İnsan hüquqlarının etibarlı təmini Azərbaycan

dövlətinin ali məqsədidir

Söz, vicdan, fikir, əqidə azadlığı, yaşamaq, şəxsiyyətin və ləyaqətin toxunulmazlığı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak və digər bu kimi hüquqlar demokratik cəmiyyətdə insan həyatının qurulmasının zəruri şərtidir. Bu hüquqlar hər bir demokratik dövlət tərəfindən tanınmalı və müdafiə olunmalıdır. Elə buna görə BMT Baş Assambleyası bütün xalqların və dövlətlərin yerinə yetirməli olduqları vəzifələr kimi 1948-ci il 10 dekabr tarixli qərarı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib.

Azərbaycanda insan hüquqlarının prioritetliyi müstəqilliyimizin bərpasının ilk günlərindən önə çəkilib. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda ölkəmizin BMT-nin "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"ni tanıdığı öz əksini tapıb. Sənədin 19-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə, Helsinki müşavirəsinin Yekun aktına və hamılıqla qəbul edilmiş, başqa beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqatından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir.

Lakin dövlət müstəqilliyimizin ilk illərində Azərbaycanda insan hüquqlarının təminatı sahəsində, demək olar ki, əsaslı irəliləyiş baş vermədi. İnsan hüquq və azadlıqlarının demokratik dəyərlər çərçivəsində təmini ilə bağlı müxtəlif bəyanatlar səslənsə də, real həyatda bu, təsdiqini tapmadı.

1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra respublikada ictimai-siyasi sabitliyin, qanunçuluğunhüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət aldı. O cümlədən, insan hüquqlarının etibarlı müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildi. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapdı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Ölkəmizdə insan hüquq və azadlıqlarına verilən böyük önəmin daha bir təzahürü ümummilli lider Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmandır. Konstitusiyada təsbit edilmiş insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılması üçün dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən bu fərman bir sıra kompleks tədbirlərin həyata keçirilməsinə təkan verdi. Fərman əsasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı çərçivəsində qanunvericilikinstitusional islahatlar həyata keçirildi.

2001-ci ilin yanvarında Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı istiqamətində yeni mərhələnin əsası qoyuldu. Azərbaycan Respublikası 2001-ci il dekabrın 25-də ölkəmiz "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı ratifikasiya etdi. AŞ-nin bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan mötəbər beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunuinsan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etdi. 2001-ci il dekabrın 28-də "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu və daha sonra ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün hüquqimaddi bazanın təşkili insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada insan hüquqlarının etibarlı təmini yönündə həyata keçirilən hüquqi islahatların məntiqi davamı oldu. 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu da tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə insan hüquqlarının etibarlı təmini Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Son 9 ildə insan hüquqları ilə bağlı dövlət siyasəti hər bir sahədə uğurla həyata keçirilib, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq daha da inkişaf etdirilib. Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilib.

2006-cı ildə qəbul edilən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universalregional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etdi, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində daha qətiyyətli və prinsipial addımlar atmağa imkan yaratdı. 2009-cu il martın 18-də ümumxalq referendumu ilə ölkə Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər də mahiyyətcə ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təminatına geniş imkanlar açdı.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Prezident

İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. Bu sənəd göstərir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biridir. Eyni zamanda, Milli Fəaliyyət Proqramı ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir.

Bu gün Azərbaycan dünyada hüquqi dövlət ideyasının reallaşdığı, insan hüquq və azadlıqlarının etibarlı təmin olunduğu, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant ölkə kimi tanınır. Bu sahədə həyata keçirilən səmərəli tədbirlər Azərbaycanın demokratik prinsiplərə, insan hüquqları dəyərlərinə böyük önəm verdiyini nümayiş etdirir.

 

 

R.CƏFƏRLİ

Azərbaycan.-2012.- 9 dekabr.- S.3.