AMEA-da akademik R.Mehdiyevin «Şah İsmayıl Səfəvi ali

 məramlı tarixi şəxsiyyət kimi» məqaləsi müzakirə edilmişdir

 

Bu günlərdə kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik R.Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi  şəxsiyyət kimi" başlıqlı, elmi ictimaiyyət üçün olduqca maraqlı, eyni zamanda, geniş əks-səda doğuran məqaləsi dərc olunmuşdur.

Məhz buna görə də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Humanitarİctimai Elmlər Bölməsinin üzvləri dərin elmi məzmunlu, vətənpərvər ruhlu bu məqaləyə münasibət bildirmək üçün şanlı tariximizlə bağlı görülmüş və görüləcək işlər ətrafında müzakirə təşkil etməyə qərar vermişlər.

AzərTAc xəbər verir ki, dekabrın 7-də AMEA Rəyasət Heyətində akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi  şəxsiyyət kimi" məqaləsi ilə əlaqədar müşavirə keçirilmişdir.

Müşavirədə AMEA-nın prezidenti akademik M.Kərimov, vitse-prezidenti akademik N.Vəlixanlı, akademik T.Bünyadov, müxbir üzvlər K.Abdulla, Y.Mahmudov,  O.Əfəndiyev, Ş.Muradov, T.Kərimli, R.Hüseynov, fəlsəfə üzrə elmlər doktoru İ.Məmmədzadə, filologiya üzrə elmlər doktorları G.Baxşəliyeva, P.Kərimov, M.İmanov, G.Babaxanova, A.Əliyeva-Kəngərli, Humanitarİctimai Elmlər Bölməsinin digər üzvləri iştirak etmişlər.

Akademik M.Kərimov müşavirəni açaraq internet səhifələrində Azərbaycan tarixi ilə bağlı fərqli məlumatların yer almasının, çox vaxt bir-birinə ziddiyyət təşkil edən bu məlumatların oxucularda şübhələr doğurmasının, "Vikipediya" saytında Azərbaycana qarşı təxribatların, Azərbaycan tarixinin saxtalaşdırılmasına doğru yönəlmiş məlumatların yerləşdirilməsinin akademik Ramiz Mehdiyevin haqlı narahatlığına səbəb olduğunu diqqətə çatdırmışdır. Qeyd olunan problemləri aradan qaldırmaq üçün akademik Ramiz Mehdiyevin təklifi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası və AMEA-nın müvafiq institutlarının birgə səyi ilə tarixi arayışların hazırlanmasının, internet məkanında dolğun, obyektiv məlumat bazasının yaradılmasının zəruriliyi vurğulanmışdır.

Azərbaycan tarixinin öyrənilməsində Azərbaycan tarixçilərinin böyük xidmətləri olduğunu, bu mövzuda sanballı kitabların yazılmasını təqdir edən AMEA prezidenti hər an dövlətçiliyimizin tarixini, sərhədlərimizin sabitliyini dünyaya sübut etməli olduğumuzu da vurğulamışdır. Bu baxımdan, o, akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi  şəxsiyyət kimi"  məqaləsini zamanında yazılmış sanballı, intellektual bir məqalə kimi qiymətləndirmiş, ziyalılarımızın məsələ ilə bağlı fikirlərini dinləməyə hazır olduğunu bildirmişdir.

Sonra Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdulla çıxış etmişdir. O, akademik R.Mehdiyevin ciddi tədqiqatçı kimi Azərbaycan elmi, ictimai-siyası məfkurəsi ilə bağlı hazırladığı məqaləni ölkəmizin, dövlətçiliyimizin inkişafına yönəldiyini, eyni zamanda, nəzəri səciyyəsi, nəzəri aspekti ilə diqqəti cəlb etdiyini bildirmiş, onun elmi araşdırmalarının mahiyyətcə elmimizdə olan obyektivsubyektiv boşluqların intellektual şəkildə doldurulmasına yönəldiyini diqqətə çatdırmışdır.

K.Abdulla bildirmişdir ki, "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi elmi etika ilə yazılmış, öz-özlüyündə bir intellektual dalğa yaratmışdır. Məqalənin elm və təhsil ocaqlarında (o cümlədən Bakı Slavyan Universitetində) müzakirələri təşkil olunmuş, tariximizin bir çox qaranlıq məsələləri ilə bağlı müzakirələr aparılmışdır.

K.Abdullanın fikrincə, məqalənin rezonansı hələ bundan sonra olacaqdır. Azərbaycan humanitar elmi bu gün sanki bir sıçrayış qarşısındadır. AMEA elmi-tədqiqat institutları Ramiz müəllimin bu məqalədə qarşıya qoyduğu tələbləri həll etmək potensialına malikdir. Bununla bağlı bir sıra elmi layihələr nəzərdə tutulur.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu tədbiri alqışlamış, akademik Ramiz Mehdiyevin məqaləsini ali dövlət adamının tariximizə dəyərli münasibəti kimi qiymətləndirmişdir. Y.Mahmudov bildirmişdir ki, böyük şəxsiyyətlərin gördüyü böyük işləri önə çəkməliyik, onların gördüyü işlərin üstündən xətt çəkməməliyik. O məqalədə adıçəkilən tədqiqatçı Fərid Ələkbərlinin son dərəcə məlumatlı bir tarixçi, erudisiyalı filoloq olduğunu nəzərə çatdırmış və onun öz məqaləsinə yenidən baxacağına ümidvar olduğunu bildirmişdir.

AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutunda gedən işlərdən, əməkdaşların xarici ölkələrdəki fəaliyyətindən söz açmış, London, Nyu-Yorkbaşqa şəhərlərdə çap olunmuş Azərbaycanın tarixi atlasını təkcə Tarix İnstitutunun deyil, bütün cəmiyyətimizin uğuru kimi təqdim etmişdir. Y.Mahmudov elmi araşdırmaların daha da genişləndiriləcəyini bildirmişdir.

Akademik Teymur Bünyadov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevi görkəmli tədqiqatçı filosof kimi qiymətləndirmişdir.

Professor Gövhər Baxşəliyeva məqalənin vətənpərvərlik ruhunda yazıldığını, azərbaycançılıq xarakterli, konseptual səciyyəli olduğunu bildirmişdir. O, AMEA Tarix və Şərqşünaslıq institutlarında görülən uğurlu işlərdən, mənbəşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açmış, bu sahənin inkişafı ilə bağlı təkliflərini vermişdir.

AMEA-nın müxbir üzvü Şahbaz Muradov "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsinin elmi dəyərini nəzərə alıb onun orta məktəb dərsliklərinə salınmasını, indiki halında ayrıca kitab kimi çap edilib yayılmasını, eyni zamanda, tarixi şəxsiyyətlərimizi qorumaq üçün dövlətçiliyimizə, elmimizə zidd əsərlərin dövlət nəşriyyatlarında çapına icazə verilməməsi haqqında Milli Məclisdə qərar qəbul olunmasını təklif etmişdir.

Filologiya üzrə elmlər doktoru Solmaz Tovhidi elmimiz, tariximizlə bağlı problemlərdən söz açmışdır. O, Kibernetika İnstitutunda "Vikipediya"nı düzgün işlətmək və idarə etmək üçün bir qurum yaradılmasının əhəmiyyətini bildirmişdir.

Akademik Nailə Vəlixanlı elmimizin çətinliklərindən, akademiyada yaranmış problemlərdən söz açmışdır. Bildirmişdir ki, tarixi saxtalaşdıranlara vaxtında cavab verilməli, etnogenez kompleks şəkildə yazılmalı, mənbələr dərindən öyrənilməlidir.

Akademik Nailə Vəlixanlı məqalədə Şah İsmayıl Xətainin həyatını və fəaliyyətini bütün incəliklərinə qədər yüksək səviyyədə təsvir və təhlil etdiyinə görə akademik Ramiz Mehdiyevə  təşəkkürünü bildirmişdir.

Fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə bütün nəşriyyatlarda Elmlər Akademiyasının nümayəndələrindən ibarət elmi ekspertlərin olmasının vacibliyini qeyd etmişdir.

AMEA-nın müxbir üzvü O.Əfəndiyev haqqında söhbət gedən məqaləyə böyük vətənpərvərin professional elmi əsəri kimi yüksək dəyər vermiş, məqalə və onun müəllifi ilə qürur duyduğunu bildirmişdir. Eyni zamanda o, Azərbaycan tarixi ilə bağlı bir sıra əsərlərin yeni nəşrinin vacibliyini vurğulamışdır.

Sonda akademik Mahmud Kərimov müzakirə iştirakçılarına təşəkkürünü bildirmiş, onları akademik Ramiz Mehdiyevin qarşıya qoyduğu problemləri həll etməyə, onun təklif etdiyi fəaliyyət istiqamətlərini yeni qüvvə və enerji ilə tədqiq etməyə çağırmışdır.

 

 

Azərbaycan.-2012.- 8 dekabr.- S.3.