AzərTAc-da görüş

 

Avqustun 29-da Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) TÜRKSOY, İSESCO və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminarın xarici ölkələrdən gəlmiş iştirakçıları ilə görüş olmuşdur.

Baş direktor Aslan Aslanov belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamış, mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın vacib rol oynadığını bildirmişdir.

Qonaqlara AzərTAc-ın yaranması və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verilmişdir.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, ulu öndərin AzərTAc-a diqqət və qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlardan danışan baş direktor vurğulamışdır ki, son illər ölkəmizin nüfuzu dünyada xeyli yüksəlmiş, respublikamız regionun lider dövlətinə çevrilmişdir. Bu uğurlar artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açmışdır.

Səmimi görüş üçün təşəkkürünü bildirən Özbəkistanın "CA-News" agentliyinin Orta Asiya xəbər xidmətinin əməkdaşı Ümidə Maniyazova, "AKİ Press" Qırğızıstan informasiya agentliyinin redaktoru Yıldız Orospakova, Türkiyənin Baxçaşəhər Universitetinin Mədəniyyət Araşdırma Mərkəzinin direktoru Agah Karlıağa, türkiyəli prodüserrejissor Çingiz Göktaş, Tacikistanın "Axşam" qəzetinin redaktoru Nəzərəli Pirnəzərov Azərbaycanda gördükləri inkişafdan məmnun qaldıqlarını demişlər.  Qonaqlar Bakının füsunkar gözəlliyinə, tikilən yeni, yaraşıqlı binalara, səliqəli küçələrə, fəvvarələrə valeh olduqlarını, Azərbaycandan çox gözəl təəssüratlarla ayrılacaqlarını bildirmişlər.

TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı AzərTAc-ın sədrlik etdiyi Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) fəaliyyəti ilə maraqlanmışdır. İki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulması, TÜRKSOY-un fəaliyyəti barədə informasiyaların TKA-nın internet resursunda yayılması haqqında razılıq əldə olunmuşdur.

Qonaqlar AzərTAc-ın multimedia və videoxəbər şöbəsinin fəaliyyəti ilə də tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 30 avqust.- S. 3.