Azərbaycan ilə Belarus arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında saziş cinayətkarlığa qarşı mübarizənin möhkəmləndirilməsinə mühüm töhfə olacaqdır

 

Azərbaycan Avropa dövlətləri, o cümlədən Belarus ilə hüquqi sahədə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. 1999-cu ildə Azərbaycan və Belarus respublikalarının  Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında saziş qarşılıqlı fəaliyyətin genişləndirilməsinə mühüm töhfə olmuşdur.

AzərTAc xəbər verir ki, əməkdaşlığın davamı olaraq hər iki ölkənin Ədliyyə nazirliklərinin məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumları arasında əlaqələrin dərinləşdirilməsi məqsədi ilə yeni sazişin imzalanması qərara alınmışdır. Bununla əlaqədar sənədin layihəsi razılaşdırılmış və Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı "Azərbaycan Respublikası Ədliyyə NazirliyiBelarus Respublikası Ədliyyə Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında" Saziş imzalanmışdır.

Sazişi Azərbaycan tərəfdən ədliyyə naziri Fikrət Məmmədov və Belarus tərəfdən Oleq Slijevski imzalamışlar.

Sənəddə, məhkəmə ekspertizası sahəsində aktual problemlər üzrə müştərək elmi işlərin aparılması, mövcud tədqiqat metodlarının təkmilləşdirilməsi və yenilərinin yaradılması, ekspertlərin təcrübə mübadiləsinin təşkili, birgə elmi-praktik tədbirlərin keçirilməsi və s. nəzərdə tutulmuşdur.

Məhkəmə ekspertizası sahəsində əməkdaşlığın keyfiyyətcə yeni, qarşılıqlı əlverişli səviyyəyə yüksəlməsinə xidmət edən saziş iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini, o cümlədən hüquqi əlaqələri daha da zənginləşdirməklə məhkəmə ekspertizası və kriminalistikanın müasir metodlarından və vasitələrindən fəal istifadə etmək yolu ilə cinayətkarlığa qarşı mübarizənin möhkəmləndirilməsinə də mühüm töhfə olacaqdır.

 

 

Azərbaycan.- 2012.- 31 avqust.- S. 2.