Gəncədə Azərbaycan-Almaniya III biznes forumu keçirilmişdir

 

Almaniya Federativ Respublikasının Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWWF) təşkilatçılığı ilə avqustun 30-da Gəncədə III Azərbaycan-Almaniya biznes forumu keçirilmişdir.

Kənd təsərrüfatı və qida sənayesi, maşınqayırma, logistika, tikinti və s. sahələrdə fəaliyyət göstərən 100-dən artıq iş adamının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan-Almaniya III biznes forumunun Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırmışdır. Gəncənin iqtisadi vəziyyətini, eləcə də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatları, qazanılan nailiyyətləri diqqətə çatdıran icra başçısı  demişdir ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı xarici investorların Azərbaycana və onun regionlarına marağını daha da artırmışdır. Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, investisiya ixracatçısına çevrilmişdir.

Sonra İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev regionun iqtisadi vəziyyəti barədə forum iştirakçılarına ətraflı məlumat vermişdir.

Almaniyanın Reynland-Pfalz əyalətinin İqtisadiyyat, Ətraf Mühit, Enerji və Xəritəçəkmə Nazirliyinin nümayəndəsi Julia Golomb çıxış edərək mövcud iqtisadi əlaqələr barədə məlumat vermiş, əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulamış, əlaqələrin daha da genişləndirilməsində biznes forumların, işgüzar görüşlərin rolunu qeyd etmişdir.

Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Volfqanq Mösinger, Almaniyanın Rheinhessen əyalətinin sənaye və ticarət palatasının nümayəndəsi Harald Auqter və Mərkəzi və Şərqi Avropa Mərkəzinin nümayəndəsi Roland Johst iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndiyini, son illər Azərbaycan iqtisadiyyatına marağın daha da artdığını və ölkəmizin etibarlı tərəfdaş olduğunu diqqətə çatdırmışlar.

Almaniyanın Reynland-Pfalz əyalətinin iqtisadiyyatı, mədəniyyəti və tarixi barədə videoçarx nümayiş etdirildikdən sonra Azərbaycanın əlverişli biznes və investisiya mühiti, Alman-Azərbaycan İqtisadi Birliyi (DAWF) ilə əməkdaşlıq, Reynland-Pfalz əyalətinin iqtisadiyyatı və alman şirkətlərinin fəaliyyəti barədə təqdimatlar keçirilmiş, Gəncə-Qazax iqtisadi rayonda fəaliyyət göstərən sahibkarlarla işgüzar müzakirələr aparılmışdır.

Alman-Azərbaycan iqtisadi birliyinin (DAWF) icraçı direktoru Florian Şröder AzərTAc-a müsahibəsində demişdir ki, bu forumun Gəncədə keçirilməsinin olduqca böyük əhəmiyyəti vardır. Əsas məqsəd Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına dəstək olmaqdır. "Xüsusilə qeyri-neft sektorunun inkişafına maraq göstəririk. Bu baxımdan Azərbaycanın ikinci böyük şəhərində olmaq və buranın potensial imkanlarını öyrənmək bizim üçün çox maraqlıdır. Almaniya ilə Azərbaycan arasında sıx əməkdaşlıq vardır", - deyə qonaq bildirmişdir.

Qonaqlar "Gəncə şərab-2", Gəncə avtomobil zavodlarına ekskursiya etmiş, xüsusi təyinatlı avtomobillərin yığımı zamanı alman istehsallı mexaniki hissələrdən istifadə olunduğunun şahidi olmuşlar.

Florian Şröder daha sonra demişdir ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda ixrac potensialı olduqca çoxdur və Almaniya bunu inkişaf etdirməkdə maraqlıdır. Çünki bu potensialdan hələ kifayət qədər istifadə olunmamışdır. "Burada təkcə sərmayə deyil, həmçinin müxtəlif səpkili layihələr də həyata keçirmək istəyirik", - F.Şröder vurğulamışdır.

Biznes forum çərçivəsində Almaniyanın Reynland-Pfalz əyalətinin nümayəndə heyəti Gəncədə, eləcə də Göygöl və Samux rayonlarında bir neçə müəssisədə olmuş, işgüzar söhbətlər aparmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 31 avqust.- S. 2.