Andorra parlamentində Azərbaycan-Ermənistan, Dağlıq

Qarabağ münaqişəsinə dair dinləmələr keçirilmişdir

 

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 13-14-də Andorra Knyazlığında səfərdə olmuşdur.

Azərbaycan-Andorra  parlamentlərarası dostluq qrupunun təşəbbüsü ilə baş tutan səfər çərçivəsində Baş nazirin müavini Əli Həsənov dekabrın 14-də Andorra Knyazlığının parlamentinin (Baş Şura) sədri Visens Mateu Zamora ilə görüşmüşdür. Əli Həsənov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını Andorra parlamentinin sədrinə çatdırmışdır. Azərbaycan ilə Andorra arasında bir sıra oxşarlıqların olduğuna toxunan Baş nazirin müavini ölkəmiz barədə məlumat vermiş, Azərbaycanın çoxsaylı xalqların dincmehriban yaşadığı, dini tolerantlığın hökm sürdüyü ölkə olduğunu qeyd etmişdir. Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə toxunan Əli Həsənov müxtəlif ölkələrin parlamentlərinin bu münaqişə ilə bağlı qəbul edə biləcəkləri sənədlərin gələcəkdə problemin tez bir zamanda həlli üçün faydalı ola biləcəyini diqqətə çatdırmışdır.

Andorra parlamentinin sədri Visens Mateu Zamora da öz ölkəsi barədə məlumat vermiş, qədim ənənələrə malik Andorranın 13-cü əsrdən bəri sülh şəraitində yaşadığını, 1993-cü ildə yeni Konstitusiyanın qəbul olunması ilə ölkənin həm də gənc bir dövlət sayıla biləcəyini qeyd etmişdir. Qonaqpərvər və sülhsevər andorralıların daim haqq-ədalət tərəfdarı olduğunu bildirən parlament sədri, dünyada münaqişələrin sona çatmasını arzu etdiklərini və bunun üçün səy göstərdiklərini söyləmişdir.

Sonda Əli Həsənov Andorra parlamentinin xatirə kitabına ürək sözlərini yazmışdır.

Həmin gün Andorra Knyazlığının Baş Şurasının binasında "Azərbaycan bu gün Avropada. Azərbaycan və Andorra arasında etimadın qurulması" adlı dinləmələr keçirilmişdir.

Dinləmələrdə Andorra parlamentinin sədri Visens Mateu Zamora, Azərbaycan Republikası Baş nazirinin müavini Əli Həsənov, Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri Altay Əfəndiyev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucov, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun başçılığı ilə bu heyətin üzvləri, deputatlar Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fərəc Quliyev və Ceyhun Osmanlı, Andorra parlamentinin üzvləri, hökumət nümayəndələri, yerli kütləvi informasiya vasitələrinin və işgüzar dairələrin təmsilçiləri iştirak etmişlər.

Tədbiri Andorra parlamentinin sədri Visens Mateu Zamora açıq elan edərək ölkəsini sülhsevər və qonaqpərvər bir məkan kimi xarakterizə etmiş, bu cəhətlərinə görə Azərbaycan ilə Andorra arasında oxşarlıqlar olduğunu qeyd etmişdir. XIII əsrdən bəri Andorra torpağında heç bir hərbi münaqişənin baş vermədiyini diqqətə çatdıran parlament sədri belə bir qədim sülhpərvər ənənəyə malik ölkənin dünyanın müxtəlif nöqtələrində münaqişələrin nizamlanması, onlardan çıxış yolunun tapılmasında maraqlı olduğunu bildirmişdir.

Sonra Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov çıxış etmişdir. Avropanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən paytaxt şəhərində belə bir mötəbər tədbirdə iştirak etməkdən məmnun olduğunu qeyd edən E.Süleymanov Azərbaycan haqqında ümumi məlumat vermiş, ölkəni müxtəlif dinietnik qrupların dinc şəkildə birgə yaşadığı tolerant bir dövlət kimi səciyyələndirmişdir. Qeyd edilmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzü, ərazilərin işğalı və bir milyon qaçqın-köçkün problemi ilə üz-üzə qalmışdır. Xüsusilə vurğulanmışdır ki, Dağlıq Qarabağ problemi münaqişə deyil, bu, Ermənistanın Azərbaycana silahlı təcavüzüdür. Ermənistan Azərbaycana qarşı müharibə aparmışdır və Azərbaycanın əraziləri işğal edilmişdir. Ermənistan təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan tərəfdir. Münaqişə nəticəsində Azərbaycana 431,5 milyard ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar kimi tanımalarına və müvafiq qərarlar qəbul etmələrinə baxmayaraq, Ermənistan öz işğalçı niyyətindən əl çəkmir və ona beynəlxalq təzyiq göstərilmir.

Qeyd edilmişdir ki, Andorranın xarici işlər naziri 2013-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəcəkdir. Ümidvarıq ki, həmin sədrlik dövründə Andorra Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normalarına riayət edilməklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunması istiqamətində fəal mövqedən çıxış edəcəkdir. Eyni zamanda, Andorra Baş Şurası bu problemlə bağlı müvafiq qətnamə qəbul edərək təcavüzkar tərəfdən beynəlxalq təşkilatların sənədlərinin yerinə yetirilməsini tələb edə bilər.

Sonra "Euronews" telekanalı tərəfindən 2011-ci ildə hazırlanmış "Məcburi köçürülmüş azərbaycanlılar, münaqişənin qurbanlarıE Dağlıq Qarabağ" reportajı nümayiş olunmuşdur.

Reportajın nümayişindən sonra Baş nazirin müavini Əli Həsənov məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycan haqqında ətraflı məlumat verilmiş, ölkənin son illərdə keçdiyi sosial-iqtisadi inkişaf yolu, beynəlxalq aləmdə tutduğu mövqe, getdikcə artan nüfuzu barədə danışmışdır. Bildirilmişdir ki, müstəqilliyimizi bərpa etdikdən sonra ötən dövr ərzində ölkəmizin sosial-iqtisadi qüdrəti nəzərəçarpacaq dərəcədə yüksəlmiş, beynəlxalq aləmdə mövqeyi əhəmiyyətli şəkildə möhkəmlənmiş, dünya birliyinə inteqrasiya sürətlənmiş, Azərbaycan ən yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilmiş, beynəlxalq qurumlarla səmərəli və şəffaf əməkdaşlıq təmin edilmişdir.

Qeyd edilmişdir ki, Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, "Eurovision" musiqi yarışında birincilik qazanması,  2012-ci ilin aprelində Azərbaycanın daha bir nüfuzlu beynəlxalq təşkilata - BMT QAK-ın İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilməsi, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi statusunu qazanması ölkəmizin getdikcə artan beynəlxalq nüfuzuna əyani sübutdur.

Bununla yanaşı, Azərbaycanın ciddi problemi - Ermənistanın təcavüzündən əziyyət çəkməsi diqqətə çatdırılmışdır. Baş nazirin müavini bildirmişdir ki, 1918-ci il mayın 28-də Şərqdə demokratik respublika quran Azərbaycan müstəqilliyin ilk günlərindən erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə gəlmişdir. Azərbaycan torpaqlarında, yəni vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılmış, həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olmuşlar. Nəticədə 1918-ci ildə İrəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində 9,7 min kvadratkilometrlik kiçik bir Ermənistan Respublikası yaradılmış, sonralar onun ərazisi Azərbaycan Respublikasının ərazisi hesabına tədricən böyüdülərək 29,8 min kvadratkilometrə çatdırılmışdır.

Azərbaycan sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra erməni millətçilərinin məkrli planları sistemli şəkildə davam etdirilmiş, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhali mərhələlərlə Azərbaycana deportasiya edilmiş, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı artırılmış, Ermənistanın monoetnik dövlətə çevrilməsi istiqamətində ciddi işlər görülmüş, qədim Azərbaycan toponimlərinin adları dəyişdirilmişdir. Sovet İttifaqının süqutu ərəfəsində isə Moskvadakı havadarlarına arxalanan Ermənistan Azərbaycan ərazilərinə qarşı iddia qaldıraraq hərbi təcavüz nəticəsində 20 faiz torpaqları işğal etmişdir. Müharibə nəticəsində Azərbaycanda bir milyon insan öz dədə-baba yurdlarından zorla qovulmuş, on minlərlə insan həlak olmuş, minlərlə vətəndaşımız itkin düşmüşgirov götürülmüşdür.

Atəşkəs əldə edildikdən sonra Azərbaycan münaqişənin dinc yolla həlli istiqamətində beynəlxalq müstəvidə danışıqlar aparır, ölkədə ciddi sosial-iqtisadi inkişaf müşahidə olunur, bir çox regional və beynəlxalq layihələrdə mühüm tərəfdaş kimi iştirak edir. İnsan potensialına arxalanan Azərbaycan gücləndikcə, səfalət içərisində olan Ermənistan ağır demoqrafik problemlər qarşısındadır, ölkə iqtisadiyyatı tənəzzül etməkdədir və əhali öz nicatını ölkəni tərk edərək xaricə getməkdə görür.

Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılır. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 1993-2012-ci illərdə 5,3 milyard ABŞ dolları məbləğində vəsait  xərclənmişdir. O cümlədən 3 milyard ABŞ dolları dövlət büdcəsindən, 1,375 milyard ABŞ dolları Dövlət Neft Fondundan və 930 milyon ABŞ dolları  beynəlxalq humanitarbu sahədəki inkişaf təşkilatları tərəfindən ödənilmişdir. Hazırda ölkəmizdə  bu sahədə 49 beynəlxalq və 43 yerli humanitar təşkilatın xətti ilə müxtəlif layihələr həyata keçirilir. Lakin bu o demək deyildir ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər öz həllini tapmışdır. Azərbaycanın hər bir vətəndaşı üçün ən ağrılı olan problem Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması və bununla yanaşı, bu münaqişənin dünya ictimaiyyətinə düzgün çatdırılmamasıdır.

Baş nazirin müavini münaqişənin hüquqi aspektlərinə toxunaraq qeyd etmişdir ki, bu problemi həll etmək üçün hərtərəfli hüquqi baza vardır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa edilməsi tələb olunmuşdur.

ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır ki, davam etdirilir. Münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Bu qərar və qətnamələr birmənalıdır. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmur. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayandestruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.

Qeyd edilmişdir ki, bu gün Dağlıq Qarabağ regionu nəzarətsiz ərazidir və Ermənistan tərəfindən həmin ərazidən narkotiklərin yetişdirilməsi və tranziti üçün istifadə edilir. Azərbaycan dəfələrlə beynəlxalq qurumlara, xüsusilə də BMT-nin Narkotiklər üzrə Baş İdarəsinə konkret məlumatlarla müraciət etsə də, beynəlxalq təşkilatlar Ermənistana bu məsələdə təsir göstərməkdə acizlik çəkirlər. Həmin ərazilərdə yetişdirilən narkotik vasitələr isə sərbəst şəkildə Avropaya nəql olunur və insanların həyatını məhvə sürükləyir, digər tərəfdən isə erməni diasporu üçün öz məkrli niyyətlərini gerçəkləşdirməkdə maliyyə mənbəyi rolunu oynayır.

Əli Həsənov vurğulamışdır ki, müxtəlif ölkələrin parlamentlərində təşkil olunan bu cür dinləmələrin məqsədi münaqişə barədə deputatları məlumatlandırmaq, onları maraqlandıran suallara cavab vermək, müzakirələr aparmaq və münaqişənin həlli istiqamətində onlar tərəfindən hüquqi qiymət verilməsinə nail olmaqdır. O qeyd etmişdir ki, Ermənistanın işğalı davam etdirməsi təkcə Azərbaycan və region üçün deyil, eyni zamanda, beynəlxalq təhlükəsizlik üçünciddi təhlükə kəsb edir və beynəlxalq ictimaiyyət bu ədalətsizliyə son qoymaq üçün hərəkətə keçməlidir.

Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova çıxışında Azərbaycanın iqtisadi inkişafı barədə məlumat vermişdir. O, ölkədə neft sənayesinin tarixindən, iqtisadi yüksəliş göstəricilərini əks etdirən rəqəmlərdən, qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı və həyata keçirilən dövlət proqramlarından danışaraq əldə olunan uğurları konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Nazir müavini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə toxunaraq qeyd etmişdir ki, hazırda Azərbaycanın 1,7 milyon hektar ərazisi işğal altındadır, minlərlə abidə, ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 min fərdi ev və mənzil dağıdılmışdır. 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına zidd olaraq, həmin ərazilərdəki yeraltı sərvətlər talan edilir, təbiətə ciddi zərər vurulur, maddi-mədəni abidələr dağıdılır.

S.Həsənova çıxışının sonunda Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə geniş iqtisadi münasibətlər qurduğunu qeyd etmiş, ölkəmizdə bir sıra Andorra şirkətlərinin fəaliyyət göstərdiyini bildirmiş və digər şirkətləri böyük potensiala malik respublikamızın iqtisadi məkanında reallaşdırılan yeni layihələrdə iştiraka dəvət etmişdir.

Məruzələrdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri sualları cavablandırmışlar.

Baş nazirin müavini Əli Həsənov səfərin yekunları ilə bağlı fikirlərini AzərTAc-ın müxbiri ilə bölüşərək bildirmişdir ki, Andorra parlamentində keçirilmiş dinləmələr çox faydalı hesab olunmalıdır. Belə ki, bu səpkili tədbirlər artıq Belçika, Finlandiya, İspaniyada baş tutmuşdur. İndi isə Andorrada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirildi. Sadalanan ölkələrlə müqayisədə Andorra həm coğrafi quruluşu, həm dövlət strukturu, həm də insanlarına görə dünyanın ən nadir dövlətlərindən biridir. Ərazicə kiçik dövlət olmasına baxmayaraq, Andorra tam müstəqil siyasət yürüdən ölkədir və müzakirələrdə bu, özünü aydın şəkildə büruzə verdi. Bu isə münaqişə ilə bağlı Andorra parlamentinin gələcəkdə müstəqil mövqe nümayiş etdirəcəyinə, haqq-ədalətin tərəfini tutacağına əsas yaradır. Çünki Azərbaycan heç bir ölkədən nəyisə xahiş etmir, bizim yeganə istəyimiz haqq-ədalətin bərpa edilməsi, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasının təmin olunmasıdır.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Andorra la Vella

Azərbaycan.-2012.- 15 dekabr.- S.10.