Sumqayıtda, Bakının Zabrat, Hövsan qəsəbələrində, Gəncədə, Şəkidə, Şəmkirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binaları istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtdakı binanın

 açılış mərasimində iştirak etmişdir

 

 Dekabrın 24-də Sumqayıt şəhərində, eləcə də paytaxtın Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yeni yaşayış binaları istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtdakı binanın açılış mərasimində iştirak etmişlər.

Dövlət başçısı və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış oldular.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov əlillər və şəhid ailələri üçün inşa olunmuş binanın texniki göstəriciləri barədə dövlət başçısına və xanımına məlumat verdi. Bildirildi ki, 12 mərtəbəli 96 mənzilli yeni yaşayış binasında sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Qeyd edildi ki, bu gün yeni mənzillərlə yanaşı, Naxçıvan avtomobil zavodunun istehsalı olan 211 "Naz Lifan" markalı avtomobil də müharibə veteranlarına təqdim olunacaqdır.

Dövlət başçısı yeni binanın sakinləri ilə görüşdü.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli ƏLƏKBƏROV dedi:

- Cənab Prezident, bizim tədbirə xoş gəlmisiniz!

Ənənəvi olaraq, ən əziz gündə Siz Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, eyni zamanda, əlillərlə görüşürsünüz. Siz bu günbu ənənəyə sadiq qalmısınız.

Bu gün Azərbaycanın müxtəlif bölgələrində, müxtəlif şəhərlərində tikilmiş evlər təqdim olunacaqdır. Bu gün 411 mənzil Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, eyni zamanda, əlillərə təqdim olunacaqdır. Bundan əlavə, 224 avtomaşın veriləcəkdir. Ümumiyyətlə, bu gün 635 ailə sevinəcəkdir.

Bundan əlavə, Sizin burada iştirakınızdan, bütün sakinlər, bütün bu adamlar ikiqat-üçqat bayram sevinci keçirirlər. Ona görə biz çox şadıq, Sizə yenə də təşəkkür edirəm.

Sonra dövlət başçısı çıxış etdi.

 

Azərbaycan.-2012.- 25 dekabr.- S.1.