ADİU-nun 5 tələbəsi Beynəlxalq Nobel Qardaşlıq

Fondunun təqaüdünü aldı

 

Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Nobel Qardaşlıq Fondunun (Nobel International Fraternity) 2012-ci il üzrə təqaüdünün builki qaliblərə təqdim olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edən universitetin rektoru, Milli Məclisin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev Beynəlxalq Nobel Qardaşlıq Fondunun təsisçisi Filip Nobelin Azərbaycanın böyük dostu olduğunu qeyd edib. Bu təqaüdün Cənubi Qafqazda artıq ikinci ildir ki, yeganə olaraq ADİU tələbələrinə təqdim olunması faktının universitet üçün çox mühüm göstərici olduğunu vurğulayan Şəmsəddin Hacıyev bunun tələbələr üçün ciddi motivasiya yaratdığını bildirib.

Daha sonra çıxış edən Beynəlxalq Nobel Mükafatları Mərkəzinin İdarə Heyətinin sədr müavini, tanınmış iqtisadçı, məşhur Nobellər ailəsinin nümayəndəsi və ADİU-nun fəxri doktoru Filip Nobel yenidən Bakıda və ADİU-da olmaqdan son dərəcə məmnunluğunu və bu il də təqaüd üçün ən layiqli tələbələrin seçildiyini qeyd edib.

Təqaüd verilən tələbələrin seçimi zamanı onların tədris göstəriciləri, universitetin və respublikanın təhsil və ictimai həyatında aktivliyi, tələbə elmi konfranslarında fəallığı, eləcə də bir neçə xarici dil bilmək, digər müvafiq təqaüdlərin qalibi olmaq, xüsusi istedada (idman, musiqi və s.) malik olmaq və digər göstəricilər əsas götürülüb. 2012-ci il ərzindəki nailiyyətləri nəzərə alınaraq bu il ADİU-nun beş tələbəsi - Mobil Məmmədov (Xüsusi İstedadlar Qrupu, Beynəlxalq İqtisadi Münasibətlər ixtisası, III kurs), Vədat Rzalı (Xüsusi İstedadlar Qrupu, Maliyyə ixtisası, III kurs), Cavidan Qasımlı (Beynəlxalq iqtisadi münasibətlər fakültəsi, II kurs), Fatimə Hüseynova (Ümumiqtisadiyyat fakültəsi, IV kurs) və Ceyhun Xalıqlı (Uçot-iqtisad fakültəsi, IV kurs) sözügedən təqaüdə layiq görülüblər.

Sonra Beynəlxalq Nobel Qardaşlıq Fondunun təqaüdünü təsdiq edən sertifikatpul mükafatı qalib tələbələrə təqdim olunub. İqtisadiyyat üzrə Nobel mükafatı laureatları və ADİU-nun fəxri doktorları Finn Kidland, Erik MaskinKristofer Pissarides tərəfindən qalib tələbələrə ünvanlanmış təbrik məktubları oxunub.

Rektor Şəmsəddin Hacıyev bütün qalibləri bir daha təbrik edib, onlara təhsil və elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayıb, Beynəlxalq Nobel Qardaşlıq Fonduna əməkdaşlığa görə təşəkkürünü bildirib.

 

 Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2012.- 19 dekabr.- S.5.