Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi

 Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan

 sonra açılışında iştirak etmişdir

 

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoydu.

Sonra Prezident İlham Əliyev müəssisənin inzibati binasında yaradılmış Heydər Əliyev Muzeyinə baxdı. Ümummilli lider Heydər Əliyevin büstünün qoyulduğu muzeydə ulu öndərin ölkəmizdə ordu quruculuğuna verdiyi töhfələr, eləcə də Prezident İlham Əliyevin ordunun və müdafiə sənayesinin inkişafına göstərdiyi diqqət və qayğı geniş əks olunmuşdur.

Daha sonra dövlət başçısı müəssisənin inzibati binasının tədris otağında yaradılmış şəraitlə tanış oldu. Müdafiə sənayesi naziri Yavər Camalov bildirdi ki, 2012-ci ildən etibarən nazirliyin sifarişi ilə Azərbaycan Texniki Universitetində xüsusi texnikatexnologiya fakültəsi yaradılmışdır. Yetmiş dörd tələbənin təhsil aldığı fakültədə silahsilah sistemləri, optotexnika, pirotexnika vasitələrinin istehsal, kompozisiya materiallarının, müdafiə təyinatlı məmulatların hazırlanması texnologiyaları, çoxkanallı troposfer rabitə cihazlarının istismar və təmiri ixtisasları tədris olunur.

Müəssisə ilə tanışlıq zamanı bildirildi ki, zavod 1990-cı ildə Bakı Aviasiya İstehsalat Birliyinin "Klimat" Konstruktor Bürosu kimi fəaliyyətə başlamışdır. Sovet İttifaqının süqutundan sonra müəssisənin fəaliyyəti məhdudlaşmışdır. Zavodun yenidən qurulmasında əsas məqsəd atıcı silahların, o cümlədən avtomatların, pulemyotların, snayper tüfənglərinin yaradılması, modernləşdirilməsi və kütləvi istehsalın təşkili istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması, xüsusi standartlara uyğun sınaq metodikaları və proqramlarının tələblərinə cavab verən nümunələrin hazırlanmasından ibarətdir.

Konstruktor Bürosunun fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra büronun işi təkmilləşdirilmiş, bənzəri olmayan ilk milli "İstiqlal" snayper tüfənginin yaradılması başa çatdırılmış və istehsalı təmin edilmişdir. Hazırda burada "İstiqlal-2", "İstiqlal-4",  "İstiqlal-1T", "Şimşək-9" və digər müdafiə təyinatlı silahlar sınaqdan keçirilir. Azərbaycan Prezidentinin verdiyi tapşırıqların icrasının təmin edilməsi ilə əlaqədar müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün Konstruktor Bürosunun fəaliyyət çevikliyi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə konstruktorların daha məhsuldar çalışmalarını təmin edən yeni inzibati binamüasir istehsal, sınaq nümunələrini yığma sahələri yaradılmış və digər zəruri vasitələrlə təmin edilmişdir. Konstruktor Bürosu da müasir avadanlıqla təmin olunmuşdur. Burada proqramla idarə olunan 3 və 4 koordinatlı freztorna emal mərkəzləri, universal frez, lazer həkketmə və lazer erroziya dəzgahları qurulmuşdur.

Prezident İlham Əliyev müəssisədə layihələndirilən və hazırlanan müşahidə cihazları, zirehli texnika və atıcı silahlara baxdı. Məlumat verildi ki, zavodda hazırlanan xüsusi təyinatlı "Gürzə" patrul maşını 2,5 ton yükgötürmə qabiliyyətinə malikdir. Ən son yeniliklərlə təchiz olunan bu maşın "Toyota HİLOYX 12" modelinin bazasında yaradılmışdır və yalnız Azərbaycanda yığılır.

Dövlət başçısı sükan arxasına əyləşib xüsusi təyinatlı "Gürzə" patrul maşınını idarə etdi.

Məlumat verildi ki, 2012-ci ildə 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilə bağlanmışdır. Bu ilin nəticələrinə görə, istehsal olunan və sifarişçilərə təhvil veriləcək müdafiə təyinatlı məmulatın həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaqdır. Nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatın çeşidinin sayı isə 700-ə çatdırılmışdır.

Prezident İlham Əliyev zavodda yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.     

 

 AzərTAc

Azərbaycan $g 2012.- 18 dekabr.- S.1.