Cümhuriyyət dövrünün mətbuatı

 

Filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının yenicə çapdan çıxmış monoqrafiyası "Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)" adlanır. Yeni nəşrdə cümhuriyyət dövründə söz, mətbuat azadlığından, hökumətin mətbuata qayğısından, eləcə də mətbuatın cəmiyyətdəki rolundan, qəzetçilik işinin xüsusiyyətlərindən bəhs edilir.

Təqdirəlayiq haldır ki, son illər Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı barədə geniş araşdırmalar aparılır, onun öyrənilməsi ilə bağlı müxtəlif tədqiqatlar işıq üzü görür. Filologiya elmləri doktoru, professor Şamil Vəliyev yeni kitaba yazdığı ön sözdə bildirir: "Müəllif təkcə ictimai-siyasi yönümlü mətbuat orqanlarından yox, ədəbi-bədii, elmi-pedaqoji, habelə humanitar xarakterli nəşrləri də nəzərdən qaçırmayaraq dövrün mətbuat və ictimai-mədəni düşüncə mənzərəsi haqqında dolğun təsəvvür yaratmağa çalışıb. O, fikir və qənaətlərini irəli sürərkən konkret faktlara, zəngin arxiv sənədlərinə, dövri mətbuat nümunələrinə və özündən əvvəl bu məsələyə toxunan tədqiqatların elmi-nəzəri mülahizələrinə istinad edir".

Kitabda Xalq Cümhuriyyəti dövründə söz, mətbuat azadlığı uğrunda aparılan mübarizədən ətraflı söz açılır. Müəllif 1918-1920-ci illərə aid dövlət arxivində saxlanılan sənədlər üzərində elmi araşdırmalar apararaq bu qənaətə gəlir: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən qəzet və jurnalların tipologiyası rəngarəng olduğu kimi, mövzu dairəsi də geniş idi. Bu dövr jurnalistikanı məşğul edən problemlər içərisində siyasi məsələlər xüsusi yer tuturdu. Hətta o dərəcədə ki jurnalistikanın mühüm bir hissəsinin siyasiləşdiyini də söyləmək mümkündür".

Cəmiyyətin sosial-iqtisadi, mədəni durumuonun o dövr mətbuatda işıqlandırılması ilə əlaqədar araşdırmalar aparan müəllif satirik jurnalistikanın inkişaf etdiyini dolğun faktlarla əsaslandıraraq "Şeypur" və Zənbur" jurnalları haqqında oxucuda geniş təsəvvür yaradır. Eləcə də demokratik ideyaların təbliğində böyük əhəmiyyət daşımış "Açıq söz", "İstiqlal", "Azərbaycan", "Bəsirət", "İttihad", "Kaspi" qəzetləri, "Qurtuluş", "Əfkari-mütəəllimin", "Övraqi-nəfisə" jurnalları haqqında ətraflı məlumatlar verir. Xüsusilə də "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdəki fəaliyyəti ilə bağlı apardığı araşdırmalar zəngin təəssüratla nəticələnir: "Azərbaycan"ın nəşri milli mətbuatımızın tarixində əlamətdar bir hadisəyə çevrildi... Azərbaycan mətbuatı tarixində ilk rəsmi dövlət qəzeti olan "Azərbaycan" azad sözün, sərbəst düşüncənin carçısı kimi gənc, müstəqil dövlətimizin ideyalarını sədaqətlə təbliğ edərək qərəzsizliyi, obyektivliyi ilə digərlərinə nümunə oldu". Fərəhlidir ki, bu ənənə dövlət müstəqilliyimizin bərpasından sonra da ləyaqətlə davam edir.

Müəllifin dili aydın səlisdir. Tədqiqatçı kimi araşdırdığı hər bir mövzuya faktlara istinadən yanaşıb. Nəticədə cümhuriyyət dövrünün mətbuat problemlərini hərtərəfli şəkildə işıqlandırmağı bacarıb. Mətbuat tarixiylə bağlı bu yeni nəşrdən yalnız jurnalistika ilə maraqlanan insanlar deyil, müəllim tələbələr faydalana bilərlər.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.-8 fevral.- S.  7.