«Yer üzünün fatehi ədalətdir, ədalət»

 

10 dekabr 1948-ci ildə BMT İnsan Hüquqları

 bəyannaməsini qəbul etmişdir

 

İnsan hüquqları anlayışına ilk rəsmi sənəd kimi 1789-cu ildə Fransada qəbul olunmuş bəyannamədə rast gəlinir. "İnsan və vətəndaş hüquqları haqqında deklarasiya" adı altında. Sonra tarixdə baş verən ardı-arası kəsilməyən müharibələr, dini münaqişələr insan haqqı anlayışını unutdurdu dünyaya. Milyonlarla günahsız insanın ölümünə səbəb olmuş İkinci dünya müharibəsi isə bəşəriyyəti insan haqqında, onun hüquqları haqqında düşünməyə vadar etdi. Bununla da, insan haqqına hörmət anlayışı gündəmə gəldi.

Beləliklə, insan hüquqlarını müdafiə edən sənəd  XX əsrdə - 1948-ci il dekabrın 10-da yeni yaranmış Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edildi. Orada bildirilir ki, insan hüquqları və azadlıqları təmin edilmədən demokratiyaya nail olmaq, hüquqi dövlət qurmaq, sosial-iqtisadi yüksəliş əldə etmək mümkün deyil. Bəyannamə qəbul edildikdən sonra dövlətlərin bu sənədə əməl etməsi onlardan tələb olundu. Bundan sonra bütün  ölkələrin konstitusiyalarında insan haqları inkaredilməz hüquq kimi qəbul edildi. 1950-ci ildən isə hər il 10 dekabr tarixi dünyada İnsan Hüquqları Günü kimi qeyd olunmağa başladı. Qəbul olunmuş sənəddə deyilir: "Hər bir insan malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyası və digər baxışlardan, millisosial mənşədən, mülkiyyətdən, doğumbaşqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir. İnsan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir".

İnsan hüquqları anlayışının milli köklərə dayanıqlı olması qəbul edilən hər bir beynəlxalq konvensiyanın, bəyannamənin ilk şərtlərindən biridir. Azərbaycanda insan hüquqları deyəndə, ağla daha çox humanizm ideyaları gəlir ki, bu da inkişaf kökləri baxımından daha qədimlərlə bağlıdır. Böyüyə, ağsaqqala hörmət, kiçiyi birinci düşünmək, acı doyurmaq, imkansıza əl tutmaq, günahkarı bağışlamaq və sair. Bu xüsusiyyətlər ta qədimdən xalqımızın yaşayış tərzində, təfəkküründə formalaşıb, qarşılıqlı münasibətlərdə, məişət davranışlarında inkişaf edərək günümüzə gəlib çatıb. Xalqımızın təfəkkürünə görə insaf bütün qanunların anasıdır. Yəni, insan hüquqları anlayışı xalqımızda humanizm ideyaları kimi formalaşıb. Bu münasibətlər millətin adət-ənənəsində, ədəbiyyatında, mədəniyyətində belə özünü ifadə edir. Ölkəmizə gələn xarici qonaqlar da bu münasibətlərin ilk dəfə məhz bizim xalqda şahidi olduqlarını deyirlər, insanpərvərliyimizdən, qonaqcanlı olduğumuzdan ağız dolusu danışırlar. Şifahi və yazılı dastanlarımızda, digər ədəbi irsimizdə belə, xalqımızın humanizm kimi gözəl duyğuları, ülvi hissləri, xeyirxahlığı aydın görünür. Böyük Nizami Gəncəvi də "Yer üzünün fatehi ədalətdir, ədalət" yazmışdı. Mövlanalar və mütəffəkirlərə görə müqəddəs insan təmənnasız yaxşılıq edən, insanların haqqını tapdamayan, onları incitməyən, tutduğu vəzifədən asılı olmayaraq insanlara hörmətlə yanaşanlardır.         

Lakin cəmiyyətlər və insanlar inkişaf etdikcə öz hüquqları uğrunda mütəşəkkil mübarizə aparmağa cəhd etsələr də, insan hüquqlarının pozulması müasir dünyanın ən aktual problemi kimi yenə də gündəmdədir. Səbəb isə insanların haqq və hüquqlarını pozan müharibələr, münaqişələr, dinietnik qarşıdurmalar, birböyük güclərin dünyada baş verənlərə fərqli münasibətidir. Bu sahədə ən böyük problem yaşayan ölkələrdən biri Azərbaycandır. İkili standartlar nəticəsində neçə illərdir ki, Azərbaycan cəlb olunduğu münaqişədən qurtula bilmir. İki onillikdən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faizdən çox torpaqlarını işğal edib, 1 milyondan çox insan yurd-yuvasından didərgin salınıb. Ölkənin günahsız insanları soyqırımına, kütləvi qırğınlara, etnik təmizlənməyə məruz qalıb. Uzun sürən danışıqlar, BMT, Avropa Şurasının qərarları, ATƏT kimi nüfuzlu qurumun vasitəçilik missiyası isə problemin həllində heç bir müsbət nəticə verməyib. Çünki münaqişəyə haqq-ədalət, insan hüquqlarının bərpası mövqeyindən deyil, maraqları mövqeyindən birtərəfli yanaşırlar. Belə olmasaydı, İnsan Hüquqları Bəyannaməsinin müəllifi olan BMT kimi nüfuzlu qurumun 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamə bugünədək havadan asılı qalmazdı.

İnsan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə deyilir ki, bəşəriyyətin inkişafına gedən yol sülhdən, insanlarla ədalətli davranışdan, insan hüquqlarına hörmətdən keçir. Lakin Azərbaycan xalqı indiyədək dünyanın bu yöndə atdığı heç bir ciddi və ədalətli addımın şahidi olmayıb. BMT bəyannaməsində daha sonra deyilir ki, xoşbəxt insanlar başqalarının çəkdiyi əziyyətlərə göz yummamalı, bu yöndə dünya həmrəylik nümayiş etdirməlidir. Sözsüz dünyanın hər yerində insanların hüquqları pozulur, bu hal hər yerdə mövcuddur, lakin bunlara qarşı mübarizə də dövlətlərin, xüsusən də, beynəlxalq təşkilatların işidir, ikili standart olmadan.

Erməni əsir və girovluğunda Azərbaycan vətəndaşlarına beynəlxalq hüquq normalarına, konvensiyalara və Beynəlxalq İnsan Hüquqlarının  Ümumi Bəyannaməsinin beşinci maddəsinə zidd yanaşılıb, işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani, ağlagəlməz alçaldıcı hərəkətlərə yol verilib. Münaqişə başlayandan indiyədək azad edilmiş 1400 nəfər Azərbaycan vətəndaşı sonralar yaşadıqları mənəvi-psixoloji sarsıntılara dözməyərək dünyalarını dəyişiblər. 550 nəfər əsir və girov qəddarcasına qətlə yetirilib ki, onların arasında 104-ü qadın, 80 nəfərə qədəri uşaqxeyli ixtiyar yaşlı insan var. Atəşkəsin elan olunmasından 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də Ermənistanda yüzlərlə azərbaycanlı əsir və girov saxlanılır. Dünya isə olanlara yalnız seyrçi münasibət bəsləyir.      

Respublikamızda insan, vətəndaş hüquq və azadlıqlarının qorunmasına gəldikdə, bu sahə hər vaxt təkmilləşdirilir. Məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bir sıra qanunlara əlavə və dəyişiklik edilib, korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Gömrük məntəqələrində bu sahədə islahatlar həyata keçirilir. İnsan hüquqları ilə bağlı ölkədə xeyli sayda qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Fəaliyyət Planı" təsdiq edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

 

 

Rəsmiyyə RZALI,

Azərbaycan.-2012.- 9 dekabr.- S.3.