Lənkəranda «İnformasiya əldə etmək haqqında» Azərbaycan

 Respublikası Qanununun izahı ilə bağlı regional KİV-nin

maarifləndirilməsi» layihəsi çərçivəsində konfrans keçirilmişdir

 

Dekabrın 18-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun izahı ilə bağlı regional KİV-nin maarifləndirilməsi" layihəsi çərçivəsində regional konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, NeftçalaSalyan rayonlarında buraxılan qəzet və jurnalların redaktorları, cənub bölgəsində fəaliyyət göstərən KİV-nin təmsilçiləri, Lənkəran rayonunun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri iştirak etmişlər.

Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirmişdir ki, Azərbaycan ikinci dəfə özünün müstəqilliyinə qovuşduqdan sonra həyatımızın bütün sahələrində uğurlar qazanılmışdır.

İnsan hüquq və azadlıqlarının qorunması daim dövlətimizin diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" müxtəlif dövlət qurumları, o cümlədən KİV qarşısında mühüm vəzifələr qoymuşdur.

Lənkəran rayonunda 4 qəzetin, 3 jurnalın və Cənub Televiziyasının fəaliyyət göstərdiyini vurğulayan T.Qaraşov rayonda KİV-nin azad, səmərəli fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd etmişdir ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 4.16 maddəsinin tələblərinə uyğun olaraq keçirilən regional konfransın məqsədi informasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirməni həyata keçirmək, informasiya almaq hüququnun səmərəliliyini təmin etməkdir.

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərdən biri olduğunu vurğulayan V.Səfərli KİV-nin inkişafına və fəaliyyətinin təkmilləşdirilməsinə dövlət dəstəyinin müasir dövrün tələblərindən birinə çevrildiyini diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildən fəaliyyət göstərir.

Jurnalistlərin peşəkarlığını artırmaq məqsədilə fond tərəfindən hər il müxtəlif mövzularda müsabiqələr keçirilir, qaliblərin hər birinə 1000 manat məbləğində mükafatlar verilir.

Bildirilmişdir ki, bu il keçirilən müsabiqənin nəticələrinə görə 100 nəfərə yaxın jurnalist mükafatlandırılacaqdır. Bunlardan 60 nəfəri fondun, digərləri isə Bakı şəhərinin Suraxanı və Binəqədi rayonları ilə fondun birgə keçirdiyi müsabiqənin qalibləridir.

Jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə dövlətimiz tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyini bildirən V.Səfərli Bakı şəhərində jurnalistlər üçün inşa edilən 17 mərtəbəli yaşayış binasının 2013-cü ildə, Milli Mətbuat Günündə istifadəyə verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.

Konfransda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov və Mətbuat Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışlarında "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın əsas prinsiplərindən, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun icrası istiqamətində dövlət qurumları, bələdiyyələr və jurnalistlər qarşısında duran vəzifələrdən danışmışlar.

Konfransda Müstəqil Elmi Praktik Hüquq Mərkəzinin direktoru, KİVDF-nin eksperti Aydın Kərimov "İnformasiya əldə etmək haqqında qanunvericilik və insan haqları" mövzusunda məruzə etmişdir.

Tədbirdə çıxış edən KİV təmsilçiləri mövzu ilə bağlı təkliflərini bildirmişlər. Toplantıda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 19 dekabr.- S.4.