Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 dekabr tarixli 308 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 111-ci və 112-ci maddələrinə əsasən hazırlanmışdır və təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların güzəştli və sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı gömrük ödənişlərinin tətbiqi Gömrük Məcəlləsi ilə və bu Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən olunur.

1.3. Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) gətirilən malların və nəqliyyat vasitələrinin bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi zamanı təqdim olunan sənədlər Gömrük Məcəlləsinin 150.3-cü maddəsinin tələblərinə uyğun müəyyən edilir.

1.4. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə ayrı-ayrı gömrük əməliyyatlarının həyata keçirilməsi üçün gömrük orqanları ilə kağız üzərində yazılı və ya elektron formada razılaşdırılmaqla gömrük rəsmiləşdirilməsi vaxtından kənar saatlarda da aparılır.

1.5. Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi "elektron növbə" elektron idarəetmə sistemində müəyyən olunmuş ardıcıllıqdan kənar aparılır.

2. Təbii fəlakət zonalarına zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə gətirilən malların gömrük rəsmiləşdirilməsi

2.1. Təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq məhsulları,  mallar  nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş  avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar yardım yükü hesab olunur.

2.2. Təbii fəlakət zonalarına zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə gətirilən yardım yüklərinin gömrük rəsmiləşdirilməsi vaxtından asılı olmayaraq güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.

2.3. Təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə gətirilən yardım yüklərinin gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsinin 155.2.2-ci maddəsinə əsasən sadələşdirilmiş bəyannamələrdən istifadə olunmaqla həyata keçirilir.

2.4. Təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə gətirilən yardım yükləri gömrük nəzarəti altında saxlanılır.

2.5. Təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə gətirilən yardım yükləri yalnız nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilir. Bu yardım yüklərinin başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra gömrük orqanlarının icazəsi ilə yol verilir.

2.6. Təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə gətirilən yardım yüklərinə ticarət siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir.

2.7. Təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə yardım yüklərinin gömrük sərhəd buraxılış məntəqəsində güzəştli və sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsinə məsul olan orqanın (şəxsin) təqdim etdiyi sənədlər (mal müşayiəti sənədləri, malların siyahıları) əsasında gömrük orqanları tərəfindən həyata keçirilir. Gömrük orqanları malların tam gömrük rəsmiləşdirilməsini həyata keçirəcək təyinat gömrük orqanına mallar barədə məlumatların (kağız üzərində yazılı və ya elektron formada) göndərilməsini təmin edir.

2.8. Yardım yüklərinə dair məsul orqan (şəxs) tərəfindən öhdəliklər verildikdən sonra gömrük rəsmiləşdirilməsi gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməklə sadələşdirilmiş bəyannamə əsasında həyata keçirilir.

2.9. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra yardım yüklərinə dair sadələşdirilmiş bəyannamədə göstərilən məlumatlar əsasında gömrük əməkdaşları tərəfindən yardım yüklərinin buraxılışı həyata keçirilir.

2.10. Təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə təcili tibbi yardımın göstərilməsi ilə bağlı gömrük ərazisinə gətirilən dərman preparatları, eləcə də dərman vasitəsi kimi tibdə istifadə edilən narkotik vasitələr və psixotrop maddələr olan dərman preparatları müvafiq icazə sənədi təqdim edildikdən sonra bu Qaydaların 2.7-ci və 2.8-ci bəndlərinin tələblərinə əsasən rəsmiləşdirilir.

2.11. Təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə gətirilən və sadələşdirilmiş bəyannamə əsasında rəsmiləşdirilən yardım yüklərinin tam gömrük rəsmiləşdirilməsi, onların buraxıldığı tarixdən 30 (otuz) gündən gec olmayaraq, mallara dair məsul olan orqan (şəxs) tərəfindən gömrük orqanına bu Qaydaların 1.3-cü bəndinin tələblərinə uyğun sənədlərin, habelə aidiyyəti gömrük proseduru üzrə gömrük bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən əlavə bəyannamənin təqdim edilməsi təmin olunur.

2.12. Fövqəladə halların aradan qaldırılması zamanı təcili tibbi yardımın göstərilməsi ilə bağlı gömrük ərazisinə gətirilən dərman preparatları, eləcə də dərman vasitəsi kimi tibdə istifadə edilən narkotik vasitələr və psixotrop maddələr olan dərman preparatları yalnız tibbi müalicə məqsədi ilə gətirilir və yalnız  ixtisaslı tibbi heyət tərəfindən istifadə edilir.

2.13. Təbii fəlakət zonalarına əhaliyə yardım göstərilməsi üçün gömrük ərazisinə gətirilmiş və  istifadə olunmamış dərman preparatları, eləcə də dərman vasitəsi kimi tibdə istifadə edilən narkotik vasitələr və psixotrop maddələr olan dərman preparatları, həmçinin müvəqqəti gətirilən yardım yükləri işlər başa çatdıqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada gömrük orqanlarında rəsmiləşdirilərək onlara dair məsul şəxs tərəfindən geri qaytarılır, sərbəst dövriyyəyə buraxılır, mallar məhv edilirya həmin mallardan dövlətin xeyrinə imtina olunur.

3. Canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının  ünvanlarına göndərilən malların gömrük rəsmiləşdirilməsi

3.1. Gömrük ərazisinə gətirilən canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən malların gömrük rəsmiləşdirilməsi vaxtından asılı olmayaraq sadələşdirilmiş qaydada həyata keçirilir.

3.2. Canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən malların gömrük sərhəd buraxılış məntəqəsində sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi həmin  mallar barəsində səlahiyyəti olan şəxsin və ya onun nümayəndəsinin təqdim etdiyi mal müşayiət sənədləri, malların siyahıları, eləcə də qanunvericiliklə müəyyən olunmuş hallarda müvafiq dövlət orqanlarının icazə sənədləri əsasında gömrük orqanları tərəfindən həyata keçirilir. Gömrük orqanları malların tam gömrük rəsmiləşdirilməsini həyata keçirəcək təyinat gömrük orqanına mallar barədə məlumatların (kağız üzərində yazılı və ya elektron formada) göndərilməsini təmin edir.

3.3. Gömrük ərazisinə gətirilən canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən malların tam gömrük rəsmiləşdirilməsi mallar barəsində səlahiyyəti olan şəxsin və ya onun nümayəndəsinin ərizəsi (məktubu) əsasında gömrük orqanına mallara dair gömrük bəyannaməsi, bu Qaydaların 1.3-cü bəndinin tələblərinə uyğun siyahısı  müəyyən olunmuş sənədlər, eləcə də qanunvericiliklə müəyyən olunmuş hallarda müvafiq dövlət orqanlarının icazə sənədləri təqdim edilməklə həyata keçirilir.

3.4. Gömrük orqanları tərəfindən gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyü, bəyan olunan  malların yoxlanılması, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunması, icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunması, gömrük ödənişlərinin alınması, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələrin götürülməsi və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələrin yerinə yetirilməsi Gömrük Məcəlləsinin müddəaları ilə müəyyən edilir.

3.5. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra mallara dair gömrük bəyannaməsində göstərilən məlumatlar əsasında gömrük əməkdaşları tərəfindən malların buraxılışı həyata keçirilir.

3.6. Gömrük sərhədindən keçirilən canlı heyvanların sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi onların tələf olmaması məqsədi ilə həyata keçirilir.

3.7. Canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən baytarlıq xidmətinə məlumat verilir.

3.8. Gömrük sərhədindən keçirilən tez xarab olan malların xarakterindən asılı olaraq sadələşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsi onların xarab olmaması məqsədi ilə həyata keçirilir.

3.9.  Tez xarab olan mallar daşınılmasına və saxlanılmasına xüsusi şərait tələb olunan (nəmişlik, hərarət, təzyiq və s.) mallar hesab edilir.

3.10. Gömrük ərazisinə gətirilən radioaktiv maddələrin gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydada aparılması təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilir.

3.11. Radioaktiv maddələrin daşınması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin icazəsi əsasında xüsusi şəraiti və konstruksiyası olan nəqliyyat vasitələri ilə həyata keçirilir.

3.12. Radioaktiv maddələr Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla ayrılmış xüsusi yerlərdə saxlanılmalıdır.

3.13. Radioaktiv maddələrin gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi və sadələşdirilmiş qaydada həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən əvvəlcədən malların gömrük ərazisinə gətirilməsi istiqamətləri, nəqliyyat növü və digər zəruri məsələlər barədə məlumatlar gömrük orqanlarına təqdim edilməlidir.

3.14. Kütləvi informasiya məqsədləri üçün gömrük sərhədindən keçirilən məlumatların və digər materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydada aparılması onların aktuallığının itirilməməsi məqsədi ilə həyata keçirilir.

 

Azərbaycan.-2012.- 18 dekabr.- S.5.