«İrəli» İctimai Birliyi gənclər təşkilatlarının IV

Respublika sərgisində uğurla təmsil olunmuşdur

 

Xəbər verdiyimiz kimi, Bakı Ekspo Mərkəzində Böyük Britaniyanın "İTE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "İteca Caspian" şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Azərbaycanda ilk dəfə Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi, həmçinin  gənclər təşkilatlarının IV Respublika sərgisi başa çatmışdır.

AzərTAc xəbər verir ki,  "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramı çərçivəsində təşkil olunan gənclər təşkilatlarının IV Respublika sərgisində "İrəli" İctimai Birliyi (İB) də uğurla təmsil olunmuşdur.

Sərgidə "İrəli" İB üçün ayrılmış pavilyonda ziyarətçilərə təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, təşkilata üzv olmaq istəyən gənclər qeydiyyata alınmışlar.

Üç gün davam edən sərgidə Azərbaycanda gənclər üçün ilk onlayn radio olan "İrəli" radio da canlı yayımlanmışdır. Radionun qonaqları olan gənclər təşkilatlarının rəhbərləri və fəalları dinləyicilərlə fikirlərini bölüşmüşlər.

 

Azərbaycan.-2012.- 2 dekabr.- S.6.