Fransalı senatorlar azərbaycanlı qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşlar

 

Azərbaycanda səfərdə olan Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 7-də qaçqın və məcburi köçkünlər ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olmuşdur.

Qonaqlara məlumat verilmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkünlərin ailələri üçün yeni qəsəbələr salınmış, 100 mindən çox soydaşımız yeni evlərə köçürülmüş, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.

Yataqxanadakı şəraitlə maraqlanan qonaqlar Füzuli rayonundan olan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxmışlar.

Fransa Senatının nümayəndə heyəti Sabunçu rayonunun Ramana qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə də tanış olmuşdur.

Senatorlar qaçqın və məcburi köçkünlərin tezliklə doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını vurğulamış, Fransa ictimaiyyətinə onların vəziyyəti haqqında məlumat verəcəklərini demişlər.

 

 

Azərbaycan.- 2012.- 8 fevral.- S.6.