Belarus Azərbaycanda kənd təsərrüfatı texnikası istehsalını təşkil etməyə hazırdır

 

Belarus Azərbaycanda geniş çeşiddə kənd təsərrüfatı texnikası və traktorlar üçün aqreqatlar istehsalını təşkil etməyə hazırdır.

Belarusun BELTA informasiya agentliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşko bu fikri avqustun 27-də Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşdə söyləmişdir.

Vladimir Semaşko Belarus traktor və avtomobillərinin yığılmasının təşkil edildiyi Gəncə avtomobil zavodunda layihənin həyata keçirilməsinin vacibliyini qeyd etmişdir. "Biz burada ildə 800 traktor yığa bilərik", - deyən Belarus Baş nazirinin birinci müavini vurğulamışdır ki, traktorların yığılmasını "Belarus" traktorunun tərkibində istifadə edilən başqa aqreqatların və texnikanın istehsalı ilə kompleks şəkildə tənzimləmək lazımdır.

V.Semaşko vurğulamışdır ki, keçən ilin yekunlarına görə Belarus ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi xeyli artmışdır. "Bu, çox cəhətdən Belarusa Azərbaycan nefti göndərilməsi hesabına təmin edilmişdir", - deyən Baş nazirin birinci müavini malgöndərmələrin təşkil edilməsinə və Belarus müəssisələrinin işini təmin etməsinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. Hazırda Azərbaycandan Belarusa neft nəql edilməsi müvəqqəti dayandırılmışdır. Tərəflər əmtəə dövriyyəsini genişləndirmək üçün başqa mal mövqeləri üzrə də işləməlidirlər. Vladimir Semaşko demişdir: "Bizdə Belarus texnikasının təkmilləşdirilməsi üzrə ehtiyat imkanlar vardır. Biz Azərbaycana neft hasilatı üçün avadanlıq və texnika təklif etməyə hazırıq. Yük avtomobilləri və traktorların yığılması ilə yanaşı, kommunal texnikaavtobuslar istehsalının təşkil edilməsi məsələləri də həll olunur".

Belarusun Baş nazirinin birinci müavini Belarusa Azərbaycandan sərmayə cəlb edilməsinin vacibliyini də vurğulamışdır. 2011-ci ildə bu investisiyaların həcmi 12 milyon dollar olmuşdur. V.Semaşko demişdir: "Bu, kiçik həcmdir, lakin əvvəlki ildəkindən yeddi dəfə çoxdur. Belarus Azərbaycandan investisiyalar cəlb edilməsində maraqlıdır, o həm də Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa hazırdır".

 

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 1.