Qırğızıstanda ulu öndər Heydər Əliyevin xatirəsini

 anma mərasimi keçirilmişdir

 

Dekabrın 10-da Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi Türkdilli Dövlətlərin Dəstək Fondunun və Qırğız-Türk Manas Universitetinin dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma mərasimi təşkil etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Qırğız-Türk Manas Universitetində keçirilən mərasimdə Azərbaycan diasporunun nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, ictimaiyyətin, KİV-nin təmsilçiləri iştirak etmişlər.

Ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra kinorejissor Andrey Konçalovskinin ümummilli liderə həsr etdiyi "Hakimiyyət yükü" ("Vremya Vlasti") adlı sənədli film nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Qırğız-Türk Manas Universitetinin rektoru, professor Səbahəddin Balcı ümummilli lider Heydər Əliyevin türk dünyasına əvəzsiz töhfələrindən danışmışdır. O, Azərbaycan xalqının ulu öndərinin dünyada tanınmış ictimai-siyasi xadim olduğunu bildirmişdir.

Səfirliyin müvəqqəti işlər vəkili İ.Cabbarov ulu öndərin mənalı həyatı və zəngin ictimai-siyasi fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi yarandıqda xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsin əldə edilməsini nəzərdə tutan  Bişkek protokolunun imzalanmasına nail olmuşdur. Bundan sonra ulu öndərin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və digər sahələrdə islahatların həyata keçirilməsinə başlanılmış, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalanmışdır.

Bildirilmişdir ki, görkəmli dövlət xadiminin əsasını qoyduğu uzaqgörən siyasətin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz regionda lider dövlətə çevrilmişdir.

Türkiyənin Qırğız Respublikasındakı səfiri Necat Akcal, Qırğızıstan parlamentinin deputatı Tursunbay Bakir Ulu, Türkdilli Dövlətlərin Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, bu ölkədə yaşayan Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin prezidenti Cəbi Rəsulov ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində, müasir Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında xidmətlərindən danışmış, ölkəmizin beynəlxalq aləmdə tanınmasında, respublikamızın ictimai, siyasi, mədəni, iqtisadi sahədə uğurlarının təməlində məhz ümummilli liderin uzaqgörən siyasətinin dayandığını vurğulamışlar.

Sonra Nüsrət Məmmədov Türkdilli Dövlətlərin Dəstək Fondunun təsis etdiyi "Heydər Əliyev" qızıl medalını Səbahəddin Balcıya təqdim etmişdir. Fond tərəfindən qırğız dilində nəşr edilən ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablar universitetin kitabxanasına hədiyyə verilmişdir.

Tədbirin sonunda Türkdilli Dövlətlərin Dəstək Fondu və Qırğız-Türk Manas Universiteti tərəfindən ümummilli lider Heydər Əliyevin anma mərasimi ilə əlaqədar ehsan verilmişdir.

Mərasim yerli mətbuatda geniş işıqlandırılmışdır.

 

Azərbaycan.-2012.- 12 dekabr.- S.10.