Məqsəd üçrəngli bayrağı zirvələrə daşımaqdır

 

2012-ci il "İdman ili"dir

 

 

Ulu öndər Heydər Əliyev hər sahəyə olduğu kimi, idmana da xüsusi diqqət yetirir, millətin gələcəyini sağlam həyat tərzində, xüsusən də gəncliyin fiziki-mənəvi sağlamlığında görürdü. Ümummilli liderin yeritdiyi uzaqgörən siyasət sayəsində ölkənin müxtəlif bölgələrində müasir tələblərə cavab verən çoxsaylı idman qurğuları inşa edildi, idman-sağlamlıq mərkəzləri yaradıldı, idman və bədən tərbiyəsinin kütləviləşdirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Çox keçmədi ki, Azərbaycan beynəlxalq olimpiya hərəkatının fəal iştirakçısı oldu, idman ölkəsi kimi beynəlxalq aləmdə tanındı.

Xalqın gələcəyinə hesablanmış bu siyasəti Prezident İlham Əliyev 2003-cü ilin oktyabrından bəri inamla davam etdirir. İdmana dövlət qayğısı ildən-ilə artır, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda mühüm işlər görülür. Ölkənin müxtəlif bölgələrində müasir olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdirbu indidavam edir. İdmançılarımızın beynəlxalq yarışlarda iştirakına geniş imkan yaradılır, onları yeni-yeni qələbələrə ruhlandırmaq üçün stimullaşdırıcı tədbirlər görülür.

İdman sahəsində qazanılan nailiyyətlər cəmiyyətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Gənclərlə yanaşı, veteran idmançılar da diqqət və qayğı ilə əhatə olunurlar. Veteranlar arasında dəfələrlə dünya və qitə miqyaslı turnirlərin mükafatçısı olmuş idmançılar var. Belə adlı-sanlı idmançılardan biriyunan-Roma güləşi üzrə idman ustası, veteran idmançılar arasında dünya çempionatının altıqat bürünc mükafatçısı Əlisahib Əlabbasovdur. O, hələ uşaq ikən Kürdəmir Rayon Təhsil Şöbəsinin nəzdində uşaq-gənclər idman məktəbinin yunan-Roma güləşi bölməsinə yazılmış, dəfələrlə yeniyetmə və gənclər arasında uşaq-gənclər idman məktəblərinin və kənd könüllü idman cəmiyyətlərinin ölkə birinciliklərinin qalibi olmuş, sonralar isə məşqlərini Bakıda, "Dinamo" İdman Cəmiyyətində davam etdirmişdir.  O, Bədən Tərbiyəsi və İdman Akademiyasını əla qiymətlərlə başa vurub təyinatla Kürdəmir peşə liseyinə göndərilir. O vaxt məktəbdə idmanla məşğul olmaq üçün, demək olar ki, heç bir şərait yox idi. 30 ildir bu liseydə fiziki tərbiyə rəhbəri işləyən Əlisahib müəllim deyir:

- Təəssüf ki, liseydə meydançaidman qurğuları yox idi. Direktor Oqtay Babayevin köməyi ilə qısa müddətdə idman meydançasını və fiziki hazırlıq qurğularını hazırlayıb uşaqların ixtiyarına verdik.

Əlisahib müəllim işlədiyi illər ərzində texniki peşə liseyində idmanın ayrı-ayrı növləri üzrə məktəbdaxili yarışlarda, zona çempionatlarında və peşə liseylərinin ölkə birinciliyində yüksək nailiyyətlər qazanmış, fəxri fərman və diplomlarla təltif olunmuşdur. On ildir ki, yunan-Roma güləşi üzrə veteran idmançılar arasında keçirilən dünya çempionatında ölkəmizi layiqincə təmsil edərək altı dəfə üçrəngli bayrağımızı zirvələrə qaldırmışdır. Tanınmış pəhləvan  növbəti beynəlxalq turnirdən yenicə qayıtmışdır: 

- Bu yaxınlarda Macarıstanda keçirilmiş veteranlar arasında növbəti dünya çempionatında ölkəmizi 7 idmançı təmsil edirdi: 3-ü sərbəst, 4-ü isə yunan-Roma güləşi üzrə. Qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycanın adına layiq yarışacaq, vətənə medallarla qayıdacağıq. Nəticədə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıq, üçrəngli bayrağımızı Macarıstanda üç dəfə ucaltdıq.

Hazırda Kürdəmir peşə liseyində fəaliyyətini davam etdirən veteran güləşçinin məqsədi sağlam, vətənpərvər gənclər yetişdirməkdir:

- Bu ilin oktyabrında futbol üzrə rayon birinciliyi keçirildi. Kürdəmir peşə liseyinin komandası turnirdə üçüncü yeri tutdu. Liseyimizin şagirdləri idmanın digər növlərində uğurla çıxış edir.

Əlisahib müəllimin özü isə digər veteran güləşçilərlə birlikdə gələn il veteran idmançılar arasında Bosniya Herseqovinada keçiriləcək növbəti dünya çempionatına hazırlaşır. Məqsəd yenə turnirdən vətənə medallarla dönmək, bayrağımızı ucaltmaqdır.

 

 Rəsmiyyə RZALI,

Azərbaycan.-2012.- 19 dekabr.- S.7.