Moskvada Rusiya Azərbaycanlı Gənclər

 Birliyi Dünya Azərbaycanlılarının

 Həmrəylik Günü və Yeni il münasibətilə

 bayram tədbiri keçirmişdir

 

Dekabrın 23-də Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə bayram tədbiri keçirmişdir.

Gecəni RAGB-nin İdarə Heyətinin üzvü Emin Hacıyev açaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın adından Rusiyada yaşayan və təhsil alan bütün azərbaycanlı gəncləri Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, 1991-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i  dünyada yaşayan azərbaycanlıların birlik və həmrəylik günü elan olunmuşdur. O gündən Həmrəylik Günü dünyanın Azərbaycan diasporları üçün ən mühüm bayrama çevrilmişdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan xaricdə yaşayan soydaşlarımızın dəstəyini daimi hiss edir. Rusiyanın Azərbaycan diaspor təşkilatları da respublikamızın dostqonşu ölkədə layiqincə təmsil olunmasına çalışırlar.

E.Hacıyev RAGB-nin tarixindən danışaraq bildirmişdir ki, Rusiya ərazisində belə güclü təşkilatın yaradılması zamanın tələbi idi. Leyla xanım Əliyevanın gərgin əməyi sayəsində RAGB 4 ildə Azərbaycan gənclərinin təşkilatlanması sahəsində böyük işlər görmüşdür.

Azərbaycanın Rusiyadakı səfirliyinin diaspor və beynəlxalq hüquqi məsələlər üzrə müşaviri Aqşin Əliyev çıxış edərək bildirmişdir ki, bu gün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan dünyanın inkişaf edən dövlətləri sırasındadır. Ölkəmizin qazandığı uğurların təbliğ edilməsi, Vətənimizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsuliyyətinin bir hissəsi də xaricdə, o cümlədən Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin üzərinə düşür.

Tədbirdə Moskva ali məktəblərinin Azərbaycan klublarının, RAGB-nin regional bölmələrinin nümayəndələri çıxış etmişlər.

Gənclər Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik etmiş, dövlət başçısına cansağlığı və Vətənimizin rifahı naminə fəaliyyətində uğurlar arzulamışlar.

Sonra Rusiya Azərbaycanlı Gənclər Birliyinin əlaqələndiricisi Natiq Əliyev gecənin bədii hissəsini elan etmişdir. RAGB-nin yaradıcı kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər. Gənclərin ifasında Azərbaycan və Avropa rəqsləri nümayiş etdirilmişdir . Viktorina oyununda  "Baku" jurnalının piar-direktoru, "Nə? Harada? Nə vaxt?" intellektual oyunun iştirakçısı Rövşən Əsgərovun təqdim etdiyi suallar səslənmişdir. Viktorinanın qaliblərinə "Baku" jurnalının mükafatları təqdim edilmişdir. RAGB-nin Şən və Hazırcavablar Klubunun üzvlərinin məzəli səhnəcikləri hamıda xoş ovqat yaratmışdır.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2012.- 25 dekabr.- S.7.