Fermerlərlə mütəxəssislərin işgüzar əlaqəsi

 məhsuldarlığa müsbət təsir edir

 

Fermerlərə güzəştli kreditlərin ayrılması məhsul istehsalının artmasını şərtləndirməklə yanaşı, bu sahədə çalışanların yaşayış səviyyəsinin yaxşılaşmasına da kömək edir. Dövlətin dəstəyini yüksək qiymətləndirən Ağdaş rayonunun fermerləri də yaradılan şəraitin qarşılığında əzmlə çalışırlar.

Rayonda tərəvəzçiliyin inkişafına xüsusi diqqət yetirilir. Buranın iqlim şəraiti digər bölgələrə nisbətən tərəvəzin 25-30 gün faraş yetişməsinə, tərəvəz sahələrindən ildə iki dəfə (yazlıq və payızlıq kələm) məhsul götürməyə imkan verir. Rayonda istehsal olunan tərəvəz məhsullarına MDB ölkələrində də tələbat çoxdur. RİH başçısının aqrar məsələlər üzrə müavini Fərhad Əliyev söhbət zamanı dedi ki, 2012-ci ilin məhsulu üçün əkilmiş 4369 hektar tərəvəz sahəsindən 66012 ton məhsul yığılıb. Dənlik qarğıdalının, kartofun, bostan bitkilərinin göstəricisi də yüksək olub.

Ağdaşda meyvəçilik də əsas sahələrdən sayılır. Mövsüm ərzində 17600 tondan yuxarı meyvə tədarük edilib. Rayon fermerləri şənbə və bazar günləri ölkə paytaxtında keçirilən yarmarkalara ötən müddət ərzində keyfiyyətli və ucuz qiymətə müxtəlif kənd təsərrüfatı məhsulları çıxarıblar.

Özəl bölmədə ən sürətli inkişaf edən sahə heyvandarlıqdır. Hazırda Ağdaşda 77180 baş qaramal, 94455 baş davar saxlanılır. Ötən müddət ərzində ət istehsalı (diri çəkidə) 8431,9 ton, süd 30013,8 ton olub.

F.Əliyev əkin-səpin işlərindən danışarkən qeyd etdi ki, torpaq mülkiyyətçilərinə ilin əvvəlindən güzəştli qaydada 789091 ton gübrə satılıb. Taxılçılığa diqqət bu il də yetərincə artırılıb. 2012-ci ilin məhsulu üçün əkilmiş 15908 hektar taxıl sahəsindən 28107 ton buğda, 141452 ton arpa yığılıb. Hər hektara görə orta məhsuldarlıq müvafiq olaraq 26,7 və 26,3 sentner olub. Ümumilikdə 18485 hektar dənli və dənli-paxlalı bitki əkilən sahələrdən 42259 ton məhsul götürülüb.

Rayon toxum müfəttişliyi yüksək məhsuldar və reproduksiyalı toxumların artırılmasına, istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirir. Əkiləcək dənli, dənli-paxlalı, tərəvəz toxumları müfəttişliyin laboratoriyasında yoxlanılaraq əkinə yararlılığı barədə istehsalçılara məlumat verilir. İlboyu fəaliyyət göstərən laboratoriyada əkilməsi nəzərdə tutulan toxumlar analizdən keçirilir, keyfiyyətli və yüksək kondisiyalı toxum seçimi üçün lazımi kömək göstərilir.

Kənd təsərrüfatına yararlı olan torpaq sahələrinin hamısı suvarılan olduğundan ilin əvvəlindən suvarma şəbəkələrinin görəcəyi işlər dəqiq planlaşdırılır. Buna görə də əkinlərin suvarılmasında problem yaranmır. Pirəzə Mexaniki SuvarmaAğdaş Suvarma Sistemləri idarələri öz işlərinin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Ümumi işə müsbət təsir edən amillərdən biri də RİH-in aqrar şöbəsi ilə torpaq mülkiyyətçiləri və fermerlər arasında işgüzar əlaqə, qarşıya çıxan çətinliklərin operativ şəkildə birgə aradan qaldırılmasıdır.

 

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2012.- 27 dekabr.- S.7.