«Cənubi Qafqaz. 1903-cü il» xəritəsi hazırlanmışdır

 

"Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşri haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi nəşr olunmuşdur.

Komitədən AzərTAc-a bildirilmişdir ki, Azərbaycan, ingilis və rus dillərində, ümumilikdə 75 min nüsxə xəritə hazırlanmışdır. Sərəncamda bildirilir ki, son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixicoğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların, xəritə və atlasların kütləvi informasiya vasitələrində yayılması halları artmışdır. Ölkə Prezidenti belə təxribatların qarşısını almaq və ölkəmiz haqqında düzgün məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə 1903-cü ildə Rusiyada tərtib edilmiş "Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda" xəritəsi əsasında hazırlanmış "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşr olunması ilə əlaqədar göstəriş vermişdir.

 

Azərbaycan.-2012.- 19 dekabr.- S.2.