Səbail rayonu ötən ili uğurlarla başa vurub

 

Dünən Səbail Rayon İcra Hakimiyyətində ötən il görülmüş işlərin yekununa və 2012-ci il üçün qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlər barədə məlumat verərək 2011-ci il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışdı. Qeyd etdi ki, 2011-ci ildə Səbail rayonunda nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklər baş verib. Ötən ilin yekunlarına görə sənaye müəssisələri üzrə 24 milyard 338,6 milyon  manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 19,9 faiz çox məhsul istehsal edilib. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 639,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 34 faiz çox xidmət göstərilmişdir.

Ötən il ərzində rayondakı rabitə müəssisələri tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 768  milyon manatlıq xidmət göstərilmişdir. İl ərzində əhaliyə 568,9 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz artaraq 489,5 milyon manata, pullu xidmətlərin həcmi isə 22,4 faiz artaraq 286,0 milyon manata çatmışdır. 2011-ci ildə Səbail rayonunda çalışan işçilərin sayı 89630 nəfər, orta aylıq əməkhaqqının məbləği 900,5 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə  6,7 faiz çoxdur.

2011-ci il ərzində rayonda 1881 daimi iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ilin noyabrından 2012-ci il yanvarın 1-dək 35084 iş yeri açılmışdır ki, bunlardan 34216-sı daimidir.

Bildirildi ki, ötən il icra hakimiyyətində beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir. Yeni Azərbaycan Partiyasının dəvəti ilə respublikamızda səfərdə olan Rumıniyanın Buxarest şəhərinin II sektorunun meri Nekulai Ontsanunun rəhbərlik etdiyi nümayəndə heyəti və Macarıstan Respublikasının Azərbaycandakı səfiri Colt Çudora Səbail Rayon İcra Hakimiyyətində olmuşdular.

İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və deputat Fuad Muradov çıxış edərək əldə olunan uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar.

Sonda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

 

 E.CƏFƏROV

 

Azərbaycan.- 2012.- 2 fevral.- S. 5.