Azərbaycan idmançıları London Olimpiadasında yeni şanlı səhifə yazdılar

 

 Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında böyük uğur qazanaraq tarixi rekorda imza atan Azərbaycan öz idmançıları ilə qürur duyur. Artıq dünyada idman ölkəsi kimi tanınan respublikamızda bu sahəyə göstərilən diqqət və qayğı, düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət gözəl nəticələrini verməkdədir. 

Ölkəmizdə 2012-ci ilin "İdman ili" elan edilməsi idmançılarımız üçün bir stimul oldu. Azərbaycan Prezidenti İlham Əliyevin Londona yola düşən idmançılarımızla görüşü zamanı əminliklə söylədiyi "London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaqdır" fikri təsdiqini tapdı və idmançılarımız etimadı doğrultdular. Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanan Azərbaycan idmançıları Londonda 10 mükafata sahib çıxmaqla yeni şanlı səhifə açdılar. Olimpiadaçılarımızın bu uğurları xalqımızın böyük sevincinə səbəb oldu. Müstəqilliyinin cəmi 20 yaşı olan Azərbaycan medal sayına görə böyük dövlətlər arasında 30-cu yeri tutdu.

Azərbaycan idmançılarının London Olimpiadasındakı uğurlu çıxışları deputatlarımız tərəfindən də yüksək dəyərləndirilir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə: "Bu Olimpiada Azərbaycanın idman tarixində yeni səhifə açdı. Həm oyunlara hazırlığı, həm də idmançıların çıxışlarını müsbət qiymətləndirirəm. Azərbaycan idmanı beynəlxalq aləmdə reytinqini itirmədi. Respublikamız özü üçün qeyri-ənənəvi idman növlərində də artıq müəyyən nəticələr əldə etdi. Hər Olimpiadadan Olimpiadaya medallarımızın sayının artması, yeni idman qəhrəmanlarımızın ortaya çıxması, əlbəttə, bizi çox sevindirir. Bu, Azərbaycanda dövlət tərəfindən idmana, Olimpiya hərəkatına böyük qayğının nəticəsidir. Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti bunun üçün konkret addımlar atır. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının nəticəsidir".

Milli Məclisin deputatı Məlahət İbrahimqızı: "London Olimpiadası Azərbaycan üçün çox uğurlu oldu. 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunları ilə müqayisə apardıqda qazanılan rekordu görməmək mümkün deyil. Olimpiya yarışlarına çox güclü idmançılar qatılır və qələbə qazanmaq heçasan olmur. Azərbaycan bu dəfə Olimpiya Oyunlarına 53 idmançı ilə qatılmışdı. Bu, ölkədə idmana göstərilən dövlət qayğısının nəticəsidir. Biz müstəqillik qazandıqdan sonra Olimpiya Oyunlarına qatılmağa başlamışıq və az bir vaxtda böyük nailiyyətlər qazanmışıq. London Olimpiadasında Azərbaycan 30-cu yeri tutsa da,  qazanılmış medallarla əhalisinin say nisbətinə görə bir çox böyük dövlətləri qabaqladı. Bu amilləri mütləq nəzərə almaq lazımdır. 9 milyon əhalisi olan gənc ölkə Olimpiadada 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazandığı halda ərazisi və əhalisinin sayı bizdən qat-qat çox olan bəzi ölkələr qızıl medala belə həsrət qaldılar. Bütün bunlara görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə minnətdar olmalıyıq. Azərbaycan Prezidenti şəxsən idmana göstərdiyi qayğı nəticəsində gənclərdə ruh yüksəkliyi yaradır və ölkəmizdə idman gün-gündən inkişaf edir. Bütün bölgələrimizdə Olimpiya idman kompleksləri tikilir. İnanıram ki, növbəti Olimpiadada Azərbaycan daha böyük nailiyyətlər əldə edəcək".    

Milli Məclisin deputatı Musa Qasımlı: "Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də dünyada sözün deyən ölkədir. Beynəlxalq idman yarışında Azərbaycan idmançıları əllərindən gələni edirlər ki, ölkənin bayrağını zirvələrə qaldırsanlar və buna da Londonda nail oldular. Bununla Azərbaycan idmançıları həm də böyük təcrübə qazandılar. Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin Londonda 204 ölkə təmsilçilərinin rəqabətində ağır sınaqlardan şərəflə çıxıb ön sıralarda getmələri, həyatın bütün sahələrində sürətlə inkişaf edib gündən-günə çiçəklənən respublikamızın beynəlxalq aləmdə olan nüfuzunu daha da artırmaları dövlətimizin, şəxsən Prezident İlham Əliyevin idmana və idmançılara göstərdikləri gündəlik qayğı və diqqət, onların məşq və yarışlarda iştirakı üçün yaradılan ideal şəraitin sayəsində mümkün olmuşdur".

Milli Məclisin deputatı Flora Qasımova: "London Olimpiadasında idmançılarımız Azərbaycanın adına layiq qələbələr qazandılar. Ölkəmizdə idmana dövlət qayğısının hansı səviyyədə olduğunu idmançılarımız bütün dünyaya göstərdilər. Gələcəkdə bu medalların sayı daha çox olacaq. Əlbəttə, idmançılarımız daim öz üzərlərində çalışmalı, bayrağımızı ən yüksək zirvələrdə dalğalandırmaq üçün ciddi çalışmalıdırlar. Biz qələbənin sevincini yaşayırıq, lakin idmançılarımız gərək onun məsuliyyətini hiss etsinlər. İdmana dövlət qayğısı artdıqca gənc nəslin bu sahəyə marağı da çoxalır. Azərbaycanda sağlam idmançılar yetişir. İnanıram ki, belə uğurlarımızın sayı artacaq".

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: "Əhalisi sayca az olan bir ölkənin belə uğurlar qazanması böyük bir hadisə kimi qiymətləndirilməlidir. Etiraf olunmalıdır ki, ölkədə Olimpiya hərəkatının  güclənməsində, geniş miqyas almasında, Olimpiya Oyunlarında uğurlarımızın çoxalmasında ölkə Prezidenti İlham Əliyevin xüsusi əməyi var. İlham Əliyev Olimpiya Komitəsinin prezidenti seçilən andan öz üzərinə düşən vəzifəni çox uğurla yerinə yetirir. On medalbu medallardan ikisinin qızıl olması qazanılan uğurların göstəricisidir. Hər Olimpiadadan Olimpiadaya medallarımızın sayı və əyarı artır. Azərbaycan Prezidentinin yeritdiyi siyasi xətt müsbət nəticələrdə özünü göstərir. Azərbaycanın adı dünyanın ərazi və əhali nisbətinə görə daha böyük olan bəzi dövlətlərindən öndə çəkilir. Dövlətimizin Olimpiadada 30-cu yeri tutması böyük tarixi uğurdur. Medalların sayına görə yeni rekord isə Olimpiya tariximizə qızıl hərflərlə yazılacaq".

Milli Məclisin deputatı Leyla Abdullayeva: "XXX Yay Olimpiya Oyunlarını bütün Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Bu da təsadüfi deyildi. Belə ki, idmana dövlət səviyyəsində qayğının nəticəsində ölkəmiz idman ölkəsinə çevrilmişdir. Bu il isə cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "İdman ili" elan edilmişdir. Son illərdə idmanın müxtəlif növlərində qazanılan yüksək nəticələr bizdə əminlik yaratmışdı ki, Olimpiya Oyunlarında da uğurlu nəticələr, qələbələr  olacaqdır. Azərbaycan atletləri bu idman yarışlarının bütün tarixi ərzində özlərinin ən yaxşı nəticələrini göstərdilər. Daha çox sayda Olimpiya medalları qazandılar. Əminəm ki, 4 il sonra Braziliyada keçiriləcək Olimpiadada nəticələrimiz daha yaxşı olacaq, idmançılarımız yeni tarixi nailiyyətlərə imza atacaqlar. Bunun üçün Azərbaycan Prezidenti, Azərbaycan dövləti onlara bütün lazımi şəraiti yaratmışdır".

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 26 avqust.- S. 5.