Azərbaycan Avropa Şurası ilə səmərəli əməkdaşlıq edir

 

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de MoraJozef Debono Qrex fevralın 1-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın Avropa Şurası (AŞ) ilə səmərəli əməkdaşlıq etdiyi bildirilmiş, ölkəmizdə demokratiyanın gücləndirilməsi və insan hüquqlarının təşviqi, humanizm prinsiplərinin geniş tətbiqi, xüsusilə ölkə başçısı tərəfindən ötən ilin sonunda təsdiq olunmuş insan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramının əhəmiyyəti qeyd olunmuşdur. Məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə qazanılmış uğurlar qonaqların diqqətinə çatdırılmış, bu sahədə AŞ-nin və digər beynəlxalq təşkilatların fəal dəstəyi təqdir edilmişdir.

Ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyətinə toxunulmuş, Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və Avropa İttifaqı tərəfindən Azərbaycanda hakimlərin seçim prosedurunun müsbət model kimi qiymətləndirildiyi, bu təcrübənin digər dövlətlərə örnək kimi tövsiyə edildiyi vurğulanmışdır.

Söhbətdə həmçinin qanunvericilik, inzibati ədliyyə və s. məsələlər müzakirə olunmuş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 2 fevral.- S. 2.