qazaxıstanın Almatı şəhərində keçirilmiş zirvə toplantısında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inteqrasiyası məsələləri və xüsusilə də ticari-iqtisadi məsələlər müzakirəyə çıxarıldı. Birgə xarici siyasət yürütmək üçün şuraya üzv ölkələrin xarici işlər nazirlikləri arasında koordinasiyanın və eləcə də bu münasibətləri tənzimləyəcək yeni qurumların yaradılması məsələlərinə baxıldı. 

İkinci Zirvə görüşü Türkiyə-Azərbaycan-Xəzər-Qazaxıstan-Qırğızıstan-Çin dəmir yolu koridorunun yaradılmasına dair protokolun imzalanması ilə tarixə düşdü. Bu tarixi layihəyə ümidlə baxan mütəxəssislər bildirirlər ki, dəmiryol magistralı türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq, türk dünyasının coğrafiyasını genişləndirəcək. Bu məqsədlə protokolun hazırlanması və onun həyata keçirilməsi üçün nəqliyyat nazirlərinin görüşlərinin təşkili qərara alındı.

Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin hökumətləri arasında 4 sənəd - Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası katibliyinin maliyyə qaydaları haqqında və Türk Akademiyasının təsis edilməsi haqqında sazişlər, eyni zamanda Türk Şurasının İkinci Zirvə toplantısının Bəyannaməsi qəbul olundu. Şuraya daxil olan qardaş xalqlar ararsında əlaqələrin daha da dərinləşdirilməsi, xüsusən də mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, birgə əlifbanın və dərsliklərin, qurum çərçivəsində Türk Akademiyasının yaradılması məsələləri də müzakirə olundu.   

Qırğızıstan Prezidenti Almazbek Atambayev bildirib ki, sammitdə iqtisadi-ticari, mədəni inteqrasiya sahəsində görüləcək işlər və eləcə də ortaq əlifba, ortaq dil mövzusu da müzakirə olunmalıdır. Əlavə edib ki, "Qars-Tbilisi-Bakı dəmir yolunun işə salınması ilə tarixi İpək yolu layihəsinin yeni müstəvidə "Dəmir İpək yolu" şəklində dünya xəritəsinə qayıtması təkcə türkdilli ölkələr arasında deyil, regiondaki bütün dövlətlərin inteqrasiyasına və inkişafına yeni bir təkan olacaq".

Hər çıxışında türk dünyasının yumruq kimi birləşməsinin vacibliyindən danışan qırğız Prezidenti gömrük sahəsində də ciddi islahatlara ehtiyac olduğunu deyib: "Türkdilli ölkələr arasında inkişaf edən əməkdaşlıq və yardımlaşma Avrasiya coğrafiyasında sülhünsabitliyin təminatı üçün həlledici məsələdir. Türk Əməkdaşlıq Şurasına daxil olan ölkələr Avrasiya coğrafiyasında həlledici gücə və potensiala sahib olan ölkələrdir. Bu birlik bizə hərtərəfli imkanlar açır və xoş gələcək vəd edir". 

Bişkek sammiti çərçivəsində keçirilən digər görüşlər də mehribanlıq, qarşılıqlı anlaşmadostluq şəraitində gerçəkləşdi. Baş nazir Artur Rasi-zadə Qırğızıstanın Baş naziri Omurbek Babanovla görüşərkən ölkələrimiz arasında ticari-iqtisadi və mədəni əlaqələrin perspektivlərini müzakirə etdilər.

Xatırladaq ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Görüşündə yaradılmışdı. Qərara alınmışdı ki, şuranın ücüncü zirvə toplantısı Bakıda keçirilsin.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 29 avqust.- S. 3.