Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Azadlıq

 meydanında tikilən yeraltı avtomobil dayanacağında

 inşaat işlərinin gedişi ilə maraqlanmışdır

 

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Azadlıq meydanında tikilən yeraltı avtomobil dayanacağında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Dənizkənarı Milli Parkın yenidən qurulması və müasirləşdirilməsi paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının bu istirahət guşəsinə marağını artırmışdır. Burada keçirilən maraqlı tədbirləri izləmək və istirahət etmək üçün avtomobillərlə gələnlərin sayının artması bulvaryanı ərazilərdə tıxaclar və piyadalar üçün təhlükə yaradırdı. Bunları aradan qaldırmaq üçün paytaxtın Azadlıq meydanında yeraltı avtomobil dayanacağı inşa edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verdi.

Bildirildi ki, iki minə yaxın avtomobil üçün nəzərdə tutulan bu dayanacaq ikimərtəbəli olacaqdır. Avtomobil dayanacağını fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya quraşdırılmışdır. Burada yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qazlarının təmizlənməsini və havalandırmanı idarə edən qurğular ən yüksək standartlar səviyyəsində olacaqdır. Layihəyə əsasən, yeraltı dayanacağın 8 giriş-çıxışı olacaqdır ki, bunlardan ikisi avtomobillər, altısı isə piyadalar üçün nəzərdə tutulmuşdur. Dayanacaqda indiyədək 60 min kvadratmetr sahədə inşaat işləri həyata keçirilmişdir.

Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.

 

 AzərTAc

Azərbaycan.-2012.- 30 dekabr.- S.2.