Bakıda «Azərbaycan 2020: gələcəyə baxış»

 mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, BMT-nin İnkişaf Proqramının, PwC şirkətinin və Azərbaycan Gənclər Fondunun birgə təşəbbüsü ilə dekabrın 3-də Bakıda "Azərbaycan 2020: gələcəyə baxış" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz MEHDİYEV açaraq tədbir iştirakçılarını salamlamış və demişdir:

- İyirmi il ərzində Azərbaycan siyasiiqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratmışdır. Bu müddət ərzində yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində ciddi uğurlar qazanılmışdır. Əslində, Azərbaycan dövlətçiliyinin uğurları onun əsasını qoyan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərin həyata keçirilməsi ilə mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi kursu təkcə Azərbaycan Respublikasının deyil, bütünlükdə regionun inkişaf perspektivinə, onun dünya siyasiiqtisadi inteqrasiyasına yardım göstərmişdir.

"Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan qarşısında yeni perspektivlər açmış, Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri, Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəməri və digər əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan vermişdir. Bu regional təşəbbüslər yenicə müstəqillik qazanmış region dövlətlərinin möhkəmlənməsinə real məzmun vermişdir. Məhz qlobalregional xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilən siyasət nəticəsində siyasi müstəqilliyin iqtisadi bazisi formalaşdı. İlk növbədə, Azərbaycan enerji və ərzaq təhlükəsizliyi problemlərini həll etməklə, bütövlükdə iqtisadi müstəqilliyinin inkişafına dönməz xarakter verdi. Dünyada ən sürətli iqtisadi inkişaf dinamikası Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına və onun yeni geoiqtisadi oyunçuya çevrilməsinə şərait yaratdı. Azərbaycan öz sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir.

Beləliklə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaratmışdır. Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətədavamlılıq hesabatında" Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. 20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur.

Dinamik sosial-iqtisadi inkişafı, sosial rifahın yaxşılaşmasını və şaxələndirmə siyasətinin uğurlarını nəzərə alaraq beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini investisiya səviyyəsində saxlamaqla ölkədə aparılan davamlı islahatlara məntiqi qiymət vermişlər. Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdən biridir. Qlobal iqtisadi böhran fonunda aparıcı dövlətlərin də kredit reytinqi aşağı salındığı halda, Azərbaycanın bu sahədəki uğurları - əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsinin məntiqi nəticəsidir.

 

Prezident İlham Əliyevin siyasəti nəticəsində 2003-2011-ci illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olmuşdur.

2003-2011-ci illərdə ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əməkhaqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 7,6 faizə enmişdir.

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının şaxələnməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə etmişdir.

Beləliklə, Azərbaycan keçid dövrünü başa vuraraq qlobalregional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasındadır.    

Güclü iqtisadiyyat demokratik inkişafın maddi bazasını təşkil edir. Azərbaycanda siyasiiqtisadi islahatların uğurla həyata keçirilməsi davamlı inkişafın təmin olunmasına yönəlmişdir. Respublikamızda əsas insan azadlıqları, demokratiyanın inkişafı, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması sahəsində mühüm uğurlar əldə edilmişdir. Qısa müddət ərzində Azərbaycan demokratiyanı özünün siyasi fəlsəfəsinə çevirmiş, zəruri islahatlar həyata keçirmişdir. Bu islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiyasını təmin etməklə yanaşı, daxili sabitliyin güclənməsinə xidmət etmişdir. Bu, Heydər Əliyev strategiyasının və Prezident İlham Əliyevin fəaliyyətinin uğurudur.

Avropa İnsan Hüquqları Konvensiyasına imza atan Azərbaycan Avropa demokratiya ailəsinin ayrılmaz bir üzvünə çevrilmiş, insan amilini, onun hüquq və azadlıqlarının təmin edilməsi kontekstində inkişafını dövlət siyasətinin əsas meyarı kimi təyin etmişdir. Bu gün Azərbaycanda insan bütün inkişafın həm məqsədi, həm də hərəkətverici qüvvəsidir.

MDB məkanında senzuranı birinci olaraq ləğv edən Azərbaycanda hazırda internet istifadəçilərinin sayı təqribən hər 100 nəfərə 65 nəfər olmaqla orta dünya göstəricisini təxminən iki dəfə üstələyir. Hökumətin fəaliyyətində hesabatlılıq və şəffaflığın təmin olunmasında, həmçinin vətəndaşların idarəetmə proseslərinə cəlb edilməsi işində internetə azad çıxışın rolu böyükdür.

Azərbaycanın müstəqil xarici siyasəti onun daxili siyasətinin məntiqi davamıdır. Biz beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində hər zaman fəal iştirak etmişik. Azərbaycanın güc imkanları, o cümlədən malik olduğu coğrafi mövqe, hərbi-iqtisadi potensialı və siyasi iradə ona imkan vermişdir ki, dünya siyasətinin müəyyənləşdirilməsində bilavasitə iştirak etsin. Təsadüfi deyildir ki, müstəqilliyinin 20 ilinin tamamında Azərbaycan Respublikası dünya dövlətlərinin dörddə üçünün dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir. Beləliklə, Azərbaycan BMT-nin sadiq olduğu ideallara - sülhə, təhlükəsizliyə, demokratiyaya və ədalətə xidmət etməklə beynəlxalq məsələlərin həllinə cəlb olunub. Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatında deyilirdi ki, "Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir". 

Azərbaycan Respublikası Avrasiya coğrafiyasının mərkəzində olmaqla Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilib. Belə dialoq bəşəriyyətdə müxtəlifliyin əhəmiyyətini göstərməklə fərqlilik amilinə dözümlülüyü təbliğ edir. Azərbaycan, eyni zamanda, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzvü  kimi həm Qərb, həm də Şərq dəyərlərini özündə birləşdirən və inkişaf etdirən, xüsusi əhəmiyyətə malik bir dövlətdir. Bu, Azərbaycan dövlətinin qədim tarixi xüsusiyyətlərindən irəli gəlir. Qərb ilə Şərqin qovuşduğu məkanda yerləşən Azərbaycan hər iki region arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm amilə çevrilmişdir.

Təsadüfi deyildir ki, Azərbaycan tolerantlıq nümunəsi olaraq mədəniyyətlərin, dini nüfuz dairələrinin və ədəbi cərəyanların qovuşduğu məkan olmuşdur. Ulu öndər Heydər Əliyevin qətiyyətlə hazırlayıb həyata keçirdiyi Qərbə inteqrasiya strategiyası bizim tarixi rolumuzu bərpa etməyə, Avropa dəyərlərini milli mənəvi dəyərlərlə uzlaşdırmağa və gələcək inkişafımızın möhkəm əsaslarını hazırlamağa imkan vermişdir.

Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, qlobalregional çağırışlara cavab verərək ölkəmizin dünya nizamında öz mövqelərini gücləndirməsi üçün Prezident İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə fərman imzalamışdır. Bu sənəd 2020-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzitlogistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edir.

İlk növbədə qeyd etməliyik ki, təqdim olunan konsepsiya beynəlxalq təcrübədə hazırlanan analoji sənədlərdən mahiyyətinə və əhatə etdiyi sahələrə görə bir qədər fərqlənir. Bir qayda olaraq, beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Hazırda təqdim edilən sənəd cəmiyyətimizin qarşısında duran məsələlərin böyük əksəriyyətini özündə ehtiva etmişdir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir. İnkişaf Konsepsiyası ortauzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcəkdir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların rasional bölüşdürülməsini təmin edəcəkdir.

Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaqdır. İqtisadi inkişafın innovativ xarakteri rəqabətədavamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaqdır.

Azərbaycan dövlətinin strateji vəzifəsi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir. Lakin inkişaf birtərəfli olmayacaq, davamlı xarakter daşımaqla iqtisadi, sosialekoloji məsələləri də əhatə edəcəkdir. Bu, konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılmasına imkan verəcəkdir. 

Azərbaycan əlverişli coğrafi mövqeyindən yararlanaraq enerji, nəqliyyat, tranzitlogistika infrastrukturunun inkişaf etdirilməsi ilə regional mərkəzə çevriləcəkdir.

Azərbaycan dövləti əhalinin sosial rifah halının yaxşılaşdırılmasına dəstək verməklə yanaşı, həm də insan kapitalının inkişafında və orta təbəqənin gücləndirilməsində maraqlıdır. Bunun üçün təhsil və səhiyyə xidmətlərinin keyfiyyət və kəmiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymasına, gənclərin potensialından geniş istifadə edilməsinə, məşğulluğun artırılması və gender balansının qorunmasına ehtiyac yaranacaqdır.

Konsepsiya layihəsində qeyd olunmuşdur ki, nəzərdə tutulmuş hədəflərin reallaşması baxımından institusional potensialın gücləndirilməsi özündə üç əsas istiqaməti ehtiva edəcəkdir: dövlət sektorunda insan resurslarının inkişaf etdirilməsi, elektron-hökumət fəaliyyətinin gücləndirilməsi, institusional islahatların davam etdirilməsi. Azərbaycan dövləti bundan sonra da vətəndaş cəmiyyətinin davamlı inkişafına münbit şərait yaradacaqdır.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ulu öndər Heydər Əliyev tərəfindən yaradılan milli inkişaf modelinə uyğundur.

Sonda ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında bir neçə söz demək istəyirəm. Əminəm ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa təkan verəcəkdir. Mən təcavüz anlayışını təsadüfən işlətmirəm. Beynəlxalq hüququn fundamental prinsip və normaları ilə ziddiyyət təşkil edən bu məfhum dünya birliyi tərəfindən birmənalı şəkildə qınanılmışdır. Bu amillərə məhəl qoymayan Ermənistan açıq hərbi təcavüz aktı həyata keçirmiş, Azərbaycanı silahlı münaqişəyə sürükləmiş və 20 faiz ərazimizi işğal etmişdir. Vəziyyətin obyektiv dəyərləndirilməsi Ermənistanın beynəlxalq məsuliyyətini önə çəkir. Buna görə də bu hökumətin rəhbərləri hər zaman hüquqi anlayışlar olan təcavüz və işğal faktını ört-basdır etməyə çalışırlar. Bu gün Ermənistan beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrilmişdir. Ermənistan rəhbərləri çox təhlükəli oyunun piyadalarına çevrilmiş, öz ölkələrinin xarici dövlətin Cənubi Qafqazda forpostu damğasını qəbul ediblər. Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və erməni xalqının gələcəyini düşünməlidirlər.

 

Əziz dostlar!

Sülhinkişaf Azərbaycan dövlətinin strategiyasının təməlini təşkil edir. Biz bu istiqamətdə növbəti illərdə də əzmlə çalışacağıq.

Diqqətinizə görə sağ olun.

BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Antonius BRUK "Gələcəyə baxış 2020 və qlobal inkişaf çağırışları" mövzusunda məruzə ilə çıxış etmişdir.

Antonius Bruk dərin təhlil əsasında işlənib hazırlanmış Konsepsiyanın əhəmiyyəti haqqında danışaraq bildirmişdir ki, burada iqtisadiyyatdan tutmuş, elm, təhsil, mədəniyyət, turizm, sosial sahələrə qədər bütün istiqamətlər əhatəli şəkildə əksini tapmışdır. A.Bruk Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərin, çoxlu sayda yerlərinin açılmasının bu ölkənin əhalisinin sosial rifahının daha da yaxşılaşmasına xidmət etdiyini söyləmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının davamlı inkişaf çağırışları üçün bir yol xəritəsi olduğunu deyən A.Bruk bu mühüm sənəddə nəzərdə tutulan məsələlərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirmişdir.  

Rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV "İnnovasiya və modernləşmə strategiyası: informasiya cəmiyyətinə keçid" mövzusunda məruzəsində bildirmişdir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri gələcək 8-10 ildə ölkəmizdə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun iki dəfə artırılması, biliklər cəmiyyətinin qurulması hesabına neft amilinin qeyri-neft amili ilə əvəz olunmasıdır. Belə köklü inkişafın əsas sütunları isə elm, təhsil və texnologiyalardır. İnformasiyakommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi inkişafın təkanverici qüvvəsidir. Buna görə də Konsepsiyaya əsasən, İKT-nin sosial-iqtisadi tərəqqiyə təsir edən prioritet sahə kimi inkişafı qarşıya məqsəd qoyulmuşdur.

"Konsepsiyada telekommunikasiya şəbəkələrinin inkişafında 2012-ci ildən 2020-ci ilə qədər olan inkişaf xətti göstərilmişdir", - deyən Əli Abbasov diqqətə çatdırmışdır ki, Azərbaycanda İKT-nin inkişafında ixrac potensialının gücləndirilməsi gələcək inkişaf planının əsas hissələrindən biridir. Bu istiqamətdə məqsəd regionun əsas informasiya xidmətləri ixracatçısına çevrilməkdir.

Nazir, həmçinin qeyd etmişdir ki, regional və digər xarici bazarlara çıxışın təmin edilməsi istiqamətində artıq bir neçə layihə həyata keçirilir. Kosmik sənayenin inkişafı üzrə birinci telekommunikasiya peykinin 2013-cü ilin fevralında, yer səthini müşahidə peykinin 2014-cü ildə, ikinci telekommunikasiya peykinin isə 2016-cı ildə orbitə çıxarılması planlaşdırılır.

Əli Abbasov vurğulamışdır ki, 2020-ci ilə qədər Azərbaycanda İKT ilə bağlı layihələrin həyata keçirilməsinə hökumət tərəfindən təxminən 3,6 milyard dollar vəsait xərclənməsi nəzərdə tutulur.

PwC şirkətinin baş qlobal məsləhətçisi Yan STURESSON "Gələcəyə baxış - əsas meyillər və məsələlər" mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycanda bütün sahələrdə, xüsusilə də iqtisadiyyatın inkişafı ilə bağlı mühüm uğurların qazanıldığını bildirmişdir. Qeyd edilmişdir ki, gələcəkdə qarşıya qoyulmuş məqsədlərin  həyata keçirilməsi baxımından "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası böyük əhəmiyyətə malik bir strategiyadır. Hər bir ölkənin uzunmüddətli inkişafının hədəflərini və prinsiplərini özündə əks etdirən bir sənədə ehtiyacı vardır. Bu mükəmməl Konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmamışdır. Sənədin əhəmiyyətindən danışarkən insan amilinin diqqət mərkəzində olması xüsusi vurğulanmalıdır.

Yan Sturesson demişdir ki, İnkişaf Konsepsiyası üzrə qarşıda duran məqsədləri reallaşdırmaq üçün Azərbaycanın geniş imkanları vardır və bu sənəddə əksini tapan məsələlərin həyata keçirilməsi ölkənin daha sürətli inkişafını təmin edəcəkdir.  

Nəqliyyat nazirinin müavini Musa PƏNAHOV "Müstəqil Azərbaycanın müasirləşən nəqliyyat sistemionun inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış edərək ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dayanıqlı nəqliyyat sisteminin qurulması, ölkədaxili və beynəlxalq daşımaların fasiləsiz həyata keçirilməsi üçün müvafiq infrastrukturun yaradılması istiqamətində köklü islahatlar aparılmış, idarəetmə təkmilləşdirilmiş, sağlam rəqabət şəraiti yaradılmışdır. Görülən işlərin nəticəsi kimi qeyd etmək lazımdır ki, son 5 ildə  əhalinin daşımalara olan tələbatı ödənilmişdir. Nəqliyyat sektorunun ölkənin ümumi daxili məhsulunda payı 5,6  faizə qədər artmışdır.

Musa Pənahov qeyd etmişdir ki, hazırda dəmir yollarının inkişafına dair 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının icrası həyata keçirilir. Bu proqram çərçivəsində Şərq-Qərb istiqamətində müasir standartlara cavab verən dəmir yolu infrastrukturunun qurulmasına başlanılmışdır.

Nazir müavini diqqətə çatdırmışdır ki, son 8 il ərzində 2 min 500 kilometrə yaxın magistralrespublika əhəmiyyətli yollar tikilmiş, yenidən qurulmuş və əsaslı təmir edilmişdir.

Musa Pənahov nəqliyyat-yol kompleksinin dayanıqlı fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilməsi zəruri olan tədbirdən də danışmışdır.

Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Larisa LEŞENKO "Şaxələndirmə: davamlı inkişafın açarı" mövzusundakı məruzəsində ölkəmizdə şahidi olduğu külək enerjisi istehsalını yüksək qiymətləndirdiyini vurğulamışdır. Bildirilmişdir ki, bu, Azərbaycanda alternativ enerjidən istifadə olunmasına xüsusi diqqət yetirilməsinin təzahürüdür. Bu, o deməkdir ki, Azərbaycan hökuməti öz xalqının gələcəyini düşünür. Azərbaycan zəngin neft-qaz sərvətlərinə baxmayaraq, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir.

Bildirilmişdir ki, iqtisadi şaxələndirmənin uğuru üç amildən - təbii sərvətlərdən (külək, günəş, torpaq, sus.), insan kapitalından, həmçinin institusional kapitaldan səmərəli istifadə olunmasından çox asılıdır. Hər bir ölkənin iqtisadiyyatının şaxələndirilməsi üçün özünəməxsus mühiti vardır. Bu mənada Azərbaycana xas elementlərdən, dəyərlərdən istifadə edilərək ölkə iqtisadiyyatı şaxələndirilməli, gələcəyə istiqamətlənmiş İnkişaf Konsepsiyası hazırlanmalı və həyata keçirilməlidir.

Ölkəmizin bu istiqamətdə böyük nailiyyətlər əldə etdiyini vurğulayan natiq demişdir ki, Azərbaycanda sərmayə və kənd təsərrüfatı iqtisadiyyatın şaxələndirilməsi üçün əsas sahələrdən biridir. Sərmayə layihələri və infrastruktur elə dəqiq seçilməlidir ki, şaxələndirməyə imkan versin. Azərbaycanın uğurları qeyri-neft sektorunda aşkar hiss olunur. Belə ki, iqtisadiyyatda əsas artım qeyri-neft sektorunun hesabınadır. Azərbaycanın iqtisadi inkişafında sağlam meyilləri görmək bizi sevindirir. Ölkənizdə iqtisadi inkişaf yoxsulluğun azalması ilə müşayiət olunur. Bu sahədə Azərbaycan böyük sıçrayış etmişdir. Bu, sosial sahədə həyata keçirilən böyük proqramların sayəsində mümkün olmuşdur. Çünki Azərbaycanda əhalinin ən həssas qrupları dövlət tərəfindən xüsusilə müdafiə olunur.

Azərbaycanda 2020-ci ilədək ümumi daxili məhsulun iki dəfə artırılması böyük çağırışdır, - deyən L.Leşenko bunu etmək üçün ölkəmizin kifayət qədər güclü potensiala malik olduğunu bildirmişdir. Mən inanıram ki, Azərbaycan bu yolda böyük uğur qazanacaqdır.

Asiya İnkişaf Bankının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Olli NOROYONO "İnfrastrukturun maliyyələşməsi" adlı məruzəsində demişdir ki, 2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun iki dəfə artırılaraq adambaşına 13 min dollara çatdırılması üçün illik artım tempi 7-8 faiz səviyyəsində olmalıdır. Bu, qarşıdakı yolun heçasan olmayacağı deməkdir.

O.Noroyono uzunmüddətli inkişafın təmin olunmasında iqtisadi yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər amillərin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Gələcək, ölkələrin təbii sərvətlərdən necə istifadə etmələrindən asılı olacaqdır.

Bildirilmişdir ki, bu məsələdə infrastrukturun inkişafı çox mühüm rol oynayır. İnkişaf Konsepsiyasında infrastrukturun inkişafının diqqət mərkəzində saxlanılması, eləcə də bu istiqamətdə Azərbaycan hökumətinin imkanları çox ümidvericidir.

Natiq infrastrukturun əsasən ənənəvi maliyyə mənbələri, büdcədənkənar və özəl sektor tərəfindən maliyyələşdirilməsinin inkişafın uzunmüddətliliyinin təmin olunması baxımından zəruriliyini vurğulamışdır.

Asiya İnkişaf Bankı ilə ölkəmiz arasında sıx əməkdaşlığın olduğunu vurğulayan O.Noroyono Azərbaycan hökumətinin öhdəlikləri yerinə yetirmək qətiyyətini yüksək qiymətləndirmişdir. İnkişaf Konsepsiyasında da bir sıra mühüm layihələrə özəl sektorun cəlb edilməsinin nəzərdə tutulması çox əhəmiyyətlidir.

"Azərbaycanda pensiya-sığorta sisteminin inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim MÜSLÜMOV sığorta-pensiya sisteminin qarşıdakı səkkiz ildə texniki, institusional təkmilləşmə və maliyyə dayanıqlığı baxımından inkişaf istiqamətlərindən danışmışdır.

Bildirilmişdir ki, 2020-ci ildə insanlara xidmətin yeganə forması avtomatlaşdırılmış sistem olacaqdır. Hər bir sistem tam avtomatlaşdırılmış, sığorta-pensiya sistemi isə maliyyə dayanıqlığı təmin edilmiş şəkildə insanlara xidmət göstərməlidir.

Qeyd edilmişdir ki, ötən müddət ərzində fondun qurumlarının 84 faizi avtomatlaşdırılmış yerləri ilə təmin olunmuşdur. Bu gün fondun mərkəzi informasiya bazasında 1,272 milyon nəfər pensiyaçı və 2,1 milyon nəfərdən çox insanın hər birinə fərdi hesab açılmış, sosial sığorta ödəyiciləri qeydiyyata alınmışdır. Pensiyaların avtomatlaşdırılmış qaydada ödənilməsi üçün 600-dən çox bankomat quraşdırılmışdır, ödənişlərin avtomatlaşdırılması səviyyəsi 99 faizdir. Əhaliyə göstərilən informativinteraktiv elektron xidmətlərin sayı 20-yə çatdırılmışdır.

Dövlət sığorta-pensiya sisteminin 2020-ci ilədək texniki cəhətdən səmərəliliyinin yüksəldilməsi üçün nəzərdə tutulan işlərdən danışan S.Müslümov fondun bütün yerli qurumlarının avtomatlaşdırılmış yerləri ilə təmin olunacağını, kadr hazırlığı üçün regional tədris mərkəzinin yaradılacağını, məcburi dövlət sosial sığorta haqlarının ödənişi və fərdi uçotu üzrə əməliyyatların tam avtomatlaşdırılacağını bildirmişdir. Nəticədə 2020-ci ildə  Azərbaycanın sığorta-pensiya sisteminin idarə edilməsi tam avtomatlaşdırılacaqdır.

Qeyd olunmuşdur ki, 2020-ci ilədək bir pensiyaçıya düşən sığorta ödəyənlərin sayı təqribən iki nəfər təşkil edəcəkdir ki, bu da sistemin maliyyə dayanıqlığı baxımından kritik vəziyyətdən çıxarılmasına imkan verəcəkdir. 2020-ci ildə fondun xərcləri 4,3 milyard manat məbləğində proqnozlaşdırılır ki, bu da 2013-cü ilin müvafiq göstəricisindən 1,6 dəfə çoxdur. Bu, imkan verəcəkdir ki, pensiyaların orta aylıq məbləği təqribən 325 dollara çatdırılaraq orta aylıq əməkhaqqının 38-40 faizi səviyyəsində saxlanılsın.

 

 AzərTAc

Azərbaycan.-2012.- 4 dekabr.- S.1.