İtaliyanın Qafqaz siyasətində Azərbaycan xüsusi yer tutur

 

Bu ölkənin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi obyektiv və ədalətlidir

 

 Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan Azərbaycanın xarici tərəfdaşları sırasında İtaliyanın xüsusi yeri var. Belə ki, ölkəmizin Avropada əsas ticari-iqtisadi tərəfdaşlarından olan İtaliya Azərbaycan neftinin əsas alıcılarından biridir. Eyni zamanda, rəsmi Roma siyasi müstəvidə də ölkəmizlə sıx əməkdaşlıq edir, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputatlar Rövşən Rzayev, Rüfət Quliyev, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovdan ibarət Azərbaycan nümayəndə heyətinin bu günlərdə iki ölkə arasında diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş konfransda iştirak üçün İtaliyaya etdiyi səfər də qarşılıqlı münasibətlərin yüksək səviyyəsinin təsdiqi oldu. Noyabrın 27-dən 30-dək davam edən səfər zamanı nümayəndə heyəti Romada səmərəli görüşlər keçirib.

Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli ilə müsahibəmiz də bu barədədir.

- Azər müəllim, istərdik öncə Azərbaycan-İtaliya münasibətləri ilə bağlı qısaca məlumat verəsiniz. İki ölkənin hazırkı əlaqələri hansı səviyyədədir?

- Azərbaycan-İtaliya diplomatik münasibətlərinin yaranmasının 20 illiyinə təsadüf edən səfər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. İtaliya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaranıb. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin İtaliyaya səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açıb. Sonrakı illərdə əlaqələr daha da genişlənib. 2005 və 2008-ci illərdə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri sıx tərəfdaşlıq münasibətlərinə əlavə təkan verib.

Son illərdə iki ölkənin parlamentləri səviyyəsində də münasibətlər inkişaf edir. 2010-cu ildə Milli Məclisin Sədri Oqtay Əsədovun İtaliyaya rəsmi səfəri parlamentlərarası əlaqələrə mühüm töhfə oldu. Son illər italiyalı həmkarlarımızla çoxsaylı görüşlər keçirmişik. Bu işdə Milli Məclisin İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rolu xüsusilə qeyd olunmalıdır.

İtaliya Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. 2010-cu ilin fevralında İtaliya Senatının Cənubi Qafqazda vəziyyətlə bağlı qəbul etdiyi qətnamə buna bariz sübutdur. Həmin sənəddə ATƏT-in təməl müddəalarından olan sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin təkcə region üçün deyil, Avropa üçün də əhəmiyyəti qeyd olunurdu. Bu sənəd üzərində uzun müddət aparılmış və qətnamə layihəsi 2009-cu ilin dekabrında İtaliya Senatının gündəliyinə salınmışdı. Qətnamənin qəbulu Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, İtaliya parlamentariləri ilə qurulan sıx əlaqələrin nəticəsi idi. Yeri gəlmişkən, İtaliya Senatındakı budəfəki görüşümüzdə biz Qarabağ məsələsində tutduqları obyektiv mövqeyə görə bir daha həmkarlarımıza minnətdarlığımızı bildirdik.

- İtaliya Senatında Azərbaycanla münasibətlərin 20 illiyinə həsr olunan konfransdakı müzakirələr və çıxışlar barədə nə deyə bilərsiniz?

- Səfər çərçivəsində nümayəndə heyətimizin İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın Xarici əlaqələr komitələrində görüşləri oldu. Görüşlərdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrin inkişafı, Azərbaycanın regionda artan nüfuzu, Avropanın enerji təhlükəsizliyinə ölkəmizin töhfəsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparıldı.

Noyabrın 29-da Senatda "İtaliya-Azərbaycan münasibətlərinin 20 ili" mövzusunda konfrans keçirildi. Bu konfrans İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşəbbüsü və təşkilatçılığı ilə baş tutdu. Tədbirin açılışında Senatın sədr müavini Benedetto Adranya, Senatın Avropa İttifaqı Komissiyasının sədri, İtaliya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri xanım Rossana Boldi çıxış etdilər. Sonra konfrans sessiyalarda işini davam etdirdi.

"Qafqaz bölgəsi və İtaliya ilə Azərbaycan arasında əlaqələr" adlanan birinci sessiyada ATƏT-in Parlament Assambleyasının sədri Rikardo Milyorinin məruzəsi dinlənildi. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iki ölkə arasında əlaqələrin 20 illik tarixinə ekskurs edərək münasibətlərin çoxşaxəli spektrindən  söz açdı.

Mən çıxışımda Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrindən danışdım, bu münasibətlərin son dövrdə xüsusilə inkişaf etdiyini vurğuladım. Qeyd etdim ki, son bir neçə ildə iki ölkənin parlament heyətləri arasında yaranan sıx əlaqələr, keçirilən görüşlər ölkələrimizin qarşılıqlı səmimi münasibətlərinə, dostluq əlaqələrinə öz töhfəsini verir. İki ölkə arasında əməkdaşlığın möhkəm hüquqi bazasının yaradıldığını, müxtəlif sahələrə dair 30-dək sənədin imzalandığını nəzərə çatdırdım.

Milli Məclisin deputatı Rövşən Rzayev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq bu məsələdə ölkəmizin mövqeyini diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Dünya birliyinin münaqişəyə ədalətli münasibətinin problemin həlli üçün müstəsna əhəmiyyət kəsb etdiyini deyən Rövşən Rzayev İtaliya Senatının 2010-cu ildə qəbul etdiyi qətnamədə bu məsələyə obyektiv yanaşmaya görə italiyalı senatorlara təşəkkürünü bildirdi.

İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Ettore QrekoAvropa Parlamentinin deputatı, Xarici əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın çox yaxın dostu olan Fiorello Proveranın çıxışlarında da Dağlıq Qarabağ münaqişəsinə toxunuldu, bunun Avropada təhlükəsizliyə təhdid olduğu vurğulandı. Ölkəmiz haqqında xoş sözlər deyən Fiorello Provera Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin ədalətli olduğunu bildirdi. Cənab Provera bir fikri xüsusi vurğuladı ki, bir sıra dairələrin istinad etdiyi millətlərin öz müqəddəratını təyinetmə prinsipi bu münaqişəyə tətbiq edilə bilməz və problem dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun həll edilməlidir. Onun sözləri auditoriyada, o cümlədən tədbiri işıqlandıran media təmsilçilərində böyük rezonans doğurdu.

Konfransın "İtaliya ilə Azərbaycan arasında iqtisadiyyatenergetika sahəsində əlaqələr" mövzusunda ikinci sessiyasını Senatın Sənaye, ticarət və turizm komitəsinin sədri Çezare Kursi açaraq Azərbaycan ilə İtaliya arasında iqtisadiyyatenerji sahələrində əməkdaşlıq əlaqələrinin əhəmiyyəti barədə məruzə ilə çıxış etdi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov ölkəmizin iqtisadi sahədə həyata keçirdiyi siyasətdən danışdı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğuladı.

Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanla İtaliya arasında iqtisadi əlaqələrin inkişaf dinamikasından söz açdı. Azərbaycanın xarici ticarət dövriyyəsində  İtaliyanın mühüm yer tutduğunu, bu ölkənin Azərbaycanın ixrac neftinin əsas alıcılarından biri olduğunu, gələcəkdə təbii qaz sahəsində də ticarətin genişlənəcəyini nəzərə çatdırdı.

Konfrans iştirakçılarına Romanın La Sapienza Universitetinin tədqiqatçılarının Azərbaycana dair yazdıqları kitablar təqdim edildi.

- Səfər çərçivəsində İtaliya parlamentində daha hansı görüşləriniz oldu?

- Azərbaycan nümayəndə heyətinin İtaliya parlamentinin Deputatlar Palatasının sədri Canfranko Fini ilə görüşü xüsusilə yaddaqalan oldu. Cənab Finni iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu bildirərək bu xüsusda parlamentlərarası dostluq qruplarının fəaliyyətini müsbət qiymətləndirdi. O, Azərbaycan nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim etdi. Bizöz növbəmizdə ona Azərbaycanın tarixi, bugünü, Qarabağ həqiqətləri haqqında kitablar təqdim etdik.

Bundan əlavə, İtaliya parlamenti Deputatlar Palatasının Xarici əlaqələr komitəsinin sədri Stefano Stefani, Senatın Xarici əlaqələr komitəsinin sədri Lamberto Dini, İtaliya xarici işlər nazirinin müavini xanım Marta Dassu ilə maraqlı görüşlərimiz oldu. Görüşlərdə Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, bu əlaqələrdə parlamentlərin rolu diqqətə çatdırıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyi bildirildi, bu məsələdə İtaliya dövlətinin tutduğu obyektiv yanaşması qeyd olundu.

Bu görüşlər səfərimizin uğurlu bir yekunu oldu. Səfər Azərbaycan-İtaliya əlaqələrinin bütün səviyyələrdə inkişaf etdiyini nümayiş etdirməklə yanaşı, bu ölkədə Azərbaycana çox xoş münasibət olduğunu göstərdi. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun təsdiqidir.

Onu da xatırladaq ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələr, bu ölkədə mədəni irsin qorunmasına verdiyi dəstək, eləcə də milli mədəniyyətimizin uğurlu təbliği İtaliya cəmiyyətində ölkəmizə dost münasibətin formalaşmasında müstəsna rol oynayır.

Parlamentlər də bu dostluq münasibətlərinə mühüm töhfə verir və məmnuniyyətlə qeyd etmək istərdim ki, Milli Məclisin rəhbərliyi xarici ölkələrlə parlament dostluğunun inkişafını həmişə diqqət mərkəzində saxlayır.

 

 

Müsahibəni apardı:

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2012.- 8 dekabr.- S.4.