«2013-2017-ci illərdə Azərbaycan Respublikasında

 rəsmi statistikanın inkişafı Dövlət Proqramı»nın

 təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq ölkədə statistik məlumatlarla təminatın daha da yaxşılaşdırılmasını, milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması işinin sürətləndirilməsini və dövlət statistika orqanlarının vahid informasiya sisteminin, o cümlədən "e-statistika"nın inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

1. "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, növbəti illərdə dövlət büdcəsinin layihələri tərtib edilərkən bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan vəsaitin ayrılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.   

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il

Azərbaycan.-2012.- 22 dekabr.- S.3.