Bakıda «Alüminium» Beynəlxalq Müasir İncəsənət Biennalesinin

 keçirilməsi artıq ənənə halı almışdır

 

Bakıda iki ildən bir keçirilən "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi artıq ənənə halı almış və Azərbaycana dünyanın onlarla ölkəsindən sənət adamlarını, mütəxəssisləri cəlb etmişdir. Builki sərgidə 17 ölkədən 50-dək rəssam iştirak edir. AzərTAc xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və "YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə dekabrın 11-də Muzey Mərkəzində keçirilən "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılış mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində demişdir.

Nazir bildirmişdir ki, Müasir İncəsənət Biennalesi Azərbaycana nəinki tanınmış rəssamları, eyni zamanda ölkənin geniş auditoriyasını cəlb etmişdir. Təsadüfi deyildir ki, son illər ölkədə müasir incəsənətə maraq xeyli artmışdır.

Azərbaycanda və ölkəmizdən kənarda müasir incəsənətimizin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışan nazir cari ilin xüsusilə əlamətdar olduğunu, "YARAT!" Müasir İncəsənət Məkanının yeni bir formatda layihələr təqdim etdiyini bildirmişdir.

Bir həftə müddətində Bakının bütün rəsm qalereyalarında sərginin təqdimatının keçiriləcəyini qeyd edən nazir, sərginin geniş maraq doğuracağını söyləmişdir.

 

 

Azərbaycan.-2012.- 13 dekabr.- S.7.