Comərdlinin comərd oğlu

 

Hər dəfə yolum ölkəmizin şimal-şərq bölgələrinə düşəndə, Siyəzən, Şabran şəhərləri arasında terraslaşdırılmış yamaclarda əkilən və öz yaşıllıqları ilə yeni salınmış maqistral yola xüsusi yaraşıq verən ağacları görəndə akademik Həsən Əliyevi  yada salır, onunla bağlı anları xatırlayır, ruhuna rəhmət oxuyuram... Keçən əsrin 70-80-ci illərində Həsən müəllimin təklifi ilə, ölkəmizin bir çox bölgələrində, dağ yamaclarında torpaq örtüyünü qorumaq və yaşıllıqları artırmaq məqsədilə hektarlarla meşə salınıb. İndi onlar böyüyüb, nə qədər torpağı yuyulmadan qoruyub, havamıza təmizlik, təbiətimizə gözəllik gətirib.

Akademik Həsən Əliyev dünya təbiətşünasları arasında indi çox dəbdə olan "Qlobal istiləşmə" problemini öyrənənləri azı qırx il qabaqlamışdı.

Həsən müəllim "aridləşmə", yəni quraqlaşma prosesi adı ilə tədqiq etdiyi bu problemi Azərbaycan timsalında öyrənir, Yaxın Şərq və Orta Asiya miqyasında müqayisə edirdünya elm səhnəsinə çıxarırdı. O, təbiətdə nə baş verdiyini və nə ilə nəticələnəcəyini aydın görür, nə etməli sualına nə edilməlidir cavabını verirdi. Bu, dünyəvi problem haqda oxuyub gördüklərimi araşdıranda aydın olur ki, Həsən müəllim hələ keçən əsrin ortalarından, ta ömrünün axırına kimi, digər təbii-antropogen problemlərlə yanaşı, məhz bu problemlə məşğul olmuşdur. Özübu problemə elmi əsaslı, konkret tədbirli və uzaqgörən bir müdrik yanaşma ilə - meşələrin qorunması, genefondun təbii qoruqlarda mühafizə edilməsi, torpaqların eroziyadan qorunması, yamacların terraslaşdırılması və meşə salınması, suvarılan torpaqlarda şoranlaşmanın qarşısının alınması, bağların salınması... Bunlar hamısı "qlobal istiləşmənin" - "aridləşmənin" qarşısını almaq yollarıdır.

İndi mətbuatda, televiziyada, ayrı-ayrı monoqrafiyalarda "Qlobal istiləşmə" probleminə başqa don geydirir, onu az qala dünyanın axırı kimi qələmə verib dünya ictimaiyyətini qorxuya salırlar. Belə bir neqativ halın səbəbini isə yalnız insanın ətraf mühitə karbon qazı atması ilə bağlayırlar. Onlar Həsən müəllimin sözləri ilə desək, "təbiətdə hər bir prosesin ritmikliyi qanununu unudurlar. Günəşdə gedən proseslərin ritmikliyinibununla bağlı Yer kürəsində gedən təbii proseslərin də ritmik olaraq dəyişməsini yaddan çıxarırlar. Planetdə baş verən təbii prosesi - iqlimin ritmik olaraq istiləşməsini və ya soyuqlaşmasının təbiiliyini nəzərdən qaçırırlar". Atmosferə atılan karbon qazının miqdarının dəyişməsini əsas amil hesab edir və ayrı-ayrı dövlətlər üçün bu qazın "həddini" qoyurlarburadan da "qaz kvotası" - karbon qazı alverinə başlayırlar. Bu alverinsə təbiətə heç bir isti-soyuğu yoxdur.

Yer kürəsində iqlimin dövri olaraq dəyişməsi, ayrı-ayrı əsrlərdə havanın soyuqya isti keçməsi ta qədimdən bəllidir. Bizim təbiət və tariximizlə bağlı bir misal. Eramızın ikinci əsrində Atlantik okeandan gələn siklonların, öz təbii ritmi üzrə, istiqamətini dəyişməsi türk tayfalarının yayıldığı Asiya çöllərinin çiçəklənməsinə səbəb oldu. Lakin bir əsr sonra uzunmüddətli istiləşmə - quraqlıq dövrü başladı. Səhraların şimal sərhədi Tayqaya dirəndi. (Onda heç bir sənaye müəssisəsi atmosferə karbon qazı atmırdı). Deməli, qlobal iqlim dəyişikliyinin əsas səbəbi Günəş, onun bizə göndərdiyi enerjinin ritmikliyibu enerjinin Yer kürəsi səthində ritmik əks-sədasıdır. İnsan fəaliyyətinin təbiətə neqativ təsiri isə nə qədər güclü olsa da, ikincidir.

Həsən müəllim iqlimşünas yox, torpaqşünas olduğundan, dünyada baş verən bu təbii-antropogen dəyişiklik prosesini "qlobal istiləşmə" deyil, "qlobal quraqlaşma" adlandırırdı. O, uzun illər boyu torpaq qatının su-hava rejimini, kimyəvi proseslərin dinamikasını, digər komponentlərlə yanaşı, karbon qazının (CO2) dinamikasını öyrənir və "qlobal istiləşməni" torpaq qatının quraqlaşmasında görürdü. Həsən müəllim hələ ötən əsrin 70-ci illərinin əvvəllərində Coğrafiya İnstitutunda "Atmosferin çirklənməsi" qrupunu yaratmışdı. Həmin qrupa cəlb olunan mütəxəssislər sənaye obyektlərindən atmosferə atılan karbon qazının (CO2), dəm qazının (CO) və digər qazların təbiətə təsirini tədqiq edirdilər.

İndi "Qlobal istiləşmə" problemi ilə məşğul olan dünya alimləri də həmin işi geniş miqyasda, yeni cihaz və avadanlıqlar, daha böyük vəsait qoyuluşu hesabına görürlər. Həsən müəllim və onun yetirmələri isə məhdud imkanlarla böyük elmi tədqiqatlar aparırdılar.

Torpaqondan səmərəli istifadə edilməsi Həsən Əliyevin fəaliyyətinin əsas qayələrindən biri, bəlkə də ən vacibi idi. O, həm böyük alim, həm də geniş düşüncəli aqronom, torpaq qədri bilən böyük insan,  əsl vətəndaş idi. Onun elmi-nəzəri düşüncələri mütləq torpaqda öz əksini tapırdı və ya ölkəmizin gələcəyi üçün planlaşdırılırdı. Həsən müəllimə görə yararsız torpaq yox idi. İstifadəsiz torpaq var idi. O, hətta yarğanlardan da istifadə etməyin yollarını göstərirdi. Kanadada keçirilən beynəlxalq coğrafiya konqresi zamanı çəkdiyi fotoslaydları göstərir və deyirdi: "Baxın, kanadalılar bütün sənaye binalarını yararsız torpaqlarda, yarğanlarda tikirlər. Bizdə isə ən yararlı torpaqlar binaların, sənaye obyektlərinin altında qalır. Halbuki o torpaqlarda nə isə əkmək, daha səmərəli istifadə etmək olar".

O, Azərbaycanda təbiətlə bağlı aparılan bütün tədqiqat işlərindən həm xəbərdar idi, həm də  öz elmi və ictimai nüfuzu ilə bu tədqiqatlara nəzarət edir, istiqamət verir və qayğı göstərirdi. Rəhbəri olduğu Coğrafiya İnstitutunda aparılan tədqiqatlar respublika ərazisini tam əhatə edir, təbiətimizin harasında hansı proseslərin baş verməsini öyrənərək nə baş verə biləcəyi sualına cavab verməyə hazır olurdu. Həsən müəllim deyirdi: "Biz təbiətin həkimləriyik! Onun dərdlərinə düzgün diaqnoz qoymağı bacarmalıyıq. Əks təqdirdə, Ana təbiət səhvimizi bizə bağışlamaz. Təbii fəlakətlər baş verər. Nəticəsi çox baha başa gələr".

Təbiətdə olmağı, çöl tədqiqatını sevər, bizibu, təbiətşünas üçün vacib məsələyə diqqətlə yanaşmağı tapşırardı. Deyirdi, Təbiətdə olmadan, çöl tədqiqatı aparmadan ortaya dəyərli elmi çıxara bilməzsən. Təbiətdə tədqiqat aparmadan, onun dərdlərini görmədən fikir demək, əsər yazmaq ən azı cinayətdir. Bu, görmədiyin xəstəyə havadan diaqnoz qoymaq kimi bir şeydir". Həsən müəllim instituta bütün təbii komponentləri öyrənə biləcək müxtəlif ixtisaslı əməkdaşlar cəlb edərdi. Coğrafiya İnstitutunda coğrafiyaçılarla yanaşı, riyaziyyatçı və fiziklər, bioloq və kimyaçılar tədqiqat aparırdılar. O, gəncləri təbiət elminin yeni sahələri üzrə ixtisaslaşmaları üçün keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə göndərər, onların fəaliyyətini nəzarətdə saxlayardı. O, əməkdaşlarının mənzil, ailə problemləri ilə daim maraqlanar, lazım gələndə kömək göstərər, onlara arxa durardı.       

Akademik Həsən Əliyev bütün əsərlərində təbiətdə baş verən təbii-antropoloji təsirlərin səbəblərini  açır, ekosistemdə baş verən neqativ dəyişikliklərin qarşısının alınma yollarını göstərir, ölkəmizin və dünya təbiətinin qorunmasının "həyəcan təbili"ni vururdu. Həsən müəllimin "Həyəcan təbili" (1976, 1982) kitabı xalq arasında çox geniş yayılmışdı. Fəhlə də oxuyurdu, alim də, məmur da. O bu kitabı ilə təbiətə doğma münasibət bəsləmək istiqamətində ümumxalq hərəkatı yaratmışdı. Rayonlarda ezamiyyətdə olan zaman elə ki, bilirdilər biz Coğrafiya İnstitutundan gəlmişik, Həsən müəllimi soruşur, onun "Həyəcan təbili" kitabından danışır, öz yerlərində olan təbii problemləri ona çatdırmağı xahiş edərdilər. Ekspedisiyalarda olanda yerli əhali, təbiəti mühafizə və hakimiyyət orqanı işçiləri - hamı hansı institutdan gəldiyimizi biləndə bizə kömək göstərməyə çalışırdılar. Biz bilirdik ki, bütün bunlar Həsən müəllimin xalq arasındakı hörməti, nüfuzu və xeyirxahlığı ilə bağlıdır...

O, təbiəti cəmiyyətlə qarşılıqlı münasibətdə öyrənir, öyrədir, təbliğ edirdi.  Dərin fikirləri sadə dildə və yığcam şəkildə çatdırmağı yaxşı bacarırdı. Söhbətlərinin birində demişdi: "Bütün insan cəmiyyətininin, bitkiheyvanat aləminin həyatını təmin edən torpaq qatının qalınlığı cəmi bir metr hüdudundadır. Əgər bu bir metrlik torpaq qatı olmasa, nə bitkilər olar, nə heyvanat aləmi qidalanar, nə də insan yaşayar! Bu bir metrlik həyat qatının nə qədəri şəhərlər və digər yaşayış məntəqələri altında, nə qədəri yollar, sənaye obyektləri, su anbarları, hərbi poliqonlars. altında qalır? Nə qədəri insanın düşünülməmiş, neqativ fəaliyyəti səbəbindən səhralara, şoranlıqlara, çirkab göllərinə çevrilir? Bütün bunları nəzərə alsaq görərik ki, həyat qatı olan torpağın nə qədər böyük bir hissəsi canlılar üçün istifadəsizdir, sıradan çıxıb, itirilib və itirilməkdə davam edir. Bəs belə halda sürətlə artan insan cəmiyyətini hansı mühit, hansı torpaq yedirdəcək? Digər tərəfdən də torpaqda çalışan və çalışmaq istəyən az, yemək istəyən insan isə çox! Bax, budur təbiət və insan münasibətinin vacib məsələsi! Cəmiyyətə, məhz bu barədə dərindən düşünməyi bacaran, insanları ayılda bilən, alim və mütəxəssislər lazımdır. Müasir dünya qarşısında iki mühüm problem durur: Yer kürəsini nüvə müharibəsindən qorumaq;  Təbii ehtiyatları qorumaq və artırmaq. Təbiətin qorunması isə daha vacibdir. Çünki acından ölmək heç də nüvə partlayışından ölməkdən az əzablı deyildir..."

O vaxtlar biz cavanlar onun hər dediyi sözü, fikri tutmağa, yadda saxlamağa, dərinliyinə varmağa çalışırdıq...

Həsən müəllim Zəngəzur qəzasının Comərdli kəndində dünyaya göz açmışdı. Kəndin adı kimi özü də alicənab, nəcib, səxavətli şəxsiyyət kimi ömür sürdü, tanındı. Akademik Həsən Əliyev  belə bir insan idi.

 

 

Hüseyn MİRTƏQƏVİ,

"Azərbaycan Milli Ensiklopediyası"

 Elmi Mərkəzinin redaksiya müdiri

Azərbaycan.-2012.- 18 dekabr.- S.7.