Ölkədə qeyri-neft sektoru sürətlə inkişaf edir

 

 Cari ilin yanvar-iyul aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 20,3 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənayenin qeyri-neft bölməsinin əksər sahələrində istehsalın yüksəlməsi nəticəsində ümumi artım 7,3 faiz təşkil etmiş, lakin bununla yanaşı, neft sektorunda azalma müşahidə olunmuşdur.

Mədənçıxarma bölməsində istehsalın həcmi 15,6 milyard manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz azalmışdır. Sahənin əsas məhsulu olan xam neftin hasilatı 25,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 10,3 milyard kubmetr təşkil etmişdir. Qaz hasilatı 7,7 faiz artsa da, neft hasilatı 6,3 faiz azalmışdır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə demişdir: "Sənaye istehsalının ümumi həcmi 3 faiz azalmışdır. Buna səbəb neft hasilatının aşağı düşməsi olmuşdur. Ancaq qeyri-neft sənayemizin inkişafı 8,3 faiz səviyyəsindədir. Bu da son illər ərzində sənayeləşmə proqramının icrasının nəticəsidir. Ölkəmizin müxtəlif bölgələrində, Bakı şəhərində yeni böyükkiçik müəssisələr işə düşür, yeni yerləri açılır. Beləliklə, sənayeləşmə proqramı uğurla icra edilir. Növbəti illərdə bu məsələyə daim diqqət göstəriləcəkdir. Bu il və gələn illərdə yeni sənaye müəssisələrinin işə düşməsi qeyri-neft sektorumuzu daha da gücləndirəcəkdir".

Dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına göstərilən dəstək öz bəhrələrini verir. Bunun nəticəsidir ki, cari ilin yanvar-iyul ayları ərzində sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,3 faiz artmışdır. Hazırda ölkədə çoxlu istehsal təyinatlı qeyri-neft sənaye müəssisələri tikilir. Bu müəssisələrin işə düşməsi nəticəsində ümumi məhsul istehsalında qeyri-neft sektorunun payı ildən-ilə artacaqdır. Dövlətin apardığı iqtisadi islahatların başlıca məqsədi də ölkə iqtisadiyyatının neft sektorundan asılılığını aradan qaldırmaqdır.

Aparılan uğurlu iqtisadi islahatlar nəticəsində sənaye məhsulu istehsalında özəl bölmənin payı getdikcə artır. Cari ilin yeddi ayında özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 81,9 faizini təşkil etmişdir. Ümumi istehsalın 92,5 faizi sənaye mallarının (əmtəələrin), 7,5 faizi isə sənaye xarakterli xidmətlərin  hesabına yaranmışdır. Sənaye sektorunda istehsal edilmiş malların böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla belə avqust ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 261,9 milyon manatlıq hazır məhsul ehtiyatı qalmışdır. Məhsul ehtiyatlarının çox hissəsi Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevir şəhərlərindəki sənaye müəssisələrinin anbarlarında qalıb.

Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 3,6 milyard manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu sahədə istehsalın həcmi 10,3 faiz çoxalaraq əsas artım qida məhsulları istehsalının payına düşmüşdür.

Hesabat dövründə kimya sənayesi, əczaçılıq məhsullarının, rezinplastmas məmulatların istehsalı müəssisələri tərəfindən 147,2 milyon manatlıq məhsul buraxılmışdır. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə kimya sənayesində 15,9, əczaçılıq məhsulları istehsalında isə 3,6 faiz azalma müşahidə olunmuşdur. Bununla belə, sənayenin əsas məhsulları olan propilenin, lak boya, polietilenin, izopropil spirtinin, rezinplastmas məmulatlardan hazırlanan bərk polietilen boruların istehsalı xeyli artmışdır.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 265,1 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində 12,4, hazır metal məmulatları istehsalı sahəsində 83,9 faiz artmışdır.

Ölkədə yeni yaradılan sənaye müəssisələrinin sayı çoxaldıqca bununla paralel yeni yerlərinin də sayı artıb. Cari ilin birinci yarısında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 168,7 min nəfər, onların orta aylıq əməkhaqqı isə 14,2 faiz çoxalaraq 591,6 manat təşkil etmişdir. İşləyənlərin 35,8 mini mədənçıxarma, 79,8 mini emal, 29,9 mini elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı, 23,2 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışlar.

Əməkhaqqının daha çox artımı əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri, hazır metal məmulatları, avtomobil və qoşquların, neft məhsullarının, ağac emalı və ağac məmulatların, kimya sənayesi, maşın və avadaqlıqların, zərgərlik, musiqi, idmantibb avadanlıqlarının, kağız və karton, rezinplastmas məmulatlarının istehsalı sahəsində müşahidə edilmişdir. Qeyri-dövlət sənaye müəssisələrində işçilərin əməkhaqqı 10,9 faiz artaraq 703,3 manat təşkil etmişdir.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 2.